Kərbəla caniləri - Mərvan ibn Həkəm ibn As

Kərbəla caniləri - Mərvan ibn Həkəm ibn As

Tarixdə göstərildiyi kimi, Kərbəla faciəsinin yaranmasında əsas rol oynayan şəxslərdən biri də Mərvan ibn Həkəm ibn Asdır.

Mərvan ibn Həkəm “Aşura” faciəsində iştirak etməsə də, Peyğəmbərin (ə) Əhli-beytinin (ə) müstəqim qətlində rol oynamasa da, Yeziddən sonra İmam Hüseynin (ə) qətlə yetirilməsini ortaya atan və onu Mədinə hakiminə o Həzrətlə görüşdüyü gecə təklif verən ilk şəxs olmuşdur.

Mərvan ibn Həkəm hicrətdən iki il sonra dünyaya gəlmişdir. Atası Həkəm ibn Əbülas (və yaxud Əbu Həkəm) zahirdə iman gətirib müsəlmanlar sırasına qoşulsa da, həmişə Peyğəmbəri (s) incidir, o Həzrətə qarşı dərin kin bəsləyir, istehza məqsədilə o Həzrət kimi danışıb yeriyir, o Həzrətin sirlərini, şəxsi və ailəvi xüsusiyyətlərini faş etmək üçün evinin qapısı arxasında gizlənib sözlərinə qulaq asır, Peyğəmbərin (s) nifrətini qazanırdı. Peyğəmbər (s) onu oğlu Mərvanla birlikdə Taifə sürgün etdi. (“Usdul-ğabə fi mərifətis-səhabə”, İbn Əsir, təhqiq: Məhəmməd İbrahim Bəna, c.2, səh.37.)

İbn Əsir bu barədə yazır:

“Şübhəsiz ki, əziz İslam Peyğəmbəri (s) o qədər helm və səbri ilə belə, Həkəm və oğlu Mərvanı sürgün etməyi istəmirdi. Amma ağır bir hadisə o Həzrəti bu işə vadar etdi. Onlar Peyğəmbərin (s) həyatının sonuna qədər sürgündə yaşadılar. Əbu Bəkr hakimiyyətə çatdıqda, ona Həkəmin Mədinəyə qayıtması üçün təklif verildikdə, Əbu Bəkr dedi: “Peyğəmbərin (ə) əli ilə bağlanan düyünü heç vaxt açmaram.” Ömər də hakimiyyəti dövründə onun Mədinəyə qayıtmasına icazə vermədi. Osmanın vaxtında isə Mədinəyə qayıtdı.” (“Usdul-ğabə fi mərifətis-səhabə”, c.2, səh.37-38.)

Həkəm ibn As nəinki Peyğəmbərin (s) nifrət bəslədiyi və sürgün etdiyi bir şəxs idi, hətta o Həzrət daim öz ümmətinə onun barəsində xəbərdarlıq edir və müsəlmanları onun təhlükələrindən qorxudurdi. Cübeyr ibn Mütəm nəql edir ki, bir gün Peyğəmbərlə (s) birgə idik. Həkəm ibn As yoldan keçirdi. Peyğəmbər (s) onu görcək dedi: “Vay olsun ümmətimə onun nütfəsində olan şəxsdən.” (“Usdul-ğabə fi mərifətis-səhabə”, c.2, səh.37-38.)

Həkəm ibn As, Osmanın hakimiyyəti dövründə vəfat etdi və övladları, o cümlədən, Peyğəmbərin (s) nifrət bəslədiyi və sürgün etdiyi oğlu Mərvan ibn Həkəm həm sürgündən azad edildi, həm də Əməvilər siyasəti sayəsində xilafət sarayına daxil olmaq üçün bir yol tapdı və nəhayət, xəlifə Osmanın xüsusi müşaviri və katibi vəzifəsinə seçildi.

İmam Əli (ə) Mərvanı Mədinədə gördükdən sonra öz nigarançılığını gizlədə bilmədi və müsəlmanlara onun hiylələrindən xəbərdarlıq edərək buyurdu: “Vay olsun sənə! Sənə və övladlarına görə vay olsun Muhəmmədin (s) ümmətinə!” (“Usdul-ğabə fi mərifətis-səhabə”, c.5, səh.145.)

Mərvan ibn Həkəm mənfur siyasəti və məsləhətləri ilə Əməvilərin müsəlmanlara zülmü geniş vüsət tapdı, ümumi əmlak yalnız Əməvilər arasında bölüşdürülməyə başladı, ümmətə təbəqələşmə sistemi hakim kəsildi, Peyğəmbərin (s) siyasi, idari, iqtisadi və əxlaqi tövsiyələri unuduldu... Mərvan bütün bu haqsız işlərdə böyük rol oynadı.

Misirlilərin Osmanla əlaqəsinin pisləşməsində Mərvanın rolu böyük olmuşdur. Belə ki, Osmanın haqsızlığından təngə gəlmiş Misir müsəlmanları digər şəhərlərin müsəlmanları ilə birlikdə həcc mərasimində Osmanı xilafətdən kənarlaşdırmaq və yaxud qətlə yetirmək barəsində qərarlaşıb, Mədinəni mühasirəyə aldılar. Nəhayət, Osmanla onlar arasında baş verən razılıqlar yazılı şəkildə təsdiqləndikdən sonra Misirə qayıtdılar. Amma yol əsnasında Osmanın qulamının dəvəyə minib Misirə doğru getdiyini gördülər. Onu saxlayıb üst-başını yoxladıqda, su tuluğunun içindən bir məktub tapdılar. Məktub Osmanın imzası və möhürü ilə Misirin valisi Abdullah ibn Əbu Sərəhə ünvanlanmış və belə yazılmışdı: “Müxaliflər Misirə çatdıqda, zindana sal və Əbu Bəkrin oğlu Məhəmmədi və ondan başqa bir neçə nəfərin də boynunu vur.” Onlar məktubu oxuduqda, onu Osmanın əhdini pozduğuna dair dəlil bilib Mədinəyə qayıtdılar və Osmanın evini mühasirəyə aldılar. Beləcə, Osman qətlə yetirilərək hakimiyyətinə son qoydular. Osmanın öz əhd-peymanını pozması və qulamının vasitəsilə Misir valisinə məktub göndərməsi, bütünlüklə, Mərvanın məsləhətlərinə əsaslanırdı. Elə bu səbəblər üzündən tarixçilər onun barəsində belə yazmışlar: “Osmanın qətlinin səbəbkarlarından biri də Mərvan ibn Həkəmdir.” (“Əl-isabə fi təmyizis-səhabə”, c.6, səh.204.)

Mərvan, Osmanın qətlindən sonra onun köynəyini Ümmü-Həbibəyə verib Şama göndərdi ki, onu Müaviyə çatdırsın. O, “Siffeyn” müharibəsində Müaviyə ilə birlikdə müsəlmanların qanuni və şəri xəlifəsi İmam Əli (ə) ilə döyüşdü. Ondan əvvəl də “Cəməl” müharibəsində Ayişə ilə birlikdə o Həzrətin əleyhinə döyüşmüşdü. Mərvan İmam Həsənin (ə) sülhündən və Müaviyənin qüdrət və hakimiyyəti təsbit olunduqdan sonra Mədinəyə vali seçildi. Bir müddət də Məkkə və Taifin hakimi oldu. (“Əl-isabə fi təmyizis-səhabə”, c.6, səh.204; “Usdul-ğabə fi mərifətis-səhabə”, c.5, səh.145.)

Mərvan və Kərbəla faciəsi

O, Müaviyə oğlu Yezidin hakimiyyətə gəldiyi zaman (60-cı h.q. ilində) Mədinədə idi. Mədinənin valisi İmam Hüseynə (ə) Müaviyənin ölümünü xəbər verib, onun canişini və vəliəhdi olan Yezidlə beyət etmək üçün yanına çağırdı.

Mərvan ibn Həkəmin qardaşı Əbdürrəhman ibn Həkəm məşhur şeirlərində Mərvanın hakimiyyətini masqara etmiş və onun Peyğəmbəri-Əkrəm (s) tərəfindən döyülməsindən söz açaraq aşkar şəkildə demişdir: “Əgər anamız bir olmasaydı, onun barəsində çox söz deyərdim!” (“Usdul-ğabə fi mərifətis-səhabə”, c.5, səh.146.)

Qeyd edilən mətləbləri nəzərə alaraq, şək-şübhə etmədən demək olar ki, Mərvan ibn Həkəm əhli-sünnə mənbələrində ədalətsiz, etimadsız şəxs kimi göstərilmiış və hətta müsəlman kimi belə qeyd olunmamışdır. Onun dini məlumatı, fiqh və hədis elmi ilə tanışlığı təsdiq olunmamış, elmi və əməli səlahiyyəti tarixdə sübut olunmamışdır. Onun “Aşura” faciəsindən sonra etirafları Peyğəmbəri-Əkrəmin (s) Əhli-beytinə (ə), məxsusən, İmam Hüseynə (ə) qarşı mövqeyi və şəxsiyyətinin araşdırılmasında yeni baxışlar aşılayır. Ümumiyyətlə, tarixdə göstərilir ki, o, Kərbəlanın digər amilləri kimi, İslam Peyğəmbərinin (s) buyruqlarına əsasən yox (Yezid və tərəfdarlarının iddia etdikləri kimi), qüdrət və ictimai mövqe qazanmaq, İslam və İslam Peyğəmbərinin (s) Əhli-beytinə (ə) qarşı keçmiş batini nifrətini bildirmək məqsədilə, bu sülaləyə qarşı çıxaraq onları şəhadətə yetirmək planını irəli sürdü. (“İnqilabi-Kərbəla əz didqahe əhli-sünnə – Əhli-sünnə baxımından Kərbəla inqilabı”, Ustad Əbdülməcid Nasiri Davud, 2-ci fəsil, səh.134-138.)

Tərcümə etdi: Rza Şükürlü (Maide.az)

 

Google+ WhatsApp ok.ru