Müstəqil məhkəmə olmasa....

Müstəqil məhkəmə olmasa....

«Novoye Vremya» qəzetində «Müstəqil məhkəmə sahibkarlığın müdafiə zəmanəti» sərlövhəli məqalə oxumaq olar.
 
Müəllif yazır ki, hakimiyyət sahibkarlıq subyektlərinin əsassız yoxlamalarını kəskin şəkildə azaldıb. Daha sonra isə o belə bir sual verir: Bu, biznesin daha azad və daha çox müdafiə olunduğu anlamınamı gəlir?
 
Yazıda «Sahibkarlığın və bazar iqtisadiyyatının inkişafına yardım» Fondunun ölkə üzrə 1000 sahibkar arasında keçirdiyi sorğunun nəticələri də dəyərləndirilir.
 
Qeyd edilir ki, rəyi soruşulanların 33.9 faizi biznes sahəsindəki vəziyyəti «çox əlverişsiz» qiymətləndirib. 27.9 faizi cavab verməyə çətinlik çəkib. 27.4 faizi «əlverişsiz», 10 faizi «nə pis, nə yaxşı» adlandırıb və cəmi 0.8 faizi bu vəziyyəti «əlverişli» sayıb.
 
Sahibkarların 47 faizinin düşüncəsinə görə isə, hətta hakimiyyətin müəyyən addımlarından sonra belə yaxşılaşma hiss etmirlər: «Göründüyü kimi, sahibkarların çətinlikləri hələ də çoxdur. Çoxsaylı yoxlamalar kiçik və orta biznesin qarşılaşdığı problemlərdən biri idi. Qadağa vaxtında qoyulsa da, biznesin özünü azad hiss etməsi üçün təkcə fərman və sərəncamların verilməsi azdır».
 
Müəllif düşünür ki, vəziyyəti köklü şəkildə dəyişməkdən ötrü qanunvericilik və vergi sahəsində kompleks tədbirlər aparılmalıdır: «Siyasi islahatlar məhkəmə sistemini əhatə etməlidir. Başqa sözlə, müstəqil məhkəmə sistemi olmasa, kiçik və orta sahibkarlıq özünü müdafiəsiz hiss edəcək».

Google+ WhatsApp ok.ru