Keçmiş nazir mənzilini özəlləşdirə bilmir

Dövlət Əmlak Komitəsinin Bakı Ərazi İdarəsi keçmiş müdafiə naziri Rəhim Qazıyevin son 39 ildə daimi yaşadığı mənzilinə (Bakı şəhəri, Mətbuat prospekti 18/7, mənzil 32) özəlləşdirmə sənədi vermir.
 
Bu barədə oktyabrın 8-də keçmiş nazir mənzilində keçirdiyi mətbuat konfransında bildirib. “Mənim ailəm bu mənzilə 39 il əvvəl köçüb və daimi burada yaşamışıq. Mənzilin birinci sahibi mənəm. Bina o vaxtlar müəllim işlədiyim Azərbaycan Politexnik İnstitutu tərəfindən koopretiv yaradılaraq tikilib. Binada yaşayan ailələrin, demək olar ki, hamısı mənzillərinə özəlləşdirmə sənədləri alıb”, deyə o qeyd edib.
 
Keçmiş müdafiə naziri bu il aprelin 28-də mənzilinin özəlləşdirilməsi ilə bağlı sənədləri Asan Xidmətin Yasamal rayonu ərazisində yerləşən şöbəsinə təhvil verib.
 
“Mən dövlət rüsumunu ödədim və dedilər ki, mayın 20-də özəlləşdirmə ilə bağlı sənədi alacağam. Mayın 20-də orada bildirdilər ki, Əmlak Komitəsinin Bakı Ərazi İdarəsində Xudaverdiyev sənədlərimi saxlayıb. Sonra yenidən Asan Xidmətə müraciət etdim, dedilər Xudaverdiyev mənim mənzilimin sənədlərini qəbul etməyib. İyunun 8-də Azərbaycan prezidnetinə teleqram vurdum. Məni Prezident Administrasiyasında qəbul etdilər və məsələnin həll olunacağını dedilər. Bu gün oktyabrın 8-dir, hələ də  problem həll edilməyib”, deyə o qeyd edib.
 
Qazıyev indiyədək prezidentin ünvanına 10 məktub da yazıb, ancaq heç birinə cavab almayıb.
 
“Hesab edirəm ki, bu məsələdən prezidentin də xəbəri var. Yenə də prezidentə müraciət edirəm ki, problemin həllinə kömək etsin”, deyə keçmiş nazir deyib.

Google+ WhatsApp ok.ru