Öldürülən məhkum Elşad Babayevin bacısı: “Qardaşımın qanını batırırlar...”

“Onu döyüb öldürən Firdosi, Faiq, Rahib bilsinlər ki, mən qardaşımın qanını yerdə qoyan deyiləm”

Dekabrın 22-də Penitensiar Xidmətin 14 saylı Cəzaçəkmə Müəssisəsində dünyasını dəyişən məhkum Elşad Babayevin yaxınları istintaqın gedişindən narazıdırlar. Məhkumun bacısı Simuzər Babayeva “Yeni Müsavat”a deyib ki, qardaşının öldürülməsinin araşdırılması əvəzinə iş üzrə şahidlik edib həqiqəti söyləyən və söyləyə biləcək məhkumlara qarşı aqressiv münasibət sərgilənir.
 
Onlara ciddi problemlər yaradılır. Bundan başqa qardaşının  döyülərək öldürülməsində iştirak etmiş cəzaçəkmə müəssisəsi əməkdaşları da tutduqları vəzifədən uzaqlaşdırılmayıblar: “Həmin əməkdaşlar şahidlik edə biləcək məhkumlara nəzarət edir. Belə bir vəziyyətdə hansı istintaqdan söhbət gedə bilər? Müstəntiq gedib məhkumu dindirdi, məhkum da həqiqəti dedi. Ondan sonra müstəntiq cəzaçəkmə müəssisəsini tərk edib gedir. Məhkumla ona nəzarət edən türmə işçisi üz-üzə qalır. Belə bir vəziyyətdə işin obyektiv aparılacağına kim zəmanət verə bilər? 
 
Mənim qardaşımı türmə işçiləri məhkumların gözü qarşısında döyüb öldürüblər. Həmin məhkumların bəzilərinin başına oyun açdılar. Onları xəstə adı ilə ”tubzon"a göndərib orada amansız işgəncələrə məruz qoydular. Bu qanunsuzluqlar bu gün də davam edir"
 
S.Babayeva qardaşının ölüm səbəbinin saxtalaşdırldığını və cinayət işinin gedişatının daha çox olayın ört-basdır olunmasına xidmət etdiyini deyib: “Qaradağ Rayon Məhkəmə Tibb Ekspertizasından mənə verilən ölüm kağızında yazıblar ki, güya qardaşım ürək tutmasından - kardiomiopatiyadan ölüb. Amma türmədə hamı bilir ki, qardaşımın ölümünə səbəb ona verilən işgəncələrdir, döyülmə zamanı aldığı xəsarətlərdir. Onun ürəyi heç vaxt ağrımayıb. Həmin rəyi verən məhkəmə tibb ekperti qardaşımı öldürənlərə  şərik oldu. 
 
Onların cinayətinin öz saxta rəyi ilə gizlədilməsinə xidmət etdi. Həmin ekspertin də cəzalandırılması məsələsini prokurorluq həll etməlidir. Mən demişəm, bir daha təkrar edirəm, qardaşımın qatilləri cəzalarını almayınca mübarizə aparacağam. Hamı bilir ki, Elşada işgəncəni dekabrın 13-də veriblər. Qardaşımı ölümündən 10 gün əvvəl ”do prixod" aparıb orada döyüb işgəncələrə məruz qoyublar. Onu orada 10 gün betonun üstündə saxlayıblar. Dekabrın 22-nə qədər qardaşıma çörək-su verməyiblər. Sonradan onu ölümcül durumda “kars”a köçürüblər. Bunu edənlər cəzalarını alacaqlar. Elşadı öldürənlər türmədə məhkumları döyməklə, işgəncə verməklə ad çıxaran nəzarətçilər Firdosi, Faiq, Rahibdir. Qardaşımı döyüb öldürən Firdosi, Faiq, Rahib evlərində rahat yatmasınlar, bilsinlər ki, mən qardaşımın qanını yerdə qoyan deyiləm. Cavab verəcəklər. Qanun qarşısında, Allah qarşısında etdiklərinin qarşılığı olacaq".
 
S.Babayevanın qardaşının öldürülməsi haqda dürüst ifadə verə biləcək məhkumlardan biri də baş redaktor Araz Quliyevdir. Onun barəsində bu il martın 19-da 14 saylı Cəzaçəkmə Müəssisəsində səyyar məhkəmə keçirilib.14 saylı CÇM-də keçirilən məhkəmədə Qaradağ Rayon Məhkəməsi Araz Quliyevin 3 il müddətinə Qobustan Qapalı həbsxanasına köçürülməsi haqda qərar qəbul edib. Qərarda A.Quliyevin həbsxanada intizam qaydalarını pozduğu, müəssisənin təmir işlərinə köməklik etmədiyi, dustaqlar arasında dini təbliğat apardığı(?!), dini mərsiyələr oxuduğu qeyd olunub. Araz Quliyev və onun vəkili Yavər Hüseyn qərarı əldə edəndən sonra apelyasiya şikayəti veriblər. Elşad Babayev 14 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşları tərəfindən karserdə öldürüldükdən sonra məhkumlar E.Babayevin ölümünə görə etiraz aksiyası keçiriblər. Aksiyada türmənin bir neçə əməkdaşını döyülməkdən xilas edən, həmçinin müəssisəyə ziyan vurmağa çalışan məhkumların qarşısını alan, üsyanı sakitləşdirməyə çalışan hicab məhbusları - Araz Quliyev, Anar Qasımlı, Ramil Vəliyev, Rza Ağalı, İlham Hətəmov və digər dustaqlar 14 saylı həbsxananın rəisi Əli İbrahimov tərəfindən işgəncələrə məruz qalıblar. 
 
Hazırda Qobustan həbsxanasında olan Araz Quliyev ilə bağlı şikayət Bakı Apelyasiya Məhkəməsində icraata verilib. İş Bakı Apelyasiya Məhkəməsinin hakimi Vaqif Mursaqulovun icraatına verilib. Yaxın günlərdə iş üzrə məhkəmənin keçirilmə vaxtı məlum olacaq.
Yada salaq ki, məhkum Elşad Babayevin ölümündən sonra onun meyiti Qaradağ rayon Məhkəmə Tibb Ekspertizasına aparılıb. Bacısı S.Babayeva orada qardaşının fotolarını çəkib və ictimailəşdirib. İş üzrə araşdırma aparmalı olan istintaq orqanına də həmin fotoları təqdim edib. Məhkumun ölümü ilə bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 309.1-ci - vəzifə səlahiyyətlərini aşma maddəsi ilə cinayət işi başlanıb. Elşad Babayevin işgəncələrlə öldürülməsini Qaradağ Prokurorluğunda məhz belə qiymətləndiriblər.  Prokurorluq orqanının bir məhkumun döyülərək, işgəncə verilərək öldürülməsinə yanaşması ölkənin cəzaçəkmə yerlərində yeni qanlı cinayətlərə yol açacağı şübhəsizdir. Fakt budur ki, məhkumu öldürənlər bu gün 14 saylı Cəzaçəkmə Müəssisəsində çalışır və 2015-ci ilin dekabrında oxşar cinayətə yol verəməyəcəklərinə də təminat yoxdur.

Google+ WhatsApp ok.ru