Göyçayda hüquq müdafiəçisinin məhkəməsi təyin edilib, amma keçirilməyib

Bu gün Göyçay Rayon Məhkəməsində (Bakıdan 253 kilometr qərb) saat 11-də və 17-də fevralın 24-də saxlanan hüquq müdafiəçisi Taleh Xasməmmədovun məhkəməsi təyin edilsə də məhkəmə iclası keçirilməyib. Məhkəmə iclasının keçirilməməsinin səbəbi izah edilməyib. Bu barədə Turana  hazırda Göyçay Rayon Məhkəməsinin qarşısında olan hüquq müdafiəçisi Oqtay Gülalıyev bildirib.
 
Onun sözələrinə görə, Taleh Xasməmmədova qarşı Cinayət Məcəlləsinin 221.2 (xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb.
 
Hüquq müdafiəçisi Taleh Xasməmmədov fevralın 24-də saxlanılıb. Ailə üzvləri Amerikanın Səsinə bildirib ki, onun saxlanılmasına mebel mağazası önündə baş verən insident səbəb olub. Taleh mağazadan çıxdıqda naməlum şəxs ona yaxınlaşıb və üzünə tüpürüb.
 
Daha sonra bu şəxs yerə yıxılaraq, özünü elə aparıb ki, guya Xasməmmədov onu döyür. Polis gəldikdə şahidlər Xasməmmədovun təqsiri olmadığını təsdiq ediblər, lakin Xasməmmədov saxlanılıb.
 
Öz növbəsində, Daxili İşlər Nazirliyinin mətbuat xidməti bildirib ki, Xasməmmədov adam döyməklə hüquqazidd hərəkət edib.
 
“Taleh Xasməmmədovun saxlanması qabaqcadan təşkil olunub. Onunla bağlı insidentdən öncə hadisə yerində polislər olub. Hadisəni görən şahidləri istintaq qəbul etmir. Bizdə hadisə baş verən zaman çəkilmiş video var. Həmin videonu mediaya təqdim edəcəyik, ictimaiyyət hadisənin necə baş verməsi ilə tanış olacaq”, Güləliyevb bildirib.

Google+ WhatsApp ok.ru