Cəmil Həsənlinin qızına qarşı məhkəmədə növbəti qanunsuzluq

Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günel Həsənlinin işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
 
Noyabrın 13-də Bakı Apellyasıya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyilə keçirilən iclasda bu barədə qərar verilib.
 
Bundan əvvəl isə Günel Həsənlinin vəkili Adil İsmayılov bu iş üzrə təkrar rəy vermiş ekspertə etiraz verib. Vəkil etirazını əsaslandırarkən bildirib ki, qanun eyni ekspertin bir iş üzrə təkrar rəy verməsini qadağan edir. Amma Günel Həsənlinin işi üzrə ibtidai istintaqda rəy vermiş Ceyhun Allahverdiyev apellyasiya instansiya məhkəməsində təyin olunmuş ekspertizada da rəy verib:
 
“Halbuki, onun əvvəlki rəyinin obyektivliyi və əsaslılığı şübhə doğurduğuna görə müdafiə tərəfi təkrar ekspertiza keçirilməsi barədə vəsatət qaldırmış və məhkəmə də onu təmin etmişdi. Hər iki rəydə rentgenin nəticəsinə istinad olunur, hanı o rentgen müayinəsi? İşin içində yoxdur. Ekspertə etirazı indi verməyimizə gəlincə, bizə əvvəlcədən onun kimliyi barədə məlumat verilməyib. Biz təkrar rəyi alandan sonra bildik ki, eyni adam verib”.
 
Qeyd edək ki, həm ibtidai istintaqda, həm də budəfəki rəydə iş üzrə zərərçəkmiş qismində tanınan 87 yaşlı Ədilə Səlimovanın az ağır xəsarət aldığı göstərilib.
 
Adil İsmayılov həmçinin bu ekspertiza rəyi verilərkən Cinayət-Prosessual Məcəllənin tələblərinin pozulduğunu bildirərək, onun sübutlar siyahısından çıxarılmasını istəyib.
 
Məhkəmə etirazı təmin etməyib. Rəyin sübutlar siyahısından çıxarılması barədə vəsatətə gəlincə, hakim bildirib ki, bu məsələyə yekunda müşavirə zamanı qiymət veriləcək.
 
Məhkəmə iclasında həmçinin Ədilə Səlimova barışıq ərizəsini təqdim edərək, Günel Həsənli barədə cinayət işinə xitam verilməsini istəyib: “Yaşlı adamam, qurban olum sizə, mənim xahişimi nəzərə alın…”
 
Bundan sonra hakim məhkəmə istintaqının yekunlaşmasını təklif edib. Vəkil isə bu vəziyyətdə istintaqın tamamlanmasına etirazını bildirib: “Bu iş bir rəyin üzərində qurulub. O rəy də obyektiv və əsaslı deyil. İstintaqı bu vəziyyətdə yekunlaşdırmaq qanunsuzdur”.
 
Vəkilin etirazına baxmayaraq, məhkəmə istintaqının yekunlaşmasına qərar verib. Ardınca çıxış edən dövlət ittihamçısı Günel Həsənlinin barəsində birinci instansiya məhkəməsinin çıxardığı hökmün qüvvədə saxlanılmasını istəyib.
 
Vəkil Adil İsmayılov isə çıxışa hazırlaşmaq üçün vaxt istədiyindən məhkəmə noyabrın 19-na qədər təxirə salınıb.

Google+ WhatsApp ok.ru