İntiqam Əliyev təcridxanada töhmət alıb; Leyla Yunusa ərzaq və dərman verilmir

Həbsdə olan Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusa və Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyevə vəkilləri ilə görüşməyə istintaq orqanları tərəfindən süni əngəllər yaradılır. Hər iki hüquq müdafiəçisinin vəkillərinə müdafiə taktikası ilə bağlı göndərdikləri yazılar təcridxana rəhbərliyi tərəfindən ciddi senzuradan keçirilir.
 
Hüquq müdafiəçisi İntiqam Əliyevə təcridxanada töhmət verilib. Bu barədə musavat.com-a avqustun 19-da hüquq müdafiəçisi ilə görüşən vəkil Anar Qasımlı məlumat verib. O, yaranan problemlərlə bağlı bunları deyib: “Avqustun 19-da İntiqam müəllimlə görüşdüm. Saxlanma şəraiti ilə bağlı problemi yoxdur. Amma vəkilləri ilə görüşə, vəkillərin müdafiə taktikalarını qurmalarına ciddi bürokratik əngəllər var. İlk növbədə, bu əngəlləri istintaq orqanı törədir. Bildiyimiz kimi, İntiqam müəllimin müdafiəsinə çoxlu sayda vəkil qoşulub. Həbsdən 10 gündən artıq zaman keçməsinə baxmayaraq, bu vəkillər görüş ala bilmirlər. Onlara məktubların verilməsində problem var. Bakı İstintaq Təcridxanasının əməkdaşları tərəfindən çox ciddi problemlər yaradılır. Bu problemlər nədir? İntiqam Əliyeva töhmət verilib. Qərarı alıb, məhkəməyə müraciət etmək üçün təcridxananın dəftərxanasına yaxınlaşıram. Amma qərarı vermirlər.
 
Açıq şəkildə işçilər göstəriş verildiyinə görə, qərarı vermədiklərini bildirirlər. Özünü dəftərxananın rəisi kimi təqdim edən ədliyyə leytenantı Rauf Ələkbərov kobud  davranaraq, bildirdi ki, qəbul etməyəcək. Təcridxanada İntiqam müəllimin vəkilləri ilə yazışmalarına maneçilik törədilir. Onun bizə köməklik etmək məqsədilə yazdığı qeydlər alınaraq, bizə çatdırılmır. Bu, qanunla qadağandır”.
 
Vəkil təcridxanada görüş zamanı üzləşdikləri çətinliklərdən də danışıb: “Təcridxanada heç yerdə görünməmiş problemlərdən biri də, bir siyasi məhbus vəkili ilə görüşürsə, digərini gətirmirlər. Səbəb də bir-birini görmələrinə maneçilik yaratmaqdır. Məsələn, keçən dəfə mən görüşə gedəndə, Anar Məmmədli vəkili ilə görüşürdü. Ona görə İntiqam müəllimi yalnız görüş bitəndən sonra gətirdilər. Halbuki 20-yə yaxın görüş otağı var. Bu da müdafiə hüququnun pozulması deməkdir. Saatlarla biz görüş üçün gözləyirik. Bununla bağlı Penitensiar Xidmətin rəhbəri Mədət Quliyeva şikayət hazırlamışam. Mətbuat vasitəsilə müraciət etmək istərdim ki, Penitensiar Xidmət bu cür hallarla mübarizə aparsın. Əks halda bu cür hallar onlara başucalığı gətirmir”.
 
Avqustun 19-da həbsdə olan digər hüquq müdafiəçisi Leyla Yunusla vəkili Əlayif Həsənov görüşüb. Vəkil onun səhhətində yaranan problemlərin günbəgün artdığını və mətbuatda yayılan xəbərlərin tamamilə doğru olduğunu söyləyib: “Əksər mətbuat orqanlarında Leyla xanımın saxlanılması ilə bağlı yayılan məlumatlar doğrudur. Baxmayaraq ki, ona həyat yoldaşı Arif Yunus həbs edildikdən sonra dərman və başqa lazımı ləvazimatlar aparılmır. Bildiyimiz kimi, Leyla xanım şəkər xəstəliyindən ciddi əziyyət çəkir. Faktiki olaraq, Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsi məktubu təcridxanaya göndərmir. Nəticədə Leyla xanım lazım olan dərmanları və zəruri ərzaqları ala bilmir. Hazırda o, 6 nəfərlə 12 kvadrat metrlik bir yerdə saxlanılır. Onunla birlikdə otaqda təhlükəli sayılan dustaqlar saxlanılır. Bu dustaqlardan biri əvvəllər dəfələrlə məhkum olunub.
 
Onun digər məhbuslarla saxlanılmasına qanun icazə vermir. Ən nəhayət, Leyla xanımın saxlandığı otaqda dözülməz şərait yaradılıb. Pəncərələr tam açılmır. Kamerada zəruri əşyaların saxlanmasına icazə verilmir. Halbuki başqa kameralarda bunlar saxlanılır. Otaqdakı digər məhbuslarda belə təəssürat yaradırlar ki, siz Leyla xanıma görə bu cür məhrumiyyətlərə düçar olursunuz. Bununla onları Leyla Yunusa qarşı qoymağa çalışırlar”.
 
Əlayif Həsənov Leyla Yunusun vəkilləri ilə əlaqələrinə ciddi əngəllər yaradıldığını da qeyd etdi: “Leyla xanımın yazıları vəkillərinə verilmir. Hər bir yazısı məcburi qaydada oxunmalıdır. O, operativ məlumatlar ala bilmir. Həyat yoldaşı ilə bağlı belə məlumat ala bilmir. Ailə üzvləri ilə telefon əlaqəsinə imkan verilmir”.
 
Leyla Yunus vəkil vasitəsilə cəmiyyətə mesaj göndərib: “Leyla xanım cəmiyyətə mesaj göndərdi ki, onu indiyə qədər insan hüquqları sahəsindəki fəaliyyətinə görə məhv etmək istəyirlər. Buna qarşı xüsusi bir münasibət formalaşdırıblar. O, mübarizədən çəkinən deyil. Amma real olaraq, durumunun ağır olması barədə cəmiyyətə məlumat verməyimi xahiş etdi. O, həbs edilərkən müstəntiq ona “geyiminiz təcridxana üçün yararlı deyil” deyib. Halbuki Leyla xanım o geyimlə Parisə getməli idi. Çünki onun Parisə səfəri gözlənilirdi. Leyla xanım saxlanılarkən üstündə 43 manat pul olub. Amma bu gün həmin puldan onun özünə lazım olan əşyaları almasına imkan verilmir. Amma məndə olan məlumata görə, Penitensiar Xidmət bunu təkzib edib. Mətbuat vasitəsilə onlara səslənib deyirəm ki, əgər siz hesab edirsiniz ki, bunlar yalan məlumatlardır, onda vəkillərin və Leyla xanımın dediklərini yerində yoxlanılmasına şərait yaradın”.

Google+ WhatsApp ok.ru