Gözəl Bayramlı: 'Bizi həbslə hədələdilər'

Gözəl Bayramlı: 'Bizi həbslə hədələdilər'

 
«Mənə dedilər ki, ilahiyyatçı Tale Bağırovu, Fuad Qəhrəmanlını müdafiə etmə».
 
Bunu AzadlıqRadiosuna oktyabrın 14-də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağrılan AXCP sədrinin müavini Gözəl Bayramlı deyib.
 
G.Bayramlının bildirməsinə görə, idarədə ona deyiblər ki, dövlət quruluşunun əleyhinə, dini ekstremizmi müdafiə edən statuslar paylaşır: «Mən də onlara bildirdim ki, biz dövlət quruluşunun yox, bu rejimin əleyhinəyik. AXCP həmişə dövlətin yanında olub».
 
G.Bayramlıya görə, idarədə ona deyiblər ki, artıq parlamentdə dini ekstremizmlə bağlı bir sıra qanunlar sərtləşdirilir. Həmin dəyişikliklər onları məsuliyyətə cəlb etməyə imkan verəcək: «Bir sözlə, bizi həbs etməklə hədələdilər. Mən də dedim ki, biz bu yolu tutmuşuqsa, hər şeyi göz önünə almışıq. Bizim fəaliyyətimiz sırf hüquq çərçivəsindədir».
 
Oqtay Gülalıyev
 
Oqtay Gülalıyev: 'İşarə etdilər ki...'
 
«Əsasən mediada «Nardaran hadisələri» ilə bağlı açıqladığım məsələlər ətrafında müzakirələr oldu».
 
Bunu AzadlıqRadiosuna oktyabrın 14-də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağrılan hüquq müdafiəçisi, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Oqtay Gülalıyev bildirib.
 
Onun deməsinə görə, idarə əməkdaşları siyahının mətbuatda açıqlanmasına, işgəncə olması haqda yazılanlara narazılıq ediblər.
 
O.Gülalıyev deyib ki, hətta işgəncə ilə bağlı yazdıqları idarənin nüfuz və imicinə zərbə kimi dəyərləndirilib: «Məndən tələb edilən o idi ki, ictimai-siyasi fəallığı dayandırım. Bunu özümə qarşı xəbərdarıq kimi dəyərləndirirəm. Həm də işarə etdilər ki, bu fəallığı dayandırmadığım halda, daha ciddi nəticələr ola bilər».
 
O.Gülalıyev oktyabrın 13-də «Siyasi Məhbuslarsız Azərbaycan» təşkilatının «Nardaran işi» ilə bağlı həbs edilən şəxslərin siyahısını paylaşıb.
 
Həmin sənəddə bildirilir ki, ötən il noyabrın 26-sı Nardaranda baş verən hadisələrlə bağlı ümumilikdə 200-dən çox şəxs saxlanıb. Onların bir hissəsi inzibati cəzalara məruz qalıb, 87 nəfər barəsində cinayət işi açılıb və onlar həbs olunublar. Sənəddə həbs edilənlərə ifadə almaqdan ötrü ağır işgəncələr verildiyi də bildirilirdi.
 
Üstəlik, həbs olunanların hamısı siyasi məhbus hesab edilirdi.

Google+ WhatsApp ok.ru