Jurnalist Elçin Həsənov ölkədən buraxılmayıb

Sumqayıtda çıxan “Yüksəliş naminə” qəzetinin redaktor müavini Elçin Həsənov Gürcüstan sərhədini keçərkən ölkədən buraxılmayıb.
 
Həsənov qəzetin redaktoru Elçin Məmmədli ilə birlikdə daha sonra Strasburqa səfər etmək məqsədilə Tbilisiyə gedirmişlər.
 
Məmmədli buraxılıb, Həsənov isə saxlanılıb. Sərhəd xidmətçiləri qadağanın aprelin 8-də DİN-in Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsi tərəfindən qoyulduğunu deyiblər.
 
Həsənovun özünün Turan agentliyinə verdiyi məlumata görə, aprelin 6-da o, bu idarəyə çağırılıb və Cəfərov soyadlı bir şəxsin şikayəti ilə ona qarşı xuliqanlıq ittihamı ilə cinayət işi açıldığı bildirilib. Bu, “Asiya” agentliyinin rəhbəridir, Həsənlinin onu döydüyünü iddia edir. Maraqlıdır ki, Cəfərov özü həbsdədir.
 
Sərhədçilər Həsənlini Qazax rayon polisinə təhvil veriblər, burada ondan aprelin 21-də MCMBİ-yə getməli olduğu haqqında iltizam alıblar.
 
Həsənov AXCP Ali Məclisinin üzvüdür. “Yüksəliş naminə” qəzeti 2005-ci ildən çıxır, lakin 2014-cü ilin ortalarında xarici donorların qrantlarının dondurulması ilə əlaqədar qəzetin nəşri dayandırılıb. İndi qəzetin internet versiyası fəaliyyət göstərir. 

Google+ WhatsApp ok.ru