Ölkə əhalisi arasında piylənmə niyə artır?

Ölkə əhalisi arasında piylənmə niyə artır?

“Redaktor.az”da  “Azərbaycanda əhali arasında artıq çəki və piylənmə artır” sərlövhəli məqalə diqqət çəkir.
 
Müəllif Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin “Azərbaycanda qeyri-infeksion xəstəliklərin yükü və mübarizə strategiyası” mövzusunda tədbir keçirdiyini bildirir.
 
Müəllif əlavə edir ki, tədbirdə qurumun Azərbaycan üzrə nümayəndəsi Hande Harmancı Azərbaycanda qeyri-infeksion xəstəliklər və ona qarşı mübarizə haqqında fikirlərini bildirib.
 
Harmancı qeyri-infeksion xəstəliklərin insult, infarkt, ürək qan-damar kimi xəstəliklərə səbəb olduğunu söyləyib və Azərbaycanda əhalinin yetərli şəkildə meyvə-tərəvəz yemədiyi bəlli olub: “Qidalanma çox əhəmiyyətlidir. Əhali arasında, xüsusilə uşaqlarda artıq çəki və piylənmə artır”, deyə ÜST nümayəndəsi bildirib.
 
ÜST-ün qeyri-infeksion xəstəliklərin qarşısının alınması və nəzarəti üzrə Avropa Ofisində Qeyri-infeksion xəstəliklərə nəzarət üzrə Proqram meneceri, tibb üzrə fəlsəfə doktoru İvo Rakovac isə deyib ki, Azərbaycanda əhalinin 30 faizi yüksək qan təzyiqindən əziyyət çəkir.
 
İ.Rakovaç deyir ki, əhali arasında yüksək qan təzyiqi duzun normadan artıq qəbulu nəticəsində yaranır, Azərbaycanda kişilərin 30 faizi əksər hallarda öz qidalarına duz əlavə edirlər: “Azərbaycanda bu göstərici digər ölkələrlə müqayisədə daha yüksəkdir. Maarifləndirmə aparmaqla bu göstəricini daha da aşağı salmaq olar".
 
Menecerin sözlərinə görə, Azərbaycanda əhalinin 90 faizi fiziki aktiv sayılmır, sorğunun nəticələrinə görə, Azərbaycanda əhalinin 55-56 faizində artıq çəki var, bu göstərici qadınlarda kişilərə nisbətən daha yüksəkdir.
 
Bununla yanaşı, İ.Rakovaç Azərbaycanda kişilərin təqribən 50 faizinin siqaret çəkdiyini diqqətə çatdırıb və 2011-ci il ilə müqayisədə bunun çox da dəyişmədiyini vurğulayıb.
 
Menecerə görə, Azərbaycanda meyvə-tərəvəz istehlakı da çox aşağıdır, əhalinin təxminən 90 faizi gün ərzində tövsiyə olunan miqdarda meyvə-tərəvəz yemir: “Bu da xüsusi narahatlıq yaradır. Nəzərə almalıyıq ki, meyvə-tərəvəz bizim sağlamlığımız üçün çox vacibdir. Eyni zamanda meyvə-tərəvəz Azərbaycanda çox geniş yayılıb".
 
Müəllifin sözlərinə görə, səhiyyə nazirinin müavini Rahim Əliyev isə deyib ki, pulsuz səhiyyə özünü doğrultmayıb və bu baxımdan səhiyyə müəssisələrinin nazirliyin və ya başqa qurumun tərkibində olması vacib faktor deyil. 
 
“Pulsuz səhiyyə dövlət üçün böyük yükdür və həddindən artıq böyük problemdir. Dünyanın inkişaf etmiş ölkələrində əhali icbari tibbi sığorta ilə müalicə olunur. Səhiyyə müəssisələrinin hansı qurumun tabeliyində olmasından asılı olmayaraq, tibbi sığorta ilə əhaliyə göstəriləcək səhiyyə xidmətlərinin keyfiyyəti yüksələcək".
 
R.Əliyev vurğulayıb ki, tibb müəssisələrinin mərhələli şəkildə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə verilməsi 2020-ci il ərzində davam etdiriləcək.
 

Google+ WhatsApp ok.ru