Emin Hüseynov mübhəmi davam edir

Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) sədri Emin Hüseynovun İsveçrənin xarici işlər naziri Didye Burkhalter tərəfindən ölkədən çıxarılmasının detalları barədə daha öncə məlumat vermişdik. Məlumatlara görə, E.Hüseynov 10 aydır gizləndiyi İsveçrə səfirliyinin binasını Azərbaycan və İsveçrə hakimiyyətləri arasında əldə edilmiş razılıq sayəsində tərk edib. Bu razılaşma Azərbaycan və İsveçrə arasında dostluq və tərəfdaşlıq münasibətləri çərçivəsində əldə edilib.

 
Bundan başqa, E.Hüseynov Azərbaycan dövləti qarşısında vergi borcunu tamamilə ödəyib (təxminən 160 min dollardan söhbət gedir). Həmçinin Azərbaycan prezidentinin sərəncamı ilə Emin Hüseynovun ölkə vətəndaşlığından çıxmasına dair müraciəti təmin olunub. Bununla birlikdə onun barəsində 2014-cü ilin avqustunda qəbul edilmiş həbs-qətimkan tədbiri ləğv edilib və E.Hüseynovun müalicə almaq üçün İsveçrəyə getməsinə icazə verilib.
 
E.Hüseynovla bağlı bu gözlənilməz gəlişmənin arxasındakı danışıqlar, səbəblər isə hələ ki məlum deyil. Müvafiq strukturlar tərəfindən E.Hüseynovun ölkədən çıxışı ilə bağlı rəsmi məlumatın yayılmaması da bu sual işarələrini artırır. 
 
Bu hadisəni təhlil edən “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev bildirdi ki, bu günə qədər heç vaxt İsveçrə səfirliyi ilə əlaqəsi olmayıb, E.Hüseynovun gedişindən isə media vasitəsilə xəbər tutub: “Bildiyimə görə, İsveçrə xarici işlər nazirinin təyyarəsi ilə gediblər. Bu hadisə kifayət qədər qapalı saxlanılıb. Ona görə də məndə bu barədə informasiya ancaq mətbuat vasitəsilə oxuduqlarımdır. Vergisini ödəyib-ödəməməsi barədə məlumatdan xəbərim yoxdur. Vətəndaşlıqdan çıxarılması isə inandırıcı deyil. Hesab edirəm ki, Azərbaycan hökuməti öhdəlik yerinə yetirib”.
 
M.Əliyev dedi ki, Davos sammiti zamanı İlham Əliyev İsveçrədə olanda da E.Hüseynov məsələsi müzakirə olunub. Müsahibimiz “hakimiyyətin bu güzəşti İsveçrənin Avropa Oyunlarına qatılmaqla bağlı irəli sürdüyü şərtin qarşılığında baş tutmuş ola bilərmi” sualına cavabda dedi ki, əslində dövlətlər arasında danışıqlar hər zaman aparılıb. Diplomatik kanallar isə bu danışıqlarda olduqca fəal olublar. M.Əliyev Avropa Oyunlarının bu danışıqlar zamanı hər hansı rol oynamadığını düşünür: “Guya İsveçrə iştirak etməsəydi, nə olardı ki? İsveçrənin olmaması nəyi dəyişərdi? Düşünmürəm ki, birbaşa bu məsələ ilə bağlı olsun. Bu hadisənin arxasında bizə görünməyən məqamlar olub çox güman ki...”
 
“Turan”ın direktoru hesab edir ki, E.Hüseynov bütün hallarda ən yuxarı instansiyanın razılığı alınandan sonra ölkəni tərk edib. Bəzi YAP-çı deputatların dediyi kimi, RATİ sədrinin gizlin şəkildə ölkəni tərk etməsi qeyri-mümkündür: “O, heç bir halda bu ölkədən qaça bilməzdi. Qaldığı səfirliyin əhatəsi tam nəzarətdə idi. Polis nəzarəti gücləndirilmişdi. Qaçmaq üçün təbii ki, aeroporta gəlmək lazım idi və sair. Bütün bunlar xırda detal kimi görünsə də, əslində əhəmiyyətlidir. Əgər hazırda dövlət orqanları danışmırsa, Siyavuş Novruzovun və ya qeyrisinin Emin Hüseynov barəsində ”ölkəni gizli tərk edib" deməsi heç bir əhəmiyyət kəsb etmir. Deputat yarırəsmi ictimai qurumdur. Bu prosesə birbaşa aidiyyəti olan dövlət qurumlarından heç kim danışmır. Bu da təbii ki, sualları artırır". 
 
“Dövlət özünü gücsüz göstərməmək üçün deputatların adından belə bir ictimai rəy formalaşdırmağa çalışır” sualına cavabda isə M.Əliyev dedi ki, ümumiyyətlə bu razılaşmanın nəyin əsasında olması bilinmir. Azərbaycan tərəfi bu barədə rəsmi açıqlama vermir, İsveçrə tərəfi isə ilk açıqlamanı Azərbaycan tərəfinin verməsini istəyir: “Anormal bir durumdur, dedi-qodular gedir. Amma dövlət orqanları səviyyəsində bir cavab yoxdur. Mən deyə bilmərəm ki, Emin Hüseynov İsveçrədə qalacaq, ya Amerikaya gedəcək, qərarı nədir... Ona bağlamaq lazım deyil ki, mütləq İsveçrə vətəndaşlığını almalıdır. Bu, hər bir şəxsin öz seçimi, hüququdur. İkincisi, vətəndaşlıq belə qısa müddətə verilmir. Öncə oturum verilir, sonra müəyyən vaxt keçir”.
 
Müsahibimiz hökumətin E.Hüseynovun ölkədən çıxarılması mövzusunda susqunluğuna da bir məna verə bilmir. M.Əliyev hesab edir ki, hökumət istəsə, bununla bağlı öz xeyrinə işləyəcək açıqlama ilə çıxış edə bilərdi: “”Bizim sülhməramlı addımımız olub" tipində bir açıqlama verə bilərdilər. Nəsə deyə bilərdilər. Amma eləmirlər. Bu da onu göstərir ki, imic xatirinə edilməyib və bundan sui-istifadə etməmələrinin səbəbi də maraqlıdır". 
 
M.Əliyev dedi ki, bir neçə il əvvəl “Azadlıq” qəzetinin əməkdaşı Aqil Xəlilin də ölkədən çıxarılması hadisəsi baş verib. Onun sözlərinə görə, A.Xəlildən fərqli olaraq E.Hüseynovun ölkədən çıxarılmasında hər hansı toqquşma olmayıb: “Görünür ki, vahid razılaşma və qərar olub. Tamam başqa vəziyyətdir. Amma bu olay bir daha göstərir ki, ölkədə azad söz və mediaya ciddi təzyiq var”. 
 
YAP-çı deputat Siyavuş Novruzovun daha öncə bu mövzudakı açıqlamasını yada salaq. S.Novruzov demişdi ki, E.Hüseynov Azərbaycandan gizli yolla aparılıb və bu, qanunsuzluqdur: “Emin Hüseynov Azərbaycandakı fəaliyyəti ilə bağlı qanun qarşısında cavab verməlidir. İsveçrənin Azərbaycandakı səfirliyi Emin Hüseynovu uzun müddət gizlətdi. Ona verilən 1 milyon 500 min manat qrantın 160 min manatı vergiyə ödənilməli idi. Vergidən yayınma ağır cinayət hesab olunur. Bu maliyyənin bir hissəsini onu verən təşkilat mənimsəyib, müəyyən hissəsi də təyinatdan kənar, başqa istiqamətlərə-dövlət əleyhinə işlərin aparılmasına, kütləvi ixtişaşlara insanların cəlb edilməsinə xərclənib”. 
 
“Yeni Müsavat” isə yenidən S.Novruzova müraciət edərək, onun anlaşma nəticəsində, vergi borcunu ödəyəndən sonra ölkədən çıxarılması xəbərindən sonra mövqeyinin dəyişib-dəyişmədiyini soruşdu. Müxbirimizə açıqlamasında deputat dedi ki,   E.Hüseynovun ölkədən gizlin şəkildə getdiyini deyib və bu fikrinin üstündə qalır: “Bu şəxs təyyarəyə minib, normal, adi qaydada getməyib ki... Onu xüsusi olaraq çıxarıblar. Açıq şəkildədir. Ola bilsin anlaşma var. Amma fakt budur ki, o ölkəni gizli şəkildə tərk edib. Vergisini də ödəyib gedə bilər. Bu da mümkündür”.
 
Müsahibimiz “bu cür açıqlama verməniz hökumətin bu məsələdə güzəştə getmədiyi mesajını vermək üçündürmü” sualına cavabda isə dedi: “Siz necə istəyirsinizsə, elə fikirləşin. Mənə maraqlı deyil”. 

Google+ WhatsApp ok.ru