Deputat: “Məhkəmə qatil həkimi bağışlamamalıdır”

“Üzərində ölüm işi və sənəd saxtalaşdırılması faktı olan birinə qarşı heç bir güzəşt edilə bilməz”.  

Bu sözləri millət vəkili Fazil Mustafa həkim səhlənkarlığı üzündən dünyasını dəyişmiş BSU-nun dekanı, tənqidçi Elnarə Tofiqqızının (Niftəliyevanın) ölüm işi ilə bağlı Nəsimi Rayon Məhkəməsinin çıxardığı hökmü şərh edərkən deyib.   Millət vəkilinin fikrincə, əgər ortada sənəd saxtalaşdırılması kimi bir fakt varsa, həmin şəxslə bağlı məhkəmənin verdiyi qərarı ədalətli hesab etmək olmaz:  

“Çünki hər hansısa sənəd saxtalaşdırılması olan yerdə cinayəti törədən şəxsə qarşı heç bir güzəşt edilə bilməz. Bu baxımdan hesab edirəm ki, xüsusilə bu fakta görə hakim daha ədalətli qərar çıxarmalı idi. Təbii ki, ortada gənc bir ananın ölüm faktı olduğunu da unutmaq lazım deyil. Hətta Elnarə Tofiqqızı anestezioloqun ehtiyatsızlığının qurbanı olubsa belə, ölüm halı yaşanıb. Ən azından növbəti dəfə belə bir hadisənin yaşanmaması üçün cəza daha sərt olmalı idi. Həmin şəxsin hər hansısa formada vəzifəsində saxlanması, öz fəaliyyəti ilə hələ də məşğul olması təzadlıdır”.  

F.Mustafa qeyd edib ki, bu məsələdə zərərçəkən tərəfi qane edəcək şəkildə qərar qəbul etməli idi:  

“Düzdür, mən işin halları ilə tam tanış olmadığıma görə cəzalandırılan şəxsi qınamağım bir qədər qəbul edilməyə bilər. Lakin ortada ölüm faktı var. Bu bilərəkdən və ya ehtiyatsızlıqdan baş verməsindən asılı olmayaraq insan həyatı ilə bağlı məsələ olduğuna görə, məhkəmə bu məsələdə zərərçəkən tərəfi qane edəcək şəkildə qərar qəbul etməli idi. Düzü, mən məhkəmədən daha fərqli qərar olmasını gözləyərdim. Lakin məhkəmənin gəldiyi qənaətlərlə tanış olmadığıma görə qəti bir söz deməyə çətinlik çəkirəm.  

Fikrimcə, ölüm faktına görə cinayət məsuliyyətinə cəlb edilmiş bir şəxsin, tibb işçisinin fəaliyyətini davam etdirməsi şübhəli və olduqca təhlükəlidir. Təbii ki, cəzanın fərqli yoxdur. Şərti cəza kəsilsə də, bu da bir cəzadır. Ancaq fəaliyyəti əsnasında qeyri-qanuni bir işlə məşğul olub, sənəd saxtalaşdırıbsa və üstəlik üzərində ölüm faktı varsa onun işini davam etdirməsi yolverilməzdir. Hesab edirəm ki, son illər belə faktların təkrarlandığını nəzərə alaraq həmin şəxsin öz fəaliyyət növündən kənarlaşdırılmasını daha məqsədəuyğun olardı”.  

Qeyd edək ki, mərhum E.Tofiqqızı 2013-cü il sentyabrın 20-də "Medi Sina” klinikasında süd vəzi kanalının popilloması əməliyyatı zamanı həkim səhlənkarlığından dünyasını dəyişib.  

Nəsimi Rayon Məhkəməsində keçirilən prosesdə hakim Şəlalə Həsənova Cinayət Məcəlləsinin 124.1 (səhlənkarlıqdan ölümə səbəb olma) və 320.1 (məsuliyyətdən azad olunmaq üçün bilə-bilə sənədlərə saxta məlumatlar daxil etmə) maddələri ilə təqsiri sübuta yetirilən anestezioloq Firuz İbrahimova cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə, 2 il  cəza verib.  

Hazırda F.İbrahimov həkim fəaliyyətini davam etdirir və həbs edilməyib.   Zərərçəkən tərəf Nəsimi Rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti verib.

 

Google+ WhatsApp ok.ru