Binəqədidə yanan binaya görə tutulan sabiq məmur komaya düşüb

Binəqədidə yanan binaya görə tutulan sabiq məmur komaya düşüb

Ötən ilin mayında Binəqədidə çoxmərtəbəli binada 15 nəfərin ölümü ilə nəticələnmiş yanğınla əlaqədar həbs olunanlardan birinin vəziyyəti kəskin pisləşib.
 
İyunun 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə məhkəmə prosesində hakim Əfqan Hacıyev bu barədə məlumat verib.
Hakim bildirib ki, təqsirləndirilən şəxslərdən 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışmış Qəzənfər Novruzov Penitensiar Xidmətin Müalicə Müəssisəsində komaya düşüb.
 
Bu səbəbdən də məhkəmə prosesi iyunun 30-dək ertələnib.
 
Bu cinayət işi üzrə məhkəmə qarşısına 8 nəfər çıxarılıb –Miryusif Mahmudov, Ələkbər Əsgərov, Uğur Bəşirov, Qəzənfər Novruzov, Ədalət Rəcəbov, Nizami Orucov, Ağacavad Məmmədov və Akif Əlibəyov. Uğur Bəşirov «Global Stone» MMC-nin baş direktoru, Ələkbər Əsgərov «Global Construction» MMC-nin sədr müavini kimi təqdim olunub. Digər təqsirləndirilən Ədalət Rəcəbov 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin rəisi, daha sonra Binəqədi rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri işləyib. Nizami Orucov 72 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəisi olub. Ağacavad Məmmədov «Dərnəgül Boru» zavodunun polimlərin kimyəvi, fiziki-mexaniki xassələrin təyini laboratoriyasının rəhbəri, Akif Əlibəyov isə Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru olub.
 
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə - ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb. Maide.Az 

Google+ WhatsApp ok.ru