Deputat: Rusiya öz vətəndaşı Dilqəm Əsgərovu müdafiə etməlidir

Hər ölkə öz vətəndaşının hüquqlarını qorumağa borcludur. Bu həmin ölkələrin konstitusiyasında, o cümlədən Rusiyanın konstitusiyasında da göstərilib.
 
Bu sözləri millət vəkili Azay Quliyev oxu.az-a Ermənistanda həbs olunan azərbaycanlı, Rusiya vətəndaşı Dilqəm Əsgərovun məsələsini şərh edərkən deyib. 
 
Azay Quliyev hesab edir ki, Rusiya Prezidenti Vladimir Putindən tutmuş bütün aidiyyatı vəzifəli şəxslər öz vətəndaşlarının hüquqlarını müdaifə etməlidir. 
 
“Bir insanın hüquqlarının qorunmasında heç bir ayrı-seçkiliyə, xüsusilə də milli-etnik, dini mənsubiyyətə görə fərq qoyulmamalıdır.  Rusiya öz vətəndaşlarına qarşı ayrı-seçkilik edir. Altı aydan çoxdur ki, bizim azərbaycanlı soydaşımız, Rusiya vətəndaşı olan Dilqəm Əsgərov Ermənistanın girovluğundadır. Buna heç bir reaksiya verilmir. Normal ölkələrdə qarşı tərəfə ultimatum verilir, öz vətəndaşının azad edilməsi üçün hətta hərbi əməliyyatlar keçirilir,” deyə millət vəkili bildirib. 
 
Azay Quliyevin sözlərinə görə, bu məsələ açıq şəkildə qoyulmalıdr. 
 
“Baxmayaraq ki, dünən Rusiyanın xarici işlər naziri Sergey Lavrov məsələ ilə bağlı üstüörtülü fikir söylədi ki, bu məsələ ilə məşğul olacağıq. Lakin bu, sual qarşısında verilən cavab idi, mən bunu qənaətbəxş hesab etmirəm. Düşünürəm ki, Rusiya öz qanunları çərçivəsində məsələyə müdaxilə etməli və öz vətəndaşını girovluqdan azad etməlidir”, o əlavə edib. 
 
Xatırladaq ki, ötən ilin iyulunda Kəlbəcərdə erməni işğalçıları tərəfindən girov götürülən Dilqəm Əsgərov Rusiya vətəndaşıdır. Bir müddət əvvəl erməni separatçıları qondarma “məhkəmədə” Dilqəm Əsgərova ömürlük, onunla birlikdə girov götürülmüş Azərbaycan vətəndaşı Şahbaz Quliyevə isə 22 il həbs cəzası veriblər.

Google+ WhatsApp ok.ru