İnterpol oliqarx Piriyevin oğlunun axtarış dosyesini açıqladı

İnterpol azərbaycanlı iş adamı Nəsib Piriyevin axtarışa verilməsi ilə bağlı məlumat açıqlayıb.
 
İnterpolun saytında verilən məlumata görə, 34 yaşlı Piriyev Nəsib Nizami oğlu Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilir. Azərbaycan hüquq-mühafizə orqanları N.Piriyev barəsində həbsli axtarış elan edib və saxlanılması üçün İnterpola müraciət olunub. Hazırda onun tutulması istiqamətində axtarışlar davam etdirilir.
 
Qeyd edək ki, APA dünən Azərbaycan Beynəlxalq Bankının ətrafında yaranmış kredit qalmaqalı ilə bağlı iş adamı Nəsib Piriyevin axtarışa verilməsi ilə bağlı məlumat yayıb.
 
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, “Azərbaycan Consaltinq Qrup”, “PNN Group” və bir sıra başqa şirkətlərin sahibi Nəsib Piriyev Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində başlanmış cinayət işi ilə əlaqədar axtarışa verilib. N.Piriyevin xarici ölkələrdən birində olduğu, dəfələrlə istintaqa çağırılmağına baxmayaraq, ölkəyə qayıtmadığı bildirilir.
 
Qeyd edək ki, Nəsib Piriyev bir müddət əvvəl həbs edilən və daha sonra azadlığa buraxılan iş adamı Nizami Piriyevin oğludur. Nəsib Piriyevin işi ilə bağlı daha dörd iş adamı hazırda həbsdədir.
 
Vəkil Kamandar Nəsibov açıqlamasında bildirib ki, həmin işlə bağlı tutulan iş adamları Adil Hüseynov, Adil Mikayılov, Erhan Cavad Yavuz və Ratmir Bəkirov hazırda Bakı İstintaq Təcridxanasında saxlanılırlar.
 
K.Nəsibov həmçinin iş adamı Nəsib Piriyevin axtarışa verilməsi xəbərini təsdiqləyib.
 
Nizami Piriyevin "PNN Group" şirkəti Azərbaycan Beynəlxalq Bankından 500 milyon dollara yaxın kredit götürüb. Bu kredit Bakının Qaradağ rayonunda “AzMeCo” metanol zavodunun tikintisinə sərf edilib. Lakin zavod qısa müddət fəaliyyət göstərdikdən sonra bu ilin əvvəllərində əsas xammal-təbii qaz olmaması üzündən dayanıb.
 
Daha sonra Beynəlxalq Bankdan kredit götürən oliqarxların həbsi kampaniyası çərçivəsində Nizami Piriyev də həbs edilərək DİN Baş Mütəşəkki Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb. Məhkəmə onun barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçib.
 
Bu ilin mayında SOCAR Piriyevin zavodunun işə salınmasına və Rusiyadan zavoda qaz alınmasına, onun borclarının qaytarılacağına təminat verəndən, illik faiz borcu olaraq 50 milyon dolları ödəyəndən sonra iş adamı həbsdən buraxılıb. İyun ayında metanol zavodu işini bərpa edib və 14 milyon dollarlıq metanol istehsal edərək satıb. Habelə SOCAR “Qazprom”la zavodun təbii qazla təminatına dair razılaşma əldə edib.
 
Vəkil Kamandar Nəsibov virtualaz.org saytına bildirib ki, Nəsib Piriyev metanol zavodu üçün götürülmüş kreditə görə yox, tamam ayrı məsələyə görə beynəlxalq axtarışa verilib.
 
Vəkilin bildirdiyinə görə, Nəsib Piriyev sahibi olduğu “Azerbaijan Consulting Group” (ACG) şirkətinin adına Beynəlxalq Bankdan 170 milyon dollar kredit götürüb və məhz bu kreditə görə beynəlxalq axtarışa verilib. Həmin şirkətin icraçı direktoru Elxan Yavuz isə 3 aydan çoxdur bu iş üzrə həbsdədir və “Bandotdel”də saxlanılır. Nəsib Piriyevin isə hazırda Londonda olduğu bildirilir.
 
Kamandar Nəsibov onu da deyib ki, Nizami Piriyev oğlunun Beynəlxalq Bankdan götürdüyü kreditlə heç bir əlaqəsinin olmadığını, onun öz biznes fəaliyyətində tam müstəqil olduğunu bildirir.
 
Xatırladaq ki, atası həbs olunanda N.Piriyev London qiymətli kağızlar birjasına "PNN Group" şirkətinin adından 1 milyard dollarlıq bond buraxdığını elan etmişdi. Daha sonra məlum olmuşdu ki, bu məlumat qondarmadır və heç bir bond buraxılmayıb.

Google+ WhatsApp ok.ru