`Mehmanın əməliyyat olunmasına ehtiyac var` - VƏKİL

`Mehmanın əməliyyat olunmasına ehtiyac var` - VƏKİL

Bloqqer, jurnalist Mehman Hüseynovun əməliyyat olunması üçün Penitensiar Xidmətə müraciət ediləcək.
 
İslamazeri.az xəbər verir ki, bu barədə vəkil Elçin Sadıqov məlumat verib.
 
Vəkilin sözlərinə görə, Mehmanın həbsdən öncə sağlamlığı ilə bağlı mövcud olan bəzi problemlərin həlli həbsxana şəraitində daha da aktuallıq kəsb etməyə başlayıb: “Onun venoz damarında hələ bundan əvvəllər də problem vardı. Venoz damardakı genişlənmə ağrılarla müşayiət olunur, həbsxana şəraitində daha artıq diqqət tələb edir. Biz məsləhətləşdik, hesab edirəm ki, bloqqerin əməliyyat olunmasına ehtiyac var. Bununla əlaqədar olaraq lazımi hüquqi prosedurları başladacağıq. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə onun əməliyyat edilməsinə şərait yaradılması üçün müraciət edəcəyik”.
 
Vəkil təəssüflə qeyd edir ki, Mehman üçün əzizlərinin göndərdiyi kitabların təcridxanaya çatdırılmasına problem yaratdıblar: "Göndərilən kitbları ona təqdim etmək istədim, ancaq kitablardan birinin qadağan olunduğunu əsas gətirib Mehmana çatdırılmasına imkan vermədilər. Bu Səhər Delicani-nin “Çakaranda ağacının uşaqları” kitabı idi."
 
Elçin Sadıqov bunun tamamilə qanunsuz addım olduğunu  və həmin kitabın açıq satıldığını vurğulayıb. 
 
Vəkil bildirib ki, Mehmanın əsas narahatlığı ailəsi ilə bağlıdır: "Təəssüflər olsun ki, onun ailəsi ilə telefonla əlaqə saxlamasına və görüşməsinə hələ də imkan yaradılmayıb. Bu məhbusların hüquqları ilə bağlı qanunvericiliyin kobud pozuntusudur. Bununla bağlı həm Penitensiar Xidmətin rəhbərliyinə, həm də insan haqları müvəkkilinə - Ombudsmana müraciət etmişəm. Hələ ki, araşdırılıb, gərəkli addımlar atılmayıb."
 
Qeyd edək ki, Mehman Hüseynov CM-nin 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə məsuliyyətə cəlb olunub, Suraxanı rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib.
 

Google+ WhatsApp ok.ru