''Həbsdə olan jurnalistin həyat yoldaşını deportasiya etmək istəyirlər''

''Həbsdə olan jurnalistin həyat yoldaşını deportasiya etmək istəyirlər''

 
Həbsdə olan jam.az saytının baş redaktoru Fikrət Fərəməzoğlunun həyat yoldaşını deportasiya etmək istəyirlər.
 
Bu barədə məlumatı hüquq müdafiəçisi Oktay Gülalıyev yayıb:
 
"Dostlar, gözümüzün qabağında həbsdə olan bir jurnalistin axırına çıxmaq istəyirlər. Bakıda əxlaqsızlıq yuvalarını himayə edən məmurlar haqqında yazdığı ifşaedici yazılarına görə ondan qisas alırlar. Ona divan tuturlar, işgəncə verirlər, özünə qəsd edəcək səviyyədə döyüb zülm edirlər".
 
Oktay Gülalıyev deyir ki, DİN Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində məruz qaldığı işgəncələri onunla görüşən həyat yoldaşı Faiqə Nosrəti və vəkili Elçin Sadıqov da təsdiq ediblər, ictimaiyyətə yayıblar. Ürəkləri bununla soyumur. Fikrət bəyin həyat yoldaşı Faiqə xanımı ölkədən deportasiya etmək istəyirlər. O, əslən Güney Azərbaycandandır. 2004- cü ildən Azərbaycanda yaşayır, rəsmi qeydiyyata düşüb. 2006- cı ildən Fikrət bəylə ailə həyatı qurub nigah bağlayıblar, 2 övladları var. Bu gün ona Miqrasiya İdarəsindən zəng edib sorğu sual ediblər. Harda yaşadığını, nə işlə məşğul olduğunu soruşublar. Şübhəli və narahatlıq doğuran suallar veriblər. Faiqə xanım bildirir ki, indiyə qədər adı çəkilən idarədən ona zəng olmayıb. Bütün bunlar ona təzyiq üçündür. Ona "banditizm"də bildiriblər ki, Fikrətlə bağlı məlumatları ictimailəşdirmə, ora- bura yazma. Yoxsa sənin üçün ağır olacaq. Hətta onu həbslə də təhdid ediblər. Faiqə xanım isə "ölərəm, Fikrətin müdafiəsindən geri çəkilmərəm" deyib".
 
Hüquq müdafiəçisi bildirir ki, həyat yoldaşını müdafiə etdiyinə görə bir insana təzyiq edilməsinə etiraz olunmalıdır:
 
"Onları həbslə, şantajla, ölkədən qovmaqla hədələyirlər. Təbii ki, bütün bunlar qanunsuzdur, pislənməlidir və etiraz olunmalıdır. Mən bir daha özünü müstəqil hesab edən media nümayəndələrinə səslənirəm. Bilin ki, mənim indiyə kimi Fikrət Fərəməzoğlu ilə əlaqəm, təmasım, münasibətim olmayıb. Bir dəfə olsun görüşüb salamlaşmamışıq. Bu gün o dardadır. Onu məhz yazılarına görə şərləyib, həbs ediblər. Bu hamımızın başına gələ bilər. Odur ki, sizləri qanunlar və qaydalar çərçivəsində öz həmkarınızı müdafiə etməyə çağırıram. Fikrət bəylə münasibəti olan onu keçmiş münasibətləri, olmayanlar isə insanlıq naminə müdafiə etməlidir. Bu ölkədə heç kim həbslərdən, təzyiqlərdən sığortalanmayıb". (meydantv) /

Google+ WhatsApp ok.ru