Nardaran işi: 'Dustaqlar Kürdəxanıdan çıxarılır, amma məhkəməyə gətirilmir'

Nardaran işi: 'Dustaqlar Kürdəxanıdan çıxarılır, amma məhkəməyə gətirilmir'

İlahiyyatçı Taleh Bağırov, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və Nardaran işi üzrə onlarla birlikdə mühakimə olunan daha 16 nəfər aclıq aksiyasını davam etdirir. Onlar öz məhkəmələrində iştirak etmələrinə bu yolla etiraz edirlər.
 
Nardaran işi üzrə dekabrın 21-də keçirilən məhkəmə iclasında yenə də təqsirləndirilən şəxslərin özlərinin iştirakına imkan verilməyib. Müdafiəçilər bugünkü iclasda məhkəmədə Taleh Bağırov və digərlərinin iştirakının təmin olunması haqda vəsatət qaldırıblar. Vəkil Yalçın İmanov deyib ki, təqsirləndirilən şəxslərin məhkəmədə iştirakına imkan verilmir, amma onlar hər dəfə Kürdəxanıdakı istintaq təcridxanasından Bakı Ağır Cinayətlər Məhkəməsinə gətirilir, səhərdən axşama qədər soyuq zirzəmidə saxlanılır: "Nəticədə təqsirləndirilən şəxslərdən dördünün səhhətində ciddi problemlər yaranıb. Əgər bu adamların məhkəmədə iştirakı təmin olunmursa, onları gətirib soyuq zirzəmidə saxlamağın məqsədi nədi? Bu, işgəncənin bir növüdü. Bu adamlar həm saxlanılan gün, həm də ondan sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində kifayət qədər işgəncələrə məruz qalıblar. Onlara məhkəmədə də işgəncə veriləcəksə, daha nəyi araşdıracağıq?"
 
PSİXOLOJİ DURUM
 
Başqa bir vəkil Cavad Cavadov Nardaran dustaqlarına bu münasibəti Avropa Konvensiyasının 3-cü (işgəncələrin, qeyri-insani və ləyaqəti alçaldan rəftarın qadağan olunması) maddəsinin pozuntusu kimi qiymətləndirib.
 
Müdafiəçi Zibeydə Sadıqova isə hesab edir ki, məhkəmə adamları cəzalandırarkən onların psixoloji durumunu da nəzərə almalıdı: "Bu adamlar iki ay Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılıblar, işgəncələrə məruz qalıblar. Günahları olmadan bir ildən artıqdır ki, ailələrindən uzaq düşüblər".
 
Əlövsət Abbasovun sədrlik etdiyi hakimlər kollegiyası vəsatəti təmin etməyib.
 
Təqsirləndirilən şəxslər özləri də məhkəmədə iştirakla bağlı müraciət göndəriblər. Amma hakimlər bu müraciəti də rədd edib.
 
 
Məhkəmədə həmçinin Nardaran əməliyyatından bir neçə gün sonra həbs olunan şəxslər üzərində aparılmış ekspertizanın rəyləri elan olunub. Rəylərdə Taleh Bağırov və digər təqsirləndirilən şəxslərin üzərində xəsarət izləri aşkarlandığı, onlardan bəzilərinin bədənində güllə qaldığı, aşkarlanan xəsarətlərin onlar saxlanıldığı gün - 2015-ci il noyabrın 26-da yetirilməyə uyğun gəldiyi qeyd olunub.
 
Məhkəmə prosesi dekabrın 23-də davam edəcək.(azadliq.org)

Google+ WhatsApp ok.ru