Hökumətin məsuliyyətsizliyindən dəm qazı can almaqda davam edir

Eyyub Hüseynov: `Qanunlarda boşluq və məsuliyyətsizlik olan yerdə cinayətlərin baş verməsi təbiidir`

Nə qədər yazılıb-deyilib gündəmdə saxlanılsa da, dəm qazı problemi illərdir aktuallığını itirmir. Dəm qazından neçə-neçə insanın həyatını itirməsi halları yenə də davam edir.
 
Fəqət bu problemi birdəfəlik həll edən, heç olmasa, məsuliyyəti könüllü olaraq üzərinə götürən qurum da yoxdur. Əksər idarələr bu məsələni bir-birinin üzərinə atmaqla hədəfdən yayınma mövqeyini tuturlar. Məsuliyyətsizlik və insan həyatına laqeyd münasibət sərgiləyən qurumların fəaliyyətsizliyi ucbatından, dəm qazı ilin istənilən fəslində, əsasən də qışda can almaqda davam edir.
 
Azad Istehlakçılar Birliyinin sədri Eyyub Hüseynov "Azadlıq"a bildirib ki, problemin kökünü qanunvericilikdə axtarmağın tərəfdarıdır. Təşkilat rəhbəri qanunlarda boşluq və məsuliyyətsizlik olan yerdə cinayətlərin baş verməsini mütləq sayır: “Qaz təchizatçısıyla istehlakçı arasında bağlanan müqavilə şərtlərinə diqqət yetirmək lazımdır. Həmin müqavilə şərtlərinə baxsaq, görərik ki, təchizatçının heç bir məsuliyyəti yoxdur. Ikitərəfli bağlanan müqavilələrdə məsuliyyət yoxdursa, ortaya mütləq cinayət çıxacaq. Hadisə baş verəndə təchizatçının məsuliyyətə cəlb edilməsi faktı hələ qeydə alınmayıb. Həmişə istehlakçı günahkardır. Bunun da qlobal səbəbi odur ki, ölkədə istehlakçıların hüquqlarını qoruyan siyasət yoxdur. Istehlakçı siyasəti öndə olmalıdır ki, onların hüquqları da qorunsun”.
 
E.Hüseynov qazın keyfiyyəti məsələsinin bundan sonra gəldiyini bildirir. Təşkilat rəhbəri əhalini maarifləndirmək üçün bukletlər hazırladıqlarını, lakin bu məsələnin SOCAR-ın və digər imkanlı şirkətlərin marağında olmadığını deyir. Belə qurumların dəm qazı probleminə məsuliyyətli daşımadıqlarını deyən Eyyub Hüseynov “Azəriqaz”da dəyişikliklər gedəndə məsələnin həll olunacağına bəslənən ümidlərin puç olduğunu da vurğulayır: “Həmin quruma, iş başına daha professional və işgüzarların gətiriləcəyinə olan ümidlər boşa çıxdı. Qohum-əqrəbalarını yığıblar ora,  mütəxəssislər isə kənarda qalıb. Qeyd edilənlərin hamısı da sözügedən problemin illərdir həll olunmamasına gətirib çıxarıb”.

Google+ WhatsApp ok.ru