Nazim İbrahimovun qardaşı vətəndaşları evsiz qoyub

Bakı sakini Yeganə Ağayeva ölkə başçısı İlham Əliyevə müraciət edib. O, müraciətin bir surətini də mediaya ünvanlayıb. Yeganə Ağayeva yazır ki, Gənclikdə ailəsinə məxsus mülk olub. Həmin mülk satışa qoyulub. 2007-ci ildə mülkə müştəri çıxıb. Müştəri diasporla iş üzrə dövlət komitəsinin sədri Nazim Ibrahimovun qardaşı Sahib Ibrahimov olub: “Sahib İbrahimov ”makler"lə mülkə baxdı və bəyəndi. Belə bir razılaşma əldə olundu ki, o, mülkün əvəzində bizə 2111 kv.metr mənzil verəcək.
 
Sahib Ibrahimov həmin vaxt “Sahil D” tikinti şirkətinin təsisçisi idi. Beləliklə, razılaşmaya əsasən Xətai rayonunda “Sahil D” şirkətinin inşa etdiyi binalardan 13 mənzil bizə verildi. Mülk isə Sahib Ibrahimovun həyat yoldaşının adına keçirildi. Mülk mənim adıma olduğundan müqavilələr də mənimlə bağlandı. Həmin müqavilələr mənimlə “Sahil D” şirkətinin o zamankı direktoru, Nazim Ibrahimovun qaynı Məzahir Cəfərov arasında bağlandı. Mən mənzillərdən 6-sını müqavilə əsasında başqa şəxslərə satdım. Müqavilə imzalanarkən bina tam hazır olmamışdı. Binanın hazır olmasına az qalmış biz mənzillərlə maraqlanmağa getdik. Məlum oldu ki, Sahib Ibrahimov artıq şirkətin təsisçisi deyil. Onu kirvəsi Ilham Qasımov adlı şəxs əvəz edir. Ilham Qasımovla söhbətdən bəlli oldu ki, mənzilləri bizə vermək istəmir. Dedi ki, Sahib Ibrahimovun mənə borcu var, onu qaytarsın sonra. Ilham Qasımova Sahib Ibrahimovla onun arasında baş verənlərin bizə aidiyyəti olmadığını, müqavilə əsasında mənzil aldığımızı desək də, nəticəsi olmadı. Məzahir Cəfərov da təxminən eyni şeyləri dedi".
 
Yeganə Ağayeva yazır ki, bundan sonra yenidən Sahib Ibrahimovun yanına gediblər. Komitə sədrinin qardaşı isə bildirib ki, Ilham Qasımovla Məzahir Cəfərovun söylədikləri əsassızdır: “O, bizə dedi ki, mənzillər sizindir. Müqaviləniz var. Gedirik ki, Məzahir Cəfərovun yanına o yenə deyir ki, gedin haqqınızı Sahib Ibrahimovdan tələb edin. Təsəvvür edin ki, bir mülkümüz var idi, alıblar, indi evi vermirlər, küçələrdə qalmışıq. Belə ədalətsizlik olar?”.
 
Şikayətçi bildirir ki, bu məsələ ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsində proses gedir: “Aldadılan tək biz deyilik. Həmin binada mənzil alan 53 nəfərə eyni cavab verilir. Bu məsələ Korrupsiyaya Qarşı Mübarizə Idarəsi tərəfindən araşdırılıb. Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində işə baxılır. Biz zərərçəkən kimi tanınmışıq. Amma ”Sahil D" şirkəti Nərimanov Rayon Məhkəməsində bizə qarşı iddia qaldırıb. Müqavilələrin ləğvi tələb olunur. Təsəvvür edin, Bakı Ağır Cinayətlər Məhkəməsində işə baxılır, amma bunlar digər məhkəmədə mülki iddia qaldırırlar. Bakı Ağır Cinayətlər Məhkəməsi bununla bağlı Nərimanov Rayon Məhkəməsinə bildiriş göndərib, bunun qanunsuz olduğu izah olunub. Amma işə baxan Ramin Quliyev qanuna məhəl qoymur. Açıq-aydın görünür ki, Nəriman Rayon Məhkəməsinin hakimi Ramin Quliyev bu işdə maraqlı tərəfdir".
 
Yeganə Ağayeva ölkə başçısından bu məsələni nəzarətə götürməsini xahiş edir: “Biz öz haqqımızı tələb edirik. Bu gün bu adamlar məmur olan qohumuna güvənib bizim hala evlərimiz əlimizdən alıb. Sizdən artıq dərəcədə xahiş edirik ki, bu məsələni nəzarətə götürəsiniz. Ədalətin bərqərar olmasına yardımçı olasınız”.

Google+ WhatsApp ok.ru