Milli Məclis “Azərbaycan Respublikası Mərkəzi Bankı haqqında” qanuna əlavə və dəyişiklikləri təsdiqləyib

 Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Mərkəzi Bankı haqqında” qanuna əlavə və dəyişikliklər müzakirəyə çıxarılıb.
 
APA-nın məlumatına görə, layihə barədə İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib.
 
Qanunun 10.3-cü maddəsinə edilən dəyişikliyə əsasən, Mərkəzi Bankın kapital ehtiyatları artıq tədavülə buraxılmış nağd milli valyutanın 15%-i miqdarında müəyyən edilməyəcək. Əvəzində, onun nizamnamə kapitalından az olmamaq şərti ilə hesabat ilinin mənfəətindən ayırmalar hesabına formalaşdırılacaq.
 
Bundan başqa, qanuna bu 13.2-ci maddə əlavə edilir: “Xarici valyutada və qızılda olan aktiv və passivlərin yenidən qiymətləndirilməsi nəticəsində ilin sonuna yaranan zərərin ödənilməsi Mərkəzi Bankın kapital ehtiyatları hesabına təmin olunur”.
 
Eyni zamanda, 14.2-ci maddəyə edilən dəyişikliyə əsasən isə, Mərkəzi Bankın fəaliyyəti nəticəsində yaranmış kapital çatışmazlığı bir maliyyə ili təxirə salınmaqla dövlətin buraxdığı qiymətli kağızlar hesabına ödəniləcək.
 
Layihə səsə qoyularaq qəbul olunub.

Google+ WhatsApp ok.ru