İnvestisiya xərcləri azaldıldı

Dövlət əsaslı investisiya qoyuluşlarından 3 milyard manat kəsildi

Samir Əliyev: «2016-cı ildə hökumətin əsas probleminin işsizlik və inflyasiya olacağı əvvəlcədən bəyan olunmuşdu»
 
2016-cı il dövlət büdcəsinə düzəlişlər layihəsi dövlət əsaslı kapital qoyuluşlarının 15,6% – 3 mlrd. manata qədər azalmasını nəzərdə tutur. Bu barədə parlamentdən məlumat verilib. Xəbər verildiyi kimi, 2016-cı il dövlət büdcəsinə düzəlişlər layihəsi parlamentə təqdim olunub. Layihəyə əsasən, dövlət əsaslı kapital qoyuluşları daha əvvəl təsdiq olunmuş 3 mlrd. 554,8 mln. manatdan 3 mlrd. manatadək azalacaq.
 
Nəticədə dövlət əsaslı kapital qoyuluşlarının xüsusi çəkisi bu il üçün dövlət büdcəsi xərclərinin 21,9%-dən 16,2%-dək azalacaq.
 
Büdcə 18,5 milyarda qədər artacaq
 
Düzəlişlərə əsasən, 2016-cı il dövlət büdcəsinin gəlirləri 2 mlrd. 256 mln. manat və ya 15,5% – 16 mlrd. 822 mln. manata qədər, xərcləri 13,7% – 18 mlrd. 495 mln. manata qədər artacaq, kəsir 1 mlrd. 673 mln. manat təşkil edəcək.
 
Dövlət büdcəsinə edilən düzəlişlərdə neftin bir barrelinin qiyməti 25 dollardan hesablanıb, baxmayaraq ki, dövlət büdcəsi neftin bir barrelinin qiymətini 50 dollar olmaqla təsdiqləmişdi (Interfaks).
 
İqtisadçı Samir Əliyevin "Azadlıq"a bildirdiyinə görə, investisiya xərclərinin azaldılması gözlənilən idi. Ona görə ki, büdcə ixtisara məruz qalan zaman atılacaq ilk addım investisiya xərclərinin azaldılması olur: “Çünki müdafiə olunan xərclər var. Bunlar əmək haqqından tutmuş, sosial xərclərə qədər bəzi ödəmələr ixtisara düşmür. Investisiya xərcləri büdcə qəbul olunan zaman ixtisar olunmuşdu. Növbəti dəyişiklikdə bu xərclər bir qədər də ixtisar olundu. Bu gün ölkə iqtisadiyyatı staqnatsiya vəziyyətindədir. Iqtisadiyyat dayanıb və kiçilib. Iş yerləri bir-birinin ardınca bağlanır. Ölkədə iqtisadi proses, demək olar, getmir. Ölkə iqtisadiyyatının kreditləşməsi, demək olar, dayanmaq səviyyəsindədir. Eyni zamanda ticarət dövriyyəsi kəskin məhdudlaşıb. Məhdud olan istehsal bir qədər də azalıb. Bu gün faktiki olaraq iqtisadi dəyərin yaradılması prosesi pisləşib. Bəzi sektorlarda, ümumiyyətlə, dəyər yaradılmır. Bu ona görə gətirib çıxarır ki, bir tərəfdən iş yerləri bağlanır, vergi yığımında problem yaranır”.
 
S.Əliyev onu da vurğuladı ki, 2016-cı ildə hökumətin əsas probleminin işsizlik və inflyasiya olacağı əvvəlcədən bəyan olunmuşdu. Işsizliyin qarşısının alınması üçün mütləq yeni iş yerlərinin yaradılmalı olduğunu deyən S.Əliyev vurğuladı ki, özəl sektorda ÜDM-in payı yüksək olsa da, əsas iş yerlərini dövlət yaradır: “Dövlət sifarişi yoxdur deyə, özəl sektor da bu gün işsizliklə üzləşib. Ona görə hökumətin qarşısında duran əsas vəzifə işsizliyin qarşısını almaqdır. Bunu da etmək üçün ölkə iqtisadiyyatının investisiyaya böyük ehtiyacı var. Razıyam, səmərəsiz investisiyalar, bahalı layihələr dayandırılmalıdır. Amma daha çox kiçik layihələrə diqqət yetirilməlidir ki, onlar özlüyündə iş yerləri yaradıla bilsin”.

Google+ WhatsApp ok.ru