Keçmiş MTN-çinin həbs etdirdiyi ilahiyyatçının ailəsi ədalət istəyir...

Keçmiş MTN-çinin həbs etdirdiyi ilahiyyatçının ailəsi ədalət istəyir...

Qafqaz Müsəlmanları İdarəsinin sabiq sektor müdiri, ilahiyyatçı Elşən Mustafaoğlu 2014-cü il, dekabrın 16-da yoxa çıxmışdı.
 
Onun harada olması nə ailəsinə, nə də onu tanıyanlara məlum idi. Lakin 3 gün sonra E.Mustafaoğlunun ailəsinə onun həbs edilməsi barədə məlumat verildi. Məlum oldu ki, onun barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açılıb.
 
Ləğv edilən MTN-nin əməkdaşları tərəfindən həbs edilən ilahiyyatçı cəmiyyət arasında kifayət qədər tanınmış, nüfuzu olan şəxslərdəndir. O, 2006-2007-ci illərdə “İctimai” TV-də “Cümə söhbəti” verilişinin, 2007-ci ildə isə ANS TV-də “Allah haqqı” verilişlərinin aparıcısı olub. 
 
Həbsi cəmiyyət arasında kifayət qədər təəccübə səbəb olan ilahiyyatçının ittiham olunduğu maddə isə gözlənilməz oldu. O, vətənə xəyanətdə ittiham olunurdu. Bir ilə yaxın ailəsi ilə görüşdürülməyən ilahiyyatçının məhkəmə prosesi başlayanda isə çox ilginc məqamlar ortaya çıxdı. 2016-cı ilin iyul ayında hakim qarşısına çıxarılan ilahiyyatçı məhkəmədə sensasion sayıla biləcək açıqlamalar verdi. 
 
O, qapalı keçirilən məhkəmə prosesində bildirib ki, MTN-də saxlanılarkən ona işgəncələr verilib və Allahşükür Paşazadəyə, general Rövşən Əkbərova qarşı ifadə almaq istəyiblər. Lakin o, bu təklifi qəbul etmədiyindən, işgəncələrə məruz qalıb və 2 gün sonra onun barəsində 274-cü maddə ilə cinayət işi açılıb.
 
 
İlahiyyatçının vəkili Əfqan Məmmədov müvəkkilinin həbsdə qalmasını sübut edəcək, onun ittiham olunduğu maddə üzrə günahkar olduğunu göstərəcək heç bir mötəbər faktın olmadığını deyir.
 
Vəkil deyir ki, ortada konkret fakt olmadığından E.Mustafaoğlunun günahsızlığını da sübut etmək çətindir: “Ortada onun günahını sübut edən konkret faktlar yoxdur. İttiham tərəfi ortaya konkret heç bir sübut qoymur. Buna görə onun günahsızlığını tam sübut etməyə çətinlik çəkirik. 1 il 6 ay ərzindəki istintaq zamanı onun göstərilən cinayət əməlini törətməsi barədə heç bir sübut əldə olunmayıb. Bu işin üstü açılarsa, biabırçılıq olacaq. Bu, boş xülyalarla hazırlanan cinayət işidir”.
 
Sonuncu məhkəmə prosesindən sonra ilahiyyatçının ailə üzvləri musavat.com-a açıqlama veriblər. Onlar E.Mustafaoğluna qarşı irəli sürülən ittihamlarla razılaşmadıqlarını və bu həbsin keçmiş MTN rəhbərliyi tərəfindən məqsədli şəkildə təşkil olunduğunu deyiblər. 
 
İlahiyyatçının xanımı Vüsalə Mustafayeva yoldaşının qanunsuz olaraq həbs edildiyini və işin düzgün araşdırılaraq onun azadlığa buraxılacağına inandığını deyir: “Yoldaşımı günahsız yerə həbs ediblər. Üç övladımız var. Mən də, uşaqlarım da xəstəyik. Xahiş edirəm, iş düzgün araşdırılsın, yoldaşıma bəraət verilsin”.
 
Yoldaşının necə həbs edilməsindən danışan V.Mustafayeva həmin vaxt yaşananları belə xatırlayıb: “2014-cü ilin dekabrının 16-da işə getdi. Həmişə vaxtında evə qayıdardı. Gecikəndə və ya işi olanda da xəbər edərdi. Amma həmin gün xəbər ala bilmədik, evə qayıtmadı. Harada olduğunu bilmirdik. Ancaq ayın 19-da bildik ki, həbs edilib. Bir xanım zəng etdi. Özünü vəkil kimi təqdim etdi və Elşənin həbs edildiyini söylədi. Həmin vəkili onlar təyin etmişdi. Sonra biz Əfqan müəllimə müraciət edərək vəkilimiz olmasını istədik”.
 
 
Elşən Mustafaoğlu gənc yaşda anasını itirib. Anası Şuşada dəfn edilən ilahiyyatçının atası da dünyasını dəyişdikdən sonra xalasının himayəsində böyüyüb.
 
V.Mustafayeva 1 il ərzində MTN-nin onlara qarşı münasibətindən də narazılıqlarını qeyd ediblər: “Həbsdən sonra bir il müddətində nə onu görmüşük, nə telefonla danışmışıq. Ancaq vəkil vasitəsi ilə əlaqə saxlaya, məlumat öyrənə bilmişik. Elşənin həbsi hamımızı sarsıdıb. Uşaqlar qorxu içində yaşayır”.
 
“Qızı məkətəbə getmək istəmir ki, atasını dövlətə xəyanətlə tutublar”
 
İlahiyyatçının qayınanası Səlimə Sultanovanın sözlərinə görə, E.Mustafaoğlunun bu cür ittihamla həbs edilməsi ilə heç kim razılaşa bilmir: “Elşənin həbsindən sonra onun uşaqları, yoldaşı stress keçirib. Uşaqları təsir altındadırlar. Böyük qızı məkətəbə getmək istəmir. Utanır ki, atasını dövlətə xəyanətə görə tutublar. Elşən fəlsəfə elmləri doktorudur, AMEA-da işləyirdi, alim adamdır. Texas ştatının fəxri vətəndaşıdır. ANS, İTV kimi kanallarda müxtəlif proqramların aparıcısı olub. Qafqaz Müsəlmanları İdarəsində 6 ay müddətində sektor müdiri kimi çalışıb. Orada işləyəndə həbs edilib”.
 
Ailə üzvləri deyir ki, E.Mustafayevin hər hansı bir maddə ilə ittiham olunaraq həbs edilməsi üçün heç bir səbəb yoxdur. 
 
“Biz yatsaq yuxumuza girməzdi ki, Elşəni həbs edərlər. 2 ildir də hansı səbəbdən həbs edilə biləcəyini düşünürük. Ancaq kiçik də olsa bir səbəb tapa bilmirik. Elşəni cəmiyyətdə tanıyanlar çoxdur. Onun belə bir əməl tutmayacağı məlumdur. Ölkə rəhbərliyindən xahiş edirik ki, bizim səsimiz eşidilsin. Elşən keçmiş MTN tərəfindən tutulub. Hansı ki, indi onların özləri indi həbsdədir. Elə vətənə xəyanət edən onlar olub”- deyə S.Sultanova bildirib.
 
İlahiyyatçının qayınatası Asim Qaragözov E.Mustafaoğlunun vətənpərvər insan olduğunu və haqsız yerə heç kimi günahlandıracaq xarakterdə biri olmadığını deyir. 
 
“Elşənə deyiblər ki, onların barəsində ifadə ver və çıx get övladlarının yanına”
 
Onun sözlərinə görə, E.Mustafayevdən bəzi şəxlsərin əleyhinə ifadə almaq istəyiblər, lakin buna nail ola bilməyəndə onu dövlətə xəyanətdə ittiham edərək həbs ediblər: “Müəyyən adamlara qarşı qərəzli şəkildə ifadə almaq istəyiblər. Vahid Mustafayev, Allahşükür Paşazadə və general Rövşən Əkbərovun barəsində ondan yalan ifadə verməsini istəyiblər. Elşənə deyiblər ki, onların barəsində ifadə ver və çıx get övladlarının yanına. Ancaq bu onlar dediyi ifadəni vermədiyinə görə, ona işgəncələr verib, sonra da həbs ediblər”.
 
Ailə üzvlərinin dediyinə görə, E, Mustafaoğlunun həbsindən 10 gün sonra MTN əməkdaşları onun mənzilinə gəliblər.
 
S.Sultanova evlərinə gələn şəxslərin özlərini MTN əməkdaşları kimi təqdim etdiklərini söyləyir: “10 gün sonra MTN əməkdaşları evə gəldi. Mənzildən E.Mustafayevə məxsus kompüteri və foto albomları apardılar. Bizə Elşənin həbs edilməsi ilə bağlı məhkəmə qərarını göstərdilər”. 
 
İlahiyyatçının həyat yoldaşı Eldar Mahmudovun rəhbərliyi dövründə bütün dövlət qurumlarına müraciət etdiklərini, lakin müraciətlərin hamısının MTN-ə göndərildiyini və cavabsız qaldığını deyir: “Biz yenidən DTX-ya müraciət etdik. Yeni rəhbərlik bizi Elşənlə görüşməyə icazə verdi. Elşən 1 ildən çox idi ki, üç övladını görmürdü. Ancaq indi məhkəmə prosesi davam edir. DTX-da Elşənin vəziyyəti yaxşıdır. Özünün də şikayəti yoxdur. Məhkəmənin ədalətli qərar qəbul edəcəyini və onun bəraət alacağına inanırıq. Əvvəlki müraciətlərimiz bir kənara atılmışdı. Yenidən ölkə rəhbərliyinə və DTX rəhbərliyinə müraciət ünvanlayacağıq. Elşən vətənpərvər bir insandır. Axı o dövlətinə necə xəyanət edə bilər? Xahiş edirik ki, ailəmizin taleyinə biganə yanaşılmasın”.
 
Qeyd edək ki, E.Mustafaoğlunun cinayət işi üzrə məhkəmə prosesi bakı Ağır Cinayətlər Məhkəməsində davam etdirilir. Növbəti məhkəmə prosesi avqustun 2-nə təyin edilib.(musavat  /  İslaminsesi)

Google+ WhatsApp ok.ru