İMAM SƏCCADIN (Ə) İCTİMAİ-SİYASİ HƏYATI

İMAM SƏCCADIN (Ə) İCTİMAİ-SİYASİ HƏYATI

Şəhidlər sərvəri imam Hüseynin oğlu imam Səccad (ə) şiələrin dördüncü imamıdır. Adı Əli, anası Şəhrəbanu, ən məşhur ləqəbi Zeynəlabidin və Səccaddır. O həzrət 38-ci hicri-qəməri ilində dünyaya gəlmiş və uşaqlıq illərini Mədinə şəhərində keçirmişdir. Təxminən iki il babası imam Əlinin (ə) imamət və hakimiyyət illərini, on il də əmisi imam Həsənin (ə) imamət dövrünü görmüşdür.

 

Hicrətin 50-ci ili imam Həsənin (ə) şəhadətindən sonra Müaviyənin hakimiyyətinin möhkəmləndiyi bir dövrdə onunla mübarizə aparan imam Hüseynlə (ə) on il çiyin-çiyinə durmuşdur. Hicrətin 61-ci ilinin Məhərrəm ayında atasının inqilab və şəhadəti zamanı Kərbəlada olmuşdur. Kərbəla faciəsindən sonra digər əhli-beyt əsirləri ilə birlikdə Kufəyə, sonra isə Şama əsir aparılmışdır. Bu səfərdə o həzrət müsibət və çətinliklər zamanı digər əsirlərin pənahı və himayədarı olmuşdur. O həzrət bu səfərdə öz mətin çıxışları ilə Yezidin hakimiyyətini rüsvay etmiş və Şamdan qayıtdıqdan sonra Mədinə şəhərində yaşamışdır. Nəhayət, hicrətin 94, ya da 95-ci ili Hişam ibn Әbdülməlik tərəfindən zəhərləndirilərək şəhid olmuş və “Bəqi” qəbristanlığında əmisi imam Həsənin (ə) qəbrinin kənarında dəfn olunmuşdur.

İMAM SƏCCADIN (Ə) DÖVRÜNDƏKİ XƏLİFƏLƏR

İmam Səccad (ə) öz imaməti dövründə aşağıda adları çəkilmiş xəlifələrlə həməsr olmuşdur: 1. Yezid ibn Müaviyə (61-64 h.q); 2. Abdullah ibn Zübeyr (61-73 h.q); 3.Müaviyə ibn Yezid (64-cü ilin bir neçə ayı); 4. Mərvan ibn Həkəm (65-ci ilin doqquz ayı); 5.Əbdülməlik ibn Mərvan (65-86 h.q); 6. Vəlid ibn Əbdülməlik (86-96 h.q).

DÖVRÜN ZÜLM VƏ FƏSADLARINA QARŞI İMAM SƏCCADIN (Ə) MÜBARİZƏ ÜSULLARI

İmam Səccadın (ə) fəaliyyətlərinin ən mühüm hissəsini aşağıdakı bölmələrdə xülasə etmək olar:

1. Aşura xatirəsini əbədi yaşatmaq:

İmam Hüseyn (ə) və onun sadiq dostlarının şəhadətini əbədi yaşatmaq üçün imam Səccad (ə) öz mənfi mübarizəsini şəhidlərə ağlamaqla davam etdirirdi. Şübhə yoxdur ki, bu yandırıcı göz yaşlarının bir məhəbbət kökü vardır. Çünki Kərbəla faciəsinin müsibəti o qədər böyük idi ki, o faciəni öz gözləri ilə görən şəxslər nə qədər ki, sağ idilər, onu yaddan çıxarmazdılar. Ancaq şübhəsiz ki, imam Səccadın (ə) bu hadisəyə münasibətinin bir siyasi təsir və nəticəsi var idi. Aşura hadisəsinin tez-tez təkrarlanması Əməvi hakimiyyətinin zülmlərini yaddan çıxmağa qoymurdu. İmam Səccad (ə) su içərkən gözü suya sataşdıqda, gözlərindən yaş süzülməyə başlayırdı. Bunun səbəbini soruşanda buyurardı: “Yezidin adamları suyu atamın üzünə bağladıqları (və onu susuz qoyduqları) bir halda, mən necə ağlamayım?”

2. Ümmətə nəsihət:

O həzrət camaatı moizə ilə düzgün ilahi fikirlərlə tanış edir, keçmiş zalım hakimlərin təbliğləri nəticəsində unudulmuş, yaxud təhrif edilmiş islami fikirləri əvvəlki və əsl halına qaytarır və camaata bacardığı qədər İslam təlimlərini çatdırırdı.

3. Dua qalibində İslam maarifinin bəyanı:

İmam Səccadın (ə) təbliğ və mübarizə metodlarından biri də İslam maarifini dua şəklində bəyan etmək idi. Dua insanla Allah arasında çox mühüm və tərbiyəvi təsir bağışlayan bir vasitədir. İslam cəmiyyəti azğınlığa düçar olaraq dünyapərəstliyə qapıldıqda, siyasi, əxlaqi və ictimai fəsada büründükdə, siyasi təzyiq və işgəncələr xərçəng xəstəliyi kimi cəmiyyətə hakim kəsilir və insanlara nəfəs almaq üçün azacıq belə fürsət vermirdi. Belə bir şəraitdə, imam Səccad (ə) İslam əqidələri və mədəniyyətinin bir qismini camaatın nəzərinə çatdırmaq üçün duadan faydalanaraq xalqın yenidən ibadət və bəndəçiliyə yönəlməsini təmin edir və onları hərəkətə gətirirdi. İmamın dualarda əsl məqsədi ibadət və Allahla rabitəsinin möhkəmlənməsi olsa da, onun mətninə nəzər saldıqda, o həzrətin siyasi düşüncələri ilə də tanış ola bilərik. O həzrətin dualar toplusu “Səhifeyi-Səccadiyyə” adlanır. Bu kitab Quran və “Nəhcül-bəlağə”dən sonra ən böyük və ən mühüm ilahi maarif xəzinəsi sayılır.

4. Əhkam, əxlaqi və tərbiyəvi əsərlərin nəşri:

İmam Səccaddan (ə) yadigar qalmış əxlaqi-tərbiyəvi təlimlərdən bir nümunəsi “Risalətül-hüquq” adlı bir məcmuədir. İmam (ə) burada insanın müxtəlif – istər Allah, istərsə də başqaları qarşısındakı vəzifələrini bəyan etmişdir. Əlliyə qədər olan bu vəzifə və hüquqları İmam (ə) əvvəl qısa şəkildə, sonra isə ətraflı izah etmişdir.

5. Kimsəsizlərə yardım:

İmam Səccadın (ə) həyatının parlaq cəhətlərindən biri də, o həzrətin zülmlə dolu mühitdə ictimai xidmətləridir. Nəql edirlər ki, imam Səccad (ə) Mədinənin yüz yoxsul ailəsini dolandırırdı. Mədinə əhalisinin bir dəstəsi güzəranlarını gecə vaxtı onlara gətirilən yeməklə keçirirdilər. Ancaq yemək gətirənin kim olduğunu bilmirdilər. İmam Səccad (ə) vəfat etdikdən sonra başa düşmüşdülər ki, gecə vaxtı onlar üçün yemək-içmək gətirən şəxs imam Səccad (ə) imiş. (“Kəşfül-ğümmə”, c.2, səh.289.)

7. Tərbiyə ocağı:

İslam dininin zühur etdiyi bir vaxtda dünyanın hər tərəfində, hətta o dövrün əsas mədəniyyət mərkəzləri olan Yunanıstan və Romada quldarlıq hökm sürürdü. Belə bir quruluşu bir dəfəyə aradan qaldırmaq mümkün olmadığı üçün İslam dini tədricən onu aradan qaldırmağa zəmin yaratdı. Bir tərəfdən quldarlıq dairəsini məhdudlaşdırdı, digər tərəfdən qul azad etməyi bir çox günahların kəffarəsi təyin etməklə qulların azadlığı üçün şərait yaratdı, üçüncü tərəfdən də, Peyğəmbər (s) müsəlmanlara qullarla (bir ailə üzvü kimi) insancasına rəftar etməyi tövsiyə etdi.

İmam Səccadın (ə) həyatında da qul azad etmək məsələsi gözə dəyir. Ancaq imam Səccadın (ə) bu işdə tərbiyəvi-insani məqsədlər güdürdü. Yəni qulları alaraq onları bir müddət təlim-tərbiyə etdikdən sonra azad edirdi. Onlar da cəmiyyət arasında nümunə olaraq mədəni və tərbiyəvi fəaliyyətlər göstərir və azad olduqdan sonra da, İmamla (ə) əlaqələrini kəsmirdilər. Nəql olunur ki, imam Səccad (ə) Ramazan ayının son gecəsi iyirmi qul azad edib buyurardı: “Mən istəyirəm Allah görsün ki, mən dünyada öz qullarımı azad etdim, bəlkə qiyamət günü O da məni cəhənnəm odundan azad etsin.” İmam Səccad (ə) heç bir xadimi bir ildən artıq saxlamazdı. İlin əvvəli, ya ortasında evə gətirdiyi xadimi “Fitr” bayramı gecəsi azad edər, sonrakı il onun yerinə bir başqasını gətirib, onu da növbəti Ramazan ayında azad edərdi. Bu iş o həzrətin ömrünün axırınadək davam etdi. (“İmam Səccad (ə)-ın həyatı”, səh.55.)

Belə qənaətə gəlmək olar ki, imam Səccad (ə) bu proqramla əslində bir tərbiyə ocağı yaratmışdı. Qulları alıb onlara təlim-tərbiyə verir, onları azad etdikdən sonra hər biri başqalarının örnəyinə çevrilirdi. Onlar azad olduqdan sonra İmamla (ə) mənəvi əlaqəni kəsmir, hər biri öz növbəsində başqalarına təlim-tərbiyə verirdi.

 
Rza Şükürlü (Maide.az)
 

Google+ WhatsApp ok.ru