Həbs olunan ilahiyyatçı üçün vəkil tutulub

Ötən həftə MTN əməkdaşları tərəfindən saxlanılan ilahiyyatçı, “Təkamül” Tərcümə Mərkəzinin direktoru Ceyhun Cəfərov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. İlahiyyatçının yaxınları “Yeni Müsavat”a bildirib ki, məhkəmə qapalı keçirilib, yaxınlarının prosesdə iştirakına icazə verilməyib. 
 
Xatırladaq ki, ötən həftə ilahiyyatçının qardaşı Əlipaşa Cəfərov “Yeni Müsavat”a bildirmişdi ki, qardaşı ilə birlikdə bir neçə gün İranda müalicədə olub. Azərbaycana qayıdanda Ceyhun Cəfərova zəng edərək MTN-ə dəvət ediblər. Deyilən vaxtda nazirliyə gedən ilahiyyatçını saxlayıblar. Qardaşı deyir ki, hüquq-mühafizə orqanlarının təyin etdiyi vəkildən aldıqları məlumata görə, ilahiyyatçıya qarşı dövlətə xəyanət maddəsi (CM 274-ci maddəsi) ilə ittiham irəli sürülüb. O isə ittihamları rədd edib və günahsız olduğunu bildirib.
 
Ailəsi Hacı Ceyhunun günahsız olduğunu və bu həbsin anlaşılmazlıq ucbatından baş verdiyini düşünür. Artıq vəkil tutduqlarını və həftənin əvvəlindən vəkilin C.Cəfərovla görüş üçün müraciət edəcəyini qeyd edən qardaşının zaminə buraxılacağına inanır: “Bu işin anlaşılmazlıq olduğuna inanırıq. Bilirik ki, dövlətin təhlükəsizliyi üçün çalışan MTN bizi ümidsiz etməyəcək. Burada nəsə bir anlaşılmazlıq var. İnşallah, bu yaxınlara evə zamin əsasında buraxılar”.
 
Qeyd edək ki, ilahiyyatçı Ceyhun Cəfərov İslam Universitetində dərs deyib, “Space” telekanalında “Gecə söhbətləri” dini verilişində aparıcı olub, onlarla kitabın tərcüməçiliyini, redaktorluğunu edib. Bu nəşriyyat tərəfindən İslam dinində ən mükəmməl Quran təfsirlərindən olan “əl-Mizan” təfsiri tərcümə olunaraq nəşr olunub. Eyni zamanda C.Cəfərov Həcc ziyarəti zamanı QMİ tərəfindən zəvvar qruplarına rəhbərlik edib, ziyarətin təşkili və düzgün yerinə yetirilməsində zəvvarlara yardım edib.

Google+ WhatsApp ok.ru