İlqar Məmmədov sabah azadlığa buraxıla bilər

Mart ayının sonlarına doğru Novruz bayramı ərəfəsində gözlənilən 5 nəfərə yaxın şəxsin əfv olunması və bəzilərinin də məhkəmə zalından azadlığa buraxılması, digәr siyasi mәhbusların da azad edilәcәyi barәdә ictimaiyyətdə müəyyən qədər ümidlər yaratdı. Hal-hazırda həbsxanalarda kifayət qədər vicdan vә siyasi məhbuslar var. İctimaiyyət və beynəlxalq qurumlar həbsxanalarda olan siyasi məhbusların da azadlığa buraxılmasını tələb edirlər. Bu cür şəxslərdən biri Real partiyasının sədri İlqar Məmmədovdur. İsmayıllı hadisələrinə görə, İlqar Məmmədov və Tofiq Yaqublu həbs edilmişdi. Mart ayında Tofiq Yaqublu artıq əfv sərəncamına düşüb və azadlığıa buraxılıb. Bu baxımdan ictimaiyyət İlqar Məmmədovun da azadlığa buraxılacağına ümid edir.
 
İlqar Məmmədovun vəkili Fuad Ağayevin Deyerler.org-a verdiyi məlumata görə, İlqar Məmmədovun məhkəməsi aprelin 22-də baş tutacaq. F.Ağayev qeyd edib ki, məhkəmənin hansı istiqamətdə gedişi ilə bağlı indidən heç bir şey demək mümkün deyil: “İlqar Məmmədovun işi ilə bağlı proqnoz vermək olmur. Hər halda sabahı gözləyək. Biz işimizi görəcəyik. Nə lazımdırsa ediləcək. Amma nəticələrin necə olması bizdən asılı deyil”.
 
Qeyd edək ki, artıq İlqar Məmmədovun özünün də məhkəmədə iştirak üçün Şəkiyə aparılacağı, onun şəxsi əşyalarını da özü ilə götürəcəyi bildirilib.

Google+ WhatsApp ok.ru