Daha dəhşətli böhran qabaqdadır

Xəbər verdiyimiz kimi “Fitch” beynəlxalq reytinq agentliyi post-devalvasiya dövründə Azərbaycan bank sektorunu dəyərləndirib. “Fitch”in verdiyi xəbərə görə, dünya bazarında neftin qiymətinin kəskin azalması nəticəsində baş verən manatın devalvasiyası Azərbaycan banklarına mənfi təsir edib və onların problemli kreditlərdən yaranan zərəri təmin etməsində çətinlik yaranıb. Agentlik bildirib ki, problemli kreditlərin həcminin daha da artacağı ehtimal edilir.
 
“Problemli kreditlərin həcmi artacaq”
 
“Fitch”in ekspertləri hesab edirlər ki, bank sektoru üzrə problemli kreditlərin (90 günü keçən) məcmu kreditlərdə xüsusi çəkisi 2015-ci ilin yekununda 9,5 faizə yüksəlib. Qeyd olunur ki, 2014-cü ilin sonunda bu göstərici 8,3 faiz olub.ÿ
 
Agentlik 2016-cı ildə Azərbaycanda 3,3 faiz iqtisadi geriləmə olacağını və nəticədə, bank aktivlərinin keyfiyyətinin pisləşəcəyini bildirib. Analitiklər 2015-ci ilin yekununda bank kreditlərinin 51 faizə yaxın hissəsinin xarici valyutada olması və hedc edilməməsi, problemli kreditlərin yalnız 15 faizinin yenidən restrukturizasiya olunması səbəbindən bank sektoru üzrə aktivlərin keyfiyyətinin aşağı səviyyədə olduğunu düşünürlər.
 
Ümumi monitorinq zamanı agentlik Azərbaycan banklarının kapitallaşmasının da zəiflədiyini bildirib. Bir çox kommersiya bankında kapitalın adekvatlıq əmsalı 2015-ci ildə 3-5 bənd azalıb. Kommersiya banklarının göstəricilərinin normativlərə uyğunlaşdırılması üçün Azərbaycan Mərkəzi Bankı (AMB) minimum kapital əmsalını 12 faizdən 10 faizə endirib.
 
Azərbaycanın ən böyük bank təşkilatı olan Azərbaycan Beynəlxalq Bankı(ABB) problemli kreditlərindən 3 mlrd. manatlıq hissənin transfert edilməsi nəticəsində məcmu kapital əmsalını 12 faiz ətrafında qoruyub saxlaya bilib. Buna baxmayaraq, “Fitch” ABB-nin daha 3 mlrd. manatdan artıq həcmdə təmin olunmayan problemli kreditlərinin olduğunu ehtimal edir. Agentlik 2016-cı ilin II rübündə Bankın kapitalına əlavə 500 mln. manat vəsaitin yatırılacağını proqnozlaşdırır.
 
Bank sektoru üçün bədbin proqnoz
 
“Fitch” bildirib ki, devalvasiya bankların 2015-ci ili zərərlə başa vurmasına səbəb olub və 2016-cı ildə də bank sektorunun gəlirlərinin problemli kreditlərdən yaranan zərəri örtməsinə sərf olunacağı proqnozlaşdırılır.
 
Dekabr 2015-ci il-yanvar 2016-cı ildə əhalinin bank depozitlərinin 10-15 faizini geri götürməsi müşahidə olunub. Yaranmış maliyyə likvidliyi problemini AMB və digər dövlət təşkilatları həll etməyə çalışır.
 
“Fitch”dən kredit reytinqi alan Azərbaycandakı 8 kommersiya bankından 7-si “neqativ” proqnoza sahibdir. ABB, “Paşa Bank” və “Accessbank”ın maliyyə dəstəyi aldığını bildirən agentlik, bu bankların reytinqindəki hər hansı dəyişikliyi Azərbaycanın suveren reytinqindəki dəyişikliklə əlaqələndirəcəyini bildirib.
 
“Ölkənin bütün iqtisadi göstəriciləri ağırlaşıb”
 
Iqtisadçı Nemət Əliyev hesab edir ki, nüfuzlu beynəlxalq təşkilatların Azərbaycanla bağlı verdiyi proqnozlar ciddiyə alınmalıdır. Belə təşkilatların sayının çox olmadığını deyən N.Əliyev bildirdi ki, bunlar “Standart and Poors”, “Moody”s və “Fitch” beynəlxalq reytinq agentliyidir: “Nəzərə almaq lazımdır ki, bu təşkilatların verdiyi açıqlamalar xarici investorlar üçün ciddi mənbə hesab olunur. Ona görə nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın gələcəyi ilə bağlı arzuolunmaz proqnozlar verirsə, bu əlbətdə ki, hökumət üçün ciddi siqnal olmalıdır. Bir müddət bundan əvvəl həmin reytinq təşkilatları Azərbaycanla bağlı xəbərdarlıqlar ediblər. Amma hökumət heç bir tədbir görməyiblər. Azərbaycanda nəyin baş verib-vermədiyini müəyyənləşdirməkdən ötrü həmin təşkilatlara da heç ehtiyac yoxdur. Çünki hər kəs nəyin, hansı məcrada inkişaf etdiyindən məlumatlıdır. Məlumdur ki, Azərbaycanda rüşvətxorluq, korrupsiya meydan sulayır, inhisarçılığın əlindən sahibkarlar cana yığılıb. Ölkədən investorlar qaçaq düşüb. Ölkəyə investisiya yatırmaq fikrində olan yoxdur”.
 
N.Əliyevin sözlərinə görə, ölkənin bütün iqtisadi göstəriciləri ağırlaşıb. N.Əliyevin fikrincə, hökumət anlamalıdır ki, əhali sosial ağırlıqla uzun müddət üz-üzə qala bilməz: “Bir gün sosial çətinliklərə dözməyən xalq ayağa qalxacaq. O an xalq kütlələrinin qarşısını almaq qeyri-mümkün olacaqdır. Ona görə uzun müddət ölkənin maliyyə vəsaitlərini xaricə daşıyıb, özlərinə komfort həyat tərzi quranlar bu gün xalqın taleyi haqqında düşünməlidir. Həmin vəsaitlər ölkəyə qayıtmalıdır. Ölkənin qeyri-neft sahələrinin, xidmət sektorunun inkişafı istiqamətində söz də yox, əməldə addımlar atılmalıdır”.
 
“Banklara zərbəni neftin ucuzlaşması deyil, devalvasiyası vurdu”
 
Iqtisadi Təşəbbüslərə Yardım IB-nin eksperti Samir Əliyev “Bizim Yol”a açıqlamasında bildiri ki, “Fitch”in açıqlaması Azərbaycan banklarının real vəziyyətini göstərir: “Bu fikirlər müstəqil ekspertlər tərəfindən dəfələrlə səslənib. Bu gün banklarla bağlı əsas məsələ problemli kreditlər və kapitalın pisləşməsidir. ”Fitch” reytinq agentliyi də bildirir ki, devalvasiya bankların kapitalizasiyasını zəiflədib. Onların belə bir vəziyyətə düşməsinin əsas səbəbi isə valyuta mövqeyinin düzgün idarə edilməməsi oldu. Bu gün bankların kredit portfelində dollar kreditləri yarıdan çoxdur. Eyni zamanda ilin əvvəlindən indiyədək 10-15 faiz depozit geri çəkilib. Bütün bunlar kredit təşkilatlarında narahatlıq yaradan məqamdır”.
 
S.Əliyev əlavə etdi ki, Beynəlxalq Bankın problemli kreditləri kifayət qədər böyük problemlər yaradır: “Beynəlxalq Bankın 3 milyardlıq problemli krediti dövlət vəsaiti hesabına sağlamlaşdırılaraq həll edildi. ”Fitch” yazır ki, bankın daha 3 milyard manatlıq problemli krediti qalıb. Onların sağlamlaşdırılması hələ ki, real görünmür.
 
Bank sektoru gələcəkdə də öz çətinliklərini yaşayacaq. Əsas problem isə, dediyimiz kimi kreditlərlə bağlıdır. Bu sektorun reytinqinin qaldırılması ilə bağlı addımlar görünmür. Əksinə, yaxın gələcəkdə reytinqlərin aşağı düşməsi təhlükəsi var”.
 
Ekspert deyir ki, ölkə bankları neftin qiyməti yüksək olanda, gəlirlərin çox olmasından istifadə edərək bahalı kreditlər verirdilər. Indisə neftin qiymətinin ucuzlaşması əhalinin gəlirlərini azaldıb və kreditlərin qaytarılmasında problemlər yaranıb: “Amma banklara zərbəni neftin ucuzlaşması deyil, devalvasiyası vurdu. Manatın kəskin devalvasiyası baş verməsəydi bankların kapitallaşması ilə bağlı çətinliklər meydana çıxmazdı.
 
Indi neft nisbətən bahalaşsa da, Azərbaycan iqtisadiyyatı üçün lazımi səviyyəyə gəlib çatmayıb. Hazırda “qara qızıl” 42-43 dollar ətrafında dəyişir. Neftin qiyməti bundan sonra bahalaşsa belə, banklar əvvəlki səviyyədə işləyə bilməyəcəklər. Devalvasiyadan aldığı zərbədən çıxmaq üçün xeyli zaman tələb olunacaq.ÿ
 
Eyni zamanda, dollar kreditləri ətrafında yaranmış problem nə qədər ki, həllini tapmayıb, banklar onları yığmaqda çətinlik çəkəcək. “Fitch” bildirir ki, dollarla olan kreditlərin qaytarılması yaxın gələcəkdə daha da dərinləşəcək. Çünki xarici valyutada kredit götürən vətəndaşların sosial vəziyyəti çətinləşib. Hökumət dəstək verməsə, həmin kreditlərin qaytarılması daha da çətinləşəcək”.(azadliq.info)
 

Google+ WhatsApp ok.ru