Məhkəmə ilahiyyatçını ev dustaqlığına buraxmadı

Səbayel Məhkəməsi “Təkamül” Tərcümə Mərkəzinin rəhbəri Ceyhun Cəfərovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatəti rədd edib
 
Mayın 27-də Səbayel Rayon Məhkəməsində ilahiyyatçı Ceyhun Cəfərovun ev dustaqlığına buraxılması ilə bağlı iddiaya baxılıb. Bu barədə “Yeni Müsavat”a ilahiyyatçının vəkili Cavad Cavadov məlumat verib. Onun sözlərinə görə, C.Cəfərov Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə təqsirləndirilən Ceyhun Cəfərovun həbsinin ev dustaqlığı ilə əvəz olunmasına dair müdafiə tərəfinin vəsatətinə baxılması prosesində Ceyhun Cəfərovun özünün iştirakı təmin olunub. 
 
Məhkəmə prosesində vəkil vəsatəti müdafiə edərək ilahiyyatçının həbsinin əsassız olduğunu və onun bu günə qədər həbsdə saxlanılmasının yolverilməz olduğunu diqqətə çatdırıb. Məhkəmə prosesində çıxış edən Ceyhun Cəfərov bir daha təqsirli olmadığını bildirib və həbsinin səbəblərinin indiyədək anlamadığını deyib. Lakin bütün bunlara baxmayaraq, məhkəmə vəsatəti təmin etməyib. C.Cəfərov həbsdə saxlanılıb. C.Cavadov deyir ki, müdafiə tərəfi məhkəmənin qərarından apellyasiya şikayəti verməyə hazırlaşır.
 
Xatırladaq ki, ilahiyyatçı, “Təkamül” tərcümə mərkəzinin rəhbəri Ceyhun Cəfərov martın 10-da MTN əməkdaşları tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə istintaq başladılıb və barəsində həbs qətimkan tədbiri seçilib. Ceyhun Cəfərov “Space” televiziyasında “Gecə söhbətləri” verilişinin aparıcı olub. Bakı İslam Universitetində dərs deyib. 
 
C.Cəfərov barəsində ötən həftə məhkəmə 4 aylıq həbs qətimkan tədbiri seçib. Martın 16-da isə MTN əməkdaşları “Təkamül” tərcümə mərkəzinin Yasamal rayonu ərazisində yerləşən ofisində axtarış aparıblar.

Google+ WhatsApp ok.ru