Piylənmə riski insan hələ körpəykən təxmin edilə bilir

Piylənmə riski insan hələ körpəykən təxmin edilə bilir

Yeni bir araşdırmaya görə, uşaqların anadan olan andakı çəkisi kimi faktorlar onların 10 yaşından etibarən piylənmədən əziyyət çəkib-çəkməyəcəyini təxmin etməyə imkan verir.

Doğuş çəkisi və ya ailədəkilərin çəkiləri kimi faktorları hesablayaraq bir uşağın 10 yaşından etibarən piylənmə problemiylə üzləşib-üzləşməyəcəyini doğru bir şəkildə təxmin etməyin mümkün olduğu ortaya çıxdı.

Amsterdamda fəaliyyət göstərən Akademik Tibb Mərkəzinin həkimi Tanja Vrijkotte piylənməyə müdaxilə etməyin çox çətin olduğunu; tibb bacısı, mamaça və həkimlərin mümkün qədər tez bir zamanda hərəkətə keçməli olduqlarını söyləyir.

Ailələr doğuşdan dərhal sonra xəbərdar edilməli, onlara sağlam qidalar və həyata keçirilməli fəaliyyətlərlə bağlı izahat verilməlidir: "Uşaqların sağlam böyüməsi üçün əvvəlcədən tədbir görməyə fokuslanmalıyıq".

Hollandiyada uşaqlardakı piylənmə probleminin onlar hələ 2 yaşındaykən yoxlama əsasında müəyyənləşdiyini, ailələrə də elə o vaxt dəstək təklif edildiyini bildirən Vrijkotte "Ancaq məncə, daha əvvəl başlamalı və ata-analarla bu mövzuda danışmalıyıq. Valideynlərə uşaqlarının tamamilə sağlam olduqlarını, bir problem görünmədiyini, amma yüksək riskin mövcudluğunu izah etməliyik" deyir.

"Amsterdamda anadan olan uşaqlar və onların inkişafı" adlı araşdırmanı həyata keçirən komanda sonrakı illərdəki piylənmənin xəbərçisi olan 17 amili araşdırıb.

8 min uşaq üzərində aparılan araşdırmada bu faktorlardan 12-si öyrənilib və uşaqların 10 yaşından etibarən piylənməyə məruz qalıb-qalmayacağının 70 faizlik ehtimalla təxmin edilə biləcəyi qənaətinə gəlinib.

Dünyaya gəldikdən sonrakı ilk 6 ayda alınan çəki, doğuş çəkisi, cinsiyyət, hamiləlikdə və uşaq anadan olduqdan sonra evin içində sigaret çəkilib-çəkilməməsi, anada diabet olub-olmaması, ana və atanın çəki nisbəti, uşağın gün ərzində baxım mərkəzlərinə verilməsi, ananın təhsili və etnik kökəni bu faktorlardan bəziləridir.

Genetika da piylənmədə rol oynayan faktorlardandır. Ancaq bu, valideynləri piylənmə riskiylə bağlı xəbərdar etmək üçün yetərli məlumat deyil.

İngiltərədəki Pediatriya və Uşaq Sağlamlığı Kraliyyət Kollecinin həkimi Max Davie "Artıq çəkili körpələrin gələcəkdə artıq çəkili böyüklərə çevrildiyini bilirik. Bu da gələcəkdə ciddi xəstəliklər ola biləcəyi deməkdir. Ona görə də körpəykən problemi müəyyənləşdirmək onların gələcəkdəki sağlamlığını qorumaq üçün işə yaraya bilər" deyir.

Kraliyyət Kollecinin professoru Helen Stokes-Lampard da körpəlikdəki piylənmənin günümüzün ən böyük sağlamlıq problemlərindən biri olduğunu düşünür./bbc/

Google+ WhatsApp ok.ru