HƏZRƏT ƏBÜLFƏZL-ABBASIN (Ə) ŞƏHADƏTİ

HƏZRƏT ƏBÜLFƏZL-ABBASIN (Ə) ŞƏHADƏTİ

Ata-ana tərbiyəsi və ailə mühiti insan şəxsiyyətinin formalaşmasında mühüm rol oynayır. Həzrət Əbülfəzl (ə) də bu ümumi qanundan istisna deyildir. Ümmül-Bənin kimi ananın qucağında tərbiyələnmək, Əmirəlmöminin Əli (ə) kimi atadan əxlaqi-mənəvi xüsusiyyətləri öyrənmək, imam Həsən (ə), imam Hüseyn (ə), xanım Zeynəb (s.ə.) və Ümmü-Gülsüm (s.ə.) kimi bacı-qardaşlarla birlikdə boya-başa çatmaq Əbülfəzl (fəzilət atası) yox, Əbülfəzail (fəzilətlər atası) yaradır. Lakin o həzrətin uşaqlıq çağlarını və imamların onun barəsindəki qiymətli kəlamlarını araşdırarkən məlum olur ki, onun gözəl əxlaqı, biliyi, təqvası, ibadəti, mərifəti, şücaəti və fədakarlığı mühitdən doğan şəxsi qazanc deyildir. Bu səciyyələrin bir hissəsi o həzrətdə zatidir ki, atası imam Əlidən (ə) irs aparmışdır.

Həzrət Əbülfəzl (ə) “Aşura” günü dəfələrlə imam Hüseynin (ə) hüzuruna gəlib meydana getmək üçün icazə istədi. Lakin o həzrət igid və qorxmaz bir şəxs olması ilə yanaşı, haqq ordusunun şərəfli bayrağı onun əlində dalğalandığından, hər dəfə öz niyyətini bildirdikdə, imam Hüseyn (ə) icazə vermir, onu fikrindən daşındıraraq buyururdu: “Sən mənim bayraqdarımsan!...” Nəhayət, imam Hüseynin (ə) ətrafındakıların hamısı şəhadətə yetdikdən sonra həzrət Əbülfəzl (ə) uşaqların susuzluqdan çəkdikləri nalələri eşidib, imam Hüseynin (ə) də düşmənin ordusu qarşısında tək qaldığını gördükdə, səbir kasası doldu. Yenə İmamın (ə) hüzuruna gəlib meydana getmək üçün izn istədi. İmam (ə) ona izn verdi. “Məqtəl”lərdə yazılır ki, həzrət Əbülfəzl (ə) dəfələrlə müraciət edərək imam Hüseyndən (ə) mənfi cavab eşitdikdə dedi: “Artıq sinəm sıxılır, meydana getmək istəyirəm.” İmam (ə) onun şəhadət bağına pərvaz etmək istədiyini gördükdə, izn verib buyurdu:

“İndi ki, getmək istəyirsən, get, ancaq bir az su gətir!”

Həzrət Əbülfəzl (ə) su tuluğunu əlinə alıb, ata minərək Fərata sarı yollandı. Düşmən səflərini yarıb “Fərat”a daxil oldu. Tuluğu su ilə doldurdu. Özü də su içmək üçün ovcunu su ilə doldurub qurumuş dodaqlarına yaxınlaşdırdı. Lakin dərhal suyu boşaldıb, özünə müraciətlə belə dedi: “Ey nəfs, Hüseyn (ə) döyüş meydanına girdiyi halda, sən sərin su içirsən? And olsun Allaha! Mənim məsləkim mənə bu icazəni vermir!”

Həzrət çalışırdı ki, tez bir zamanda suyu susuzluqdan ciyərləri yanan, dodaqları quruyan uşaqlara çatdırsın. Dolu tuluqla çadırlara tərəf qayıdarkən, özünü düşmənin coşqun seli qarşısında görüb, bu rəcəzi oxumağa başladı: “Ölümün səsi qulağıma çatsa da, bədənim döyüş meydanında, qılınclar arasında gözdən itsə də, mən ölümdən qorxmuram. Mənim canım Mühəmməd-Mustafanın (s) pak övladına qurbandır...”

O həzrət suyu sonsuz məhəbbətlə çadırlara tərəf aparırdı. Bu zaman Nofəl əl-Əzrəq, başqa rəvayətə görə, Zeyd ibn Vərqa adlı bir düşmən xurma ağacının arxasında pusqu qurdu. O, Əbülfəzl-Abbasa hücum edərək, Həzrətin sağ qolunu kəsdi. O həzrət sağ əlini itirdikdə, öz əqidəsini iki beytdə belə bildirdi: “And olsun Allaha! Sağ qolumu kəsdiyinizə baxmayaraq, nə qədər ki, sağam, mən öz ayinimi, Peyğəmbərin (s) övladını, sədaqətli İmamımı və rəhbərimi müdafiə edəcəyəm.” Bəli, həzrət Əbülfəzl (ə) qolunun kəsilməsinə etina etmədən yoluna davam edirdi. Bu zaman Həkim ibn Tüfeyl adlı başqa bir düşmən pusqudan çıxaraq o həzrətin sol qolunu da kəsdi. Elə bu an düşmən oxları yağış tək hər tərəfdən o həzrətin üstünə axışdı. Ox Həzrətin sinəsinə dəydi. Bundan istifadə edən düşmən yaxından hücum edərək əmud zərbəsi ilə Həzrətin baş sümüyünü əzdi. Həzrət yerə yıxılıb ərz etdi: “Məndən sənə salam olsun, ey Əba-Əbdillah!”

İmam Hüseyn (ə) qardaşının səsini eşitcək, özünü ona yetirdi. Vəfalı qardaşının qana bələnmiş, parça-parça cəsədinin kənarında oturub kufəlilərə xitabən buyurdu: “Bu cinayətlə Allah rəhmətindən uzaq düşdünüz və özünüzü şiddətli oda atdınız...”

Bəli, imam Hüseyn (ə) millətin bədbəxtliyi üçün yanır, həzrət Əbülfəzl isə, özünü öz rəhbərinə, dinin şamına pərvanə hesab edir!

Rza Şükürlü (Maide.az)

Google+ WhatsApp ok.ru