Leyla və Arif Yunusların məhkəməsidir

17.00 - Leyla və Arif Yunusların məhkəməsi başa çatıb.

Məhkəmənin ikinci hissəsində 8 şahid dindirilib. Vəkillərin qaldırdığı vəsatətlərin heç biri təmin edilməyib.

Məhkəmə prosesi iyulun 28-nə, saat 10-da davam edəcək.

AzadlıqRadiosunun əməkdaşı bildirir ki, ədliyyə işçiləri məhkəmə binasının yaxınlığında çəkiliş aparmaq istəyən jurnalistlərin üstünə su töküblər.

***

 
14.05 - Leyla və Arif Yunusların məhkəməsinə jurnalistləri, diplomatik korpusun nümayəndələrini, ictimai-siyasi xadimləri buraxmayıblar.

Zalda əsasən mülkigeyimli məhkəmə işçiləri və təsadüfi şəxslər oturdulub.

Əməkdaşımız məhkəmə zalında oturanların kimliyi ilə maraqlanıb. Onlar özlərini qohum kimi qələmə versələr də, kimin qohumu olduqlarını söyləyə bilməyiblər.

Jurnalistlərdən isə əsasən APA və virtualaz-ın əməkdaşları məhkəmə zalında olub. Yerdə qalan KİV əməkdaşları gözləmə zalından belə uzaqlaşdırılıblar.

Məhkəmə zamanı Leyla Yunus hakimə etirazını bildirib, ötən məhkəmə iclasında sözünü deməyə imkan yaradılmadığını deyib.

Vəkillər Arif Yunus barəsindəki həbs-qətimkan tədbirinin dəyişdirilməsi, bəzi şahidlərin adının siyahıdan çıxarılması haqda vəsatət qaldırıblar.Leyla Yunus şahid kimi təqdim edilənləri tanımadığını, üzünü belə görmədiyini söyləyib.

Vəsatətlər təmin edilməyib.

Bundan sonra bəzi şahidlər dindirilib.

Leyla Yunus prokuroru, şahidləri yalan danışmaqda ittiham edib. O, Arif Yunusa qarşı ittihamı cəfəngiyat adlandırıb.

***
 
İyulun 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində hüquq müdafiəçisi Leyla Yunus və həyat yoldaşı, tarixçi Arif Yunusun məhkəməsi başlanır. Hazırlıq iclası iyulun 15-də keçirilib.
 
​Leyla və Arif Yunuslar dələduzluq, qanunsuz sahibkarlıq, vergidən yayınma və sənədlərin saxtalaşdırılmasında ittiham olunurlar. Onlara qarşı dövlətə xəyanət ittihamı isə ayrıca icraata götürülüb.
 
Leyla Yunus ötən il iyulun 30-da, Arif Yunus isə avqustun 5-də həbs olunub.
 
«Amnesty International» təşkilatı onları vicdan məhbusu kimi tanıyıb.
 
Hazırlıq iclasında Leyla Yunus təcridxanada məruz qaldığı işgəncələrdən danışıb, əri Arif Yunusun başında şiş yarandığını, tibbi müalicəyə ehtiyacı olduğunu söyləyib.
 
Penitensiar Xidmət daha öncə işgəncəylə bağlı yayılan xəbərləri təkzib edib. 

Google+ WhatsApp ok.ru