Hökumət əllərdəki pulları toplamaq istəyir

Nemət Əliyev: `İki devalvasiya qərarı ilə manata olan inamın zədələnməsi uçot dərəcəsinin artırılmasını mənasız edir`

Samir Əliyev: «Uçot dərəcəsinin qaldırılması kreditləri bahalaşdıracaq»
 
Dünən Mərkəzi Bank uçot dərəcəsinin 3%-dən 5%-ə qaldırıldığını açıqladı. Hesab olunur ki, faizin artırılması kreditlərin bahalaşmasına səbəb olacaq.
 
Eyni zamanda bu addım iki devalvasiyadan sonra nüfuzunu itirmiş manatın bərpası üçün atılıb. Amma o da nəzərə alınmalıdır ki, bu heç də asan deyil. Çünki ötən müddət ərzində vətəndaşlar MB-nin qəbul etdiyi qərarlar üzündən ciddi ziyan çəkiblər. Manatın dəyərinin ölməsi fevralın 21-dən öncə bankda 30 min dollara qədər əmanəti olanların 11 min dollar itki verməsinə səbəb olub. Səbəb Əmanətlərin Sığortalanması Fondunun yalnız 30 min manat əmanəti sığortalamasıyla bağlıdır. Hazırda 30 min manat təxminən 19 min dollar edir.
 
Bəs keçən ilin fevralından bu günə kimi baş verənlər nəzərə alınarsa əhali MB-nin bu qərarına necə reaksiya verəcək?
 
İqtisdçı Nemət Əliyev "Azadlıq"a bildirb ki, ölkə iqtisadiyyatının ucuz kredit resursları ilə təmin olunmasına böyük zərurət varkən MB yenə də tərsinə qərar qəbul edib. Çünki bu qərar kredit faizlərini artıracaq: “Əhaliyə, sahibkarlara təklif edilən kreditləri bir az da bahalaşdırıb. Bəs bu günə qədər tətbiq olunan bank faizlərinin altından hələ də çıxa bilməyən əhali nisbətən yüksək faizlərlə alacağı borcun altından çıxa bilərmi? Gəlirlərin kəskin şəkildə azaldığı, maaşların cüzi şəkildə artdığı bir dövrdə bunu təsəvvür etmək çox çətindir. Yaxud da uçot dərəcəsinin 3%-dən 5%-ə qədər yüksəldilməsi bankları manatla kredit verməyə həvəsləndirə bilərmi? Manata inamın öldüyü bir zamanda bankların belə fəaliyyətə maraq göstərəcəyinə inanmaq da çox müşküldür. Əhalini ağır durumu göz önündədir. Müəssisə və təşkilatlar iri gəlirlərdən məhrum olublar”.
 
N.Əliyevin sözlərinə görə, istehsal sahələrində böyük geriləmələr var. Hazırkı durumda qeyri-neft sektorunun inkişaf etdirilməsinə böyük ehtiyacın olduğunu deyən N.Əliyev bildirdi ki, belə bir dövrdə iqtisadiyyatın ucuz kredit resurslarına ehtiyac var: “Yüksək inflyasiya şəraitində uçot dərəcəsinin qldırılmasını bəlkə də başa düşmək olardı. Ancaq Mərkəzi Bank onu unudub ki, ölkədə yüksək inflyasiya dərəcəsi mövcud olsa da ölkədə normal iqtisadi mühit yoxdur. Hər şey tərsinə inkişaf edir. Ölkə ağır duruma sürüklənir. Mərkəzi Bank mövcud şəraiti düzgün qiymətləndirməli idi. Mərkəzi qərarın bu qərarı çox yanlışdır”.
 
N.Əliyevin fikrincə, MB əgər düşünürsə ki, bu qərar ilə banklara əmanət qoyluşu artacaq və bununla da bank sektoru düşdüyü böhrandan çıxacaq, bu da yanlış yanaşmadır. “Hazırda bu məntiq yerinə düşmür. Çünki Mərkəzi Bank iki kobud devalvasiya qərarı ilə manata olan inamı ciddi formada zədələyib. Ona görə uçot dərəcəsinin yüksəldilməsinin bankların manatla olan kreditlərə maraq göstərəcəyini düşünmək yersizdir. Doğurdanmı, banklar 2-3 faiz artıq olsa belə manatla kredit verməyə maraqlı olacaq? Inanmaq çox çətindir. Mərkəzi Bankın bu qərarının nə məntiqi əsası var, nə də ciddi effekt verəcəyini gözləmək olar. Yanlış qərardır. Bu qərar dərhal geri oxunmalıdır”, deyə N.Əliyev vurğuladı.
 
İqtisadçı Samir Əliyevin sözlərinə görə, milli valyutaların devalvasiyasından sonra inflyasiya təzyiqlərini azaltmaq üçün bir qayda olaraq Mərkəzi banklar uçot dərəcəsini qaldırır. Bu baxımdan MB-nin uçot dərəcəsini 3%-dən 5%-ə qaldırması gözlənilən idi: “Əslində Mərkəzi Bankın bu qərarı bir qədər gecikib. Çünki Mərkəzi Bankın siyasəti pul kütləsini azaltmaq olub və inflyasiyaya qarşı belə mübarizə aparıb. Mərkəzi Bankın bu addımı inflyasiyanı cilovlamaqdır və manat aktivlərinin gəlirliyini artırmaqdır. Belə ehtimal etmək olar ki, bankları təmin etmək üçün Mərkəzi Bank yaxın dövrlərdə manat kütləsini artırmaq niyyətindədir. Bu addım kreditləri bahalaşdıracaq və iqtisadi aktivliyi məhdudlaşdlracaq. Görünür, monetar siyasət iqtisadi aktivliyi artırmaqdan çox qiymətlərin artımının qarşısını almaq üzərində qurulub. Bunu manata güvənliyi artırmaq siyasətinin tərkibi hissəsi də adlandırmaq olar”.

Google+ WhatsApp ok.ru