Göyçaydakı aksiyaya görə bir nəfər həbs olunub

Göyçaydakı aksiyaya görə bir nəfər həbs olunub

Göyçayda keçirilmiş aksiyaya görə oktyabrın 17-də Göyçay rayon Məhkəməsi rayon sakini Çingiz Mayılova 20 sutkalıq həbs cəzası kəsib. Oğlu Sadiq Mayılov AzadlıqRadiosuna bildirib ki, atasına İnzibati Xətalar Məcəlləsinin 513-cü maddəsini (Toplantıların təşkili və keçirilməsi qaydasının pozulması) tətbiq ediblər.
 
«İTTİHAMLAR SAXTADIR»
 
Çingiz Mayılov sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Oğlunun deməsinə görə, atası nə polisdə, nə də məhkəmədə ittihamları qəbul etməyib: «Aksiyanın keçirildiyi yerdə bizim də obyektimiz var. Elə «İstanbul» mebel evinin arxasında «Sadiq Çingizoğlu moteli»ni nəzərdə tuturam. Aksiya obyektimizə yaxın olduğundan biz də başqaları kimi, istər-istəməz, iştirakçıya çevrilmişik. Ancaq kimisə ora çağırmaq, adamları toplamaq – atama qarşı bu ittihamlar saxtadır».
 
Sadiq Mayılov bildirib ki, hazırda atası Göyçay rayon Polis Şöbəsinin təcridxanasındadır, 20 sutka orada saxlanılacaq. Ailə ona vəkil tutub, məhkəmənin qərarından apellyasiya şikayəti hazırlanır.
 
AKSİYADAN FOTO VƏ VİDEO ÇƏKDİYİ SÖYLƏNİR
 
Aksiya iştirakçıları AzadlıqRadiosuna bildiriblər ki, Çingiz Mayılovun saxlanmasının əsl səbəbi aksiyadan video və fotolar çəkərək xəbər saytlarına ötürməsi olub.
 
Oktyabrın 15-də Göyçay sakinləri rayonda toplaşaraq yenicə təyin olunmuş Yol Polis rəisinə etirazlarını bildiriblər. Onlar həm keçmiş Yol Polisi əməkdaşı Füzuli Babayevin hüquqlarının yeni rəis tərəfindən pozulmasına, həm də ümumiyyətlə, yeni rəisin sürücülərlə davranışına etiraz etdiklərini bildirirdilər. Füzuli Babayev isə AzadlıqRadiosuna hüquqlarının pozulması ilə bağlı deyilənləri təkzib edib.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə APA-ya bildirib ki, yol hərəkəti qaydalarının pozulmasına görə inzibati qaydada cərimələnənlər olub. Rayonun yerli hüquq-mühafizə orqanlarının rəhbərləri ictimai diqqəti özlərinə cəlb etmək istəyən həmin şəxslərlə görüşüb, onları narahat edən məsələlərlə maraqlanıblar. Rayon rəhbərliyinin müvafiq izahatından sonra həmin əraziyə yığışmış şəxslər dağılışıb və məsələ bununla da bitib.(azadliq.org)

Google+ WhatsApp ok.ru