Direktorun müəllimi döyməsi araşdırılacaq

"Tovuz rayon İbrahimacılı kənd orta məktəbinin müəllimi Ülviyyə Süleymanovanın döyülməsi ilə bağlı rayon prokurorluğuna daxil olmuş müraciəti aidiyyəti üzrə araşdırılıb qanunamüvafiq qərar qəbul edilməsi üçün rayon Polis Şöbəsinə göndərilib". Maide.az-ın məlumatına görə, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib.
 
Təhsil Nazirliyinin Mətbuat Xidmətindən isə "Bizim Yol"a məsələylə bağlı araşdırma aparılacağı deyilib. 
 
Xatırladaq ki, Tovuz rayon İbrahimacılı kənd orta məktəbinin riyaziyyat müəllimi Ülviyyə Süleymanovanın verdiyi məlumata görə, o, direktor Sinayə Məmmədzadənin və onun qızı Aygün Quliyevanın fiziki zorakılığına məruz qalıb. "Hadisə oktyabrın 17-də baş verib. Direktorun dərs saatlarını pulla satmasına etiraz etdim, iki saat dərs üçün məndən 50 manat tələb edirdi" - deyən Ü.Süleymanova qeyd edir ki, mübahisə etdikdən sonra direktorun kabinetindən çıxarkən direktorun qızı A.Quliyeva onun boğazından tutaraq başını divara çırpıb. Səs-küyə otağından bayıra çıxan direktor da onun saçlarından yapışaraq sürüməyə başlayıb. Hadisə zamanı Ü.Əliyeva üz nahiyyəsindən xəsarətlər alıb. "Hadisə ilə bağlı Tovuz rayon Prokurorluğuna, icra hakimiyyətinə, təhsil şöbəsinə müraciət etdik. Prokurorluq bizi ekspertizaya göndərdi, ekspert aldığım xəsarətləri  müəyyən etsə də, rəyi ancaq prokurorluğa verəcəyini bildirdi. İcra hakimiyyəti və təhsil şöbəsi isə faktiki heç bir tədbir görmədi. Hazırda işlə bağlı Qovlar şəhər polis bölməsində araşdırma aparılır. 
 
Ü.Süleymanova təhsil naziri Mikayıl Cabbarova müraciət edərək hadisə ilə bağlı tədbir görülməsini xahiş edir.

Google+ WhatsApp ok.ru