Dünya xanımlarının borclu olduğu xanım Fatimə (s.ə) şəxsiyyəti

Vasif Məftullayev: “Xanım Zəhra (s.ə) qadının Allah yanında böyük dəyərlərə sahib olduğunu sübuta yetirdi”

Dünya müsəlmanları əziz İslam peyğəmbəri Həzrəti Məhəmmədin (s) yadigarı, dünya və axirət xanımlarının seyyidəsi Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadət günlərini yaşayır. Bu günlər İslam dünyasında  Əyyami-Fatimə (s.ə.) günləri kimi yad edilir. Dünyanın bütün yerlərində Peyğəmbərsevər insanlar İslamda qadının həqiqi rəmzi olan bu müqəddəs xanımın (s.ə.) məşəqqət dolu həyatını kədərlə yada salır.  Həzərtin (s.ə.) şəhadətinə səbəb olmuş amillərə görə kədərlənərək əzadarlıq keçirirlər.
 
Maide.az xəbər verir ki, İslamınSesi xanım Fatimeyi-Zəhra (s.ə) şəxsiyyətinin qadın dəyərlərinin yaşamasındakı rolunu araşdırıb. Dünya və axirət xanımlarının seyyidəsindən qadınların ala biləcəyi dərsin nədən ibarət olduğunu öyrənməyə çalışıb. Ünvanlanan sualları isə ilahiyyatçı alim Vasif Məftullayev cavablandırıb. İlahiyyatçı öncə xanım Fatimeyi-Zəhranın (s.ə) şəhadəti münasibəti ilə Əhli-Beytin bu günkü nümayəndəsi imam Zamana (ə. f) və bütövlükdə müsəlman dünyasına başsağlığı verib. Qadının Allah yanında nə kimi dəyərə sahib olduğunu bəşəriyyətə məhz xanım Fatimeyi-Zəhranın (s.ə) çatdırdığını deyib. Dünya və axirət xanımlarının seyyidəsinin qısa ömrü ərzində qadının Allah yanında hansı dəyərlərə sahib olmasını göstərdiyini vurğulayıb.
 
İlahiyyatçı qeyd edib ki, əgər xanım Fatimeyi-Zəhra (s.ə) şəxsiyyəti olmasa idi,  cahiliyyət içində itib-batan bəşəriyyət qadına hələ də kölə və şəhvani istəklərin ödənilməsində bir varlıq kimi baxardı. Məhz bu böyük şəxsiyyət bütün bəşəriyyətin qadına olan münasibətini və fikrini dəyişdi. Xanımın həyatda rolunun çox olduğunu nümayiş etdirdi.
 
Vasif Məftullayevin sözlərinə görə, xanım Zəhra (s.ə) qadının Allah yanında böyük dəyərlərə sahib olduğunu sübuta yetirdi: “Bəşəriyyət xanımlarına rəftar və davranışlarında mehriban ana obrazını təqdim etdi. Xanımın öz həyat yoldaşı ilə davranışının necə olmasını nümayiş etdirdi. Həyat yoldaşının xanımın üzərindəki haqqını və bu haqqın necə ödənməli olduğunu göstərdi. İctimai həyatda, İlahi dəyərlərin qorunmasında, imamətin müdafiəsində xanım Fatimeyi-Zəhra qadın olmasına baxmayaraq hətta kişilərə də örnək oldu”.

Google+ WhatsApp ok.ru