Jurnalistin ölümüylə bağlı məhkəmədə qalmaqal düşüb

Vəkil Fariz Namazlı AzadlıqRadiosuna bildirib ki, məhkəmə zalında sakitlik yaratmaq üçün zala bibər qazı buraxılıb.
 
Təqsirləndirilənlərin yaxınları də bunu təsdiqləyib. Ancaq hələlik məhkəmədən münasibət almaq mümkün olmayıb.
 
+++
 
Jurnalist Rasim Əliyevin döyülərək öldürülməsi ilə bağlı məhkəmə prosesində qalmaqal yaranıb. Buna səbəb isə Eldar İsmayılovun sədrlik etdiyi hakimlər kollegiyasının jurnalistin döyüləndən sonra müraciət etdiyi 1 saylı Kliniki Tibbi Mərkəzin həkimlərini məhkəmə prosesinə cəlb etmək istəməməsi olub.
 
ŞAHİDLƏRİN DİNDİRİLMƏSİ BAŞA ÇATIB
 
Fevralın 2-də keçirilən məhkəmə iclasında əvvəlcə 4 nəfər - Anar Muxtarov, Pərviz Qabilzadə, Asim Səmədov və Elnur Süleymanov şahid qismində dindirilib.
 
Məlum olub ki, iş üzrə ittiham tərəfinin şahidlərinin dindirilməsi başa çatıb. Bundan sonra zərərçəkmişin nümayəndəsi Fariz Namazlı Rasim Əliyevin hadisədən sonra xəstəxanada olduğu müddətdə onun müayinə və müalicəsi ilə məşğul olmuş tibb işçilərinin məhkəmədə əlavə şahid qismində dindirilməsi haqda vəsatət qaldırıb.
 
Zərərçəkmiş tərəflə yanaşı, təqsirləndirilən şəxslər və onların vəkilləri də vəsatəti müdafiə edib. Onlar bildiriblər ki, jurnalistin ölümündə həkimlərin də məsuliyyəti var və onlar prosesə cəlb olunub dindirilməlidir.
 
«25 İLDİR BU DÖVLƏTƏ XİDMƏT EDİRƏM»
 
Lakin məhkəmə vəsatəti təmin etməyib. Bundan sonra məhkəmə zalında səs-küy düşüb, təqsirləndirilən şəxslər və onların valideynləri hakimlərin işə qərəzli baxdığını bildirərək onlara etiraz ediblər.
 
«25 ildir ki, bu dövlətə xidmət edirəm, YAP-ın üzvüyəm, belə biabırçılıq olar? Belə məhkəmə olar?», - deyə təqsirləndirilən şəxslərdən birinin yaxınları məhkəmənin həkimləri məsuliyyətə cəlb etmək istəməməsinə etirazını bildirib.
 
Daha sonra onlar etirazlarını Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında da davam etdiriblər. Sonra etirazlarını bildirmək üçün Prezident Administrasiyasının qarşısına yollanıblar.
 
Jurnalist Rasim Əliyev Facebook-da futbolçu Cavid Hüseynov barədə şərh yazandan sonra, avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb və avqustun 9-da səhərə yaxın xəstəxanada dünyasını dəyişib. Bununla əlaqədar altı nəfər həbs olunub. 5 nəfər CM-nin 126.3-cü (qəsdən sağlamlığa ağır xəsarət yetirmə ölümə səbəb olduqda) maddəsi ilə ittiham olunub. Cavid Hüseynov isə yalnız CM-nin 307.1 (ağır cinayətin hazırlanması və ya törədilməsini bilib xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir.

Google+ WhatsApp ok.ru