Banklar təsirsiz vəziyyətdədir

Nemət Əliyev: `Manatın bahalaşdığı görüntüsünü yaradan Mərkəzi Bankın bu davranışı növbəti devalvasiyanın yaxın günlərdə başvermə ehtimalını artırır`

“Qlobal iqtisadi böhran Azərbaycanın bank sistemini təsirsiz hala gətirəcək”. Bu barədə “Standard&Poor’s” beynəlxalq reytinq agentliyinin açıqladığı məlumatda deyilir. Bildirilir ki, baş verən proseslər bank sektorunun aktivlərinin keyfiyyətinə mənfi təsir göstərəcək.
 
Agentliyin analitikləri hesab edir ki, mövcud vəziyyət Azərbaycanla yanaşı, Rusiya, Qazaxıstan və Nigeriyada üçün də gözləniləndir (apa).
 
Maraqlıdır ki, Mərkəzi Bank və Neft Fondunun bu ilin yanvar ayında itkisi 1 milyarddan çox olsa da hökumət manatın məzənnəsinin tam nəzarət altında olduğunu bəyan edir. Hər gün keçirilən dollar hərraclarında isə mənzərə tam fərqlidir. Hərraca 200-300 milyon dolların çıxarılmasına rəğmən, bankların dollar alışı 10 faizi keçmir. Görünən odur ki, manatın məzənnəsinin sabit saxlanması üçün dövriyyədəki manat azaldılır. Amma bu, yaranan vəziyyətdən çıxış yolu sayıla bilməz. Bankların dollar hərraclarında iştirak edə bilməməsi məhz manat qıtlığı ilə bağlıdır.
 
MB-nin bazarın sabit olduğu ilə bağlı bəyanatları iki gün əvvəl dolların qiymətinin kəskin artması ilə puç oldu. Bir daha sübut olundu ki, hazırda dolların kursu MB-nin və bankların apardığı oyun nəticəsində aşağı düşür.
 
İqtisadçı Nemət Əliyev "Azadlıq"a bildirib ki, təxminən 12-13 gün müddətində manatın 1-2 faiz həcmində bahalaşması baş verdi. N.Əliyevin sözlərinə görə, bu bahalaşmanı bəzi KIV-lər yanlış qiymətləndirdi: “Doğrudanmı manat möhkəmlənir? Əgər ölkəyə dollar axını sürətlənərsə, valyuta ehtiyatlarının həcmi artmağa başlayarsa, daxili bazarlarda dollar maneəsiz və sərbəst şəkildə alına, satıla, dəyişdirilə bilərsə, o zaman milli valyutanın möhkəmlənməsindən danışmaq olar. Hələlik bu hallardan heç birinə rast gəlinmir. Əksinə, daxili bazarlarda dollar qıtlığı yaşanır, ölkəyə dollar axını zəifləyib, valyuta ehtiyatlarının həcmi nəinki hər ay, hətta hər gün azalır və bu proses davamlı xarakter alıb. Bu halda manatın möhkəmlənməsindən danışmaq çox yersizdir. Süni yolla aldadıcı görüntü yaradan Mərkəzi Bankın bu davranışı növbəti devalvasiyanın yaxın günlərdə başvermə ehtimalını daha da artırır. Neft qiymətlərinin sürətli enişi bu müddəti daha da qısaldır”.
 
N.Əliyevin sözlərinə görə, “Standard&Poor’s”un Azərbaycanla bağlı açıqlaması bir daha bank sisteminin hansı vəziyyətdə olduğunu göstərir. Baş verənlər təsdiq edir ki, Mərkəzi Bank Azərbaycan iqtisadiyyatının stimullaşdırılmasında rol ala bilmir: “Standard&Poor’s”un açıqlaması o anlama gəlir ki, Azərbaycanda bankların varlığı ilə yoxluğu bilinmir: “Azərbaycanın dövlət olaraq investisiya reytinqi də aşağı salınıb. Ölkənin eyni zamanda kredit reytinqləri də aşağıdır. Indi isə məlum olur ki, ölkənin bank sektorunun da vəziyyəti ürəkaçan deyil. Azərbaycanda xarici valyutaya ciddi ehtiyac olduğu bir dövrdə bu cür açıqlamaların meydana çıxması perspektiv baxımdan ölkəmiz üçün ziyanlıdır”.
 
N.Əliyev hesab edir ki, “Standard&Poor’s”un açıqlaması real vəziyyəti ifadə edir. “Hələ reytinq təşkilatı bankların vəziyyəti nisbətən yaxşı ifadə edib. Bu cür açıqlamaları beynəlxalq təşkilatlardan eşitməkdənsə, ölkədə real vəziyyətə fikir vermək gərəkdir. Hökumət reytinq təşkilatlarının açıqlamalarını gözləmədən iqtisadiyyatın gerçək vəziyyətini qəbul etməli və real nəticəsi olan tədbirlər almalıdı”, deyə N.Əliyev vurğuladı.

Google+ WhatsApp ok.ru