Problemli kreditlərin aqibəti necə olacaq? EKSPERT RƏYİ

Fikrət Yusifov: `Bankların likvidliyinə ciddi təhlükə yarana bilər`

Bankların normal fəaliyyəti ilk növbədə onların likvidliyinin səviyyəsindən asılıdır. Bankın likvidliyi isə o vaxt təmin edilmiş olur ki, onun cəlb etdiyi və yerləşdirdiyi vəsaitlərin normal dövriyyəsi təmin edilmiş olsun. Bank hər hansı bir şəkildə cəlb etdiyi vəsaiti mənfəət əldə etmək məqsədilə öz müştərilərinə sərfəli şərtlərlə kredit şəkilində verir. Bəs bankın cəlb etdiyi vəsaitlərin strukturu necədir? Yəni bank hansı vəsaitləri kredit resursu kimi istifadə edə bilər?
 
Maide.az xəbər verir ki, mövzu ilə əlaqədar iqtisadçı ekspert Fikrət Yusifov SİA-ya açıqlamasında bildirdi ki, bura ilk olaraq bankın özünün xüsusi vəsaitləri, Mərkəzi Bankdan aldığı kredit resursları, əhalidən və hüquqi şəxslərdən cəlb edilmiş əmanətlər aiddir:
 
“Bank öz imkanlarını dəyərləndirib, hətta xarici maliyyə təşkilatlarından da sərfəli şərtlərlə vəsaitlər cəlb edə bilər. Vəsaitlərin cəlb edilməsində əsas məqsəd onların müştərilər arasında daha etibarlı və daha sərfəli şərtlərlə yerləşdirilməsini həyata keçirmək yolu ilə mənfəət qazanmaqdan ibarətdir. Bank cəlb etdiyi vəsaitlərə görə öz üzərinə öhdəliklər götürmüş olur. Məsələn əhalidən cəlb edilmiş vəsaitlərə görə bank müştəriyə həm faiz ödənişləri etməli və həm də bağlanmış müqaviləyə əsasən vaxtı çatdıqda əmanəti tam həcmdə ona qaytarmalıdır. İndi gəlin izahımızı bu sadə misalla da davam etdirək. Bank əhalidən əmanət cəlb edir və bunun üçün həmin əmanətə görə onun sahibinə faiz ödəmək, vaxt başa çatdıqda isə vəsaiti tam həcmdə geriyə qaytarmaq öhdəliyi götürür. Bank bu öhdəlikləri tam həcmdə və vaxtında yerinə yetirir. Bankın əmanət şəkilində cəlb etdiyi bu vəsait kredit şəkilində başqa bir müştəriyə verilir. Krediti alan müştəri isə ödəməli olduğu faizləri və əsas borcu vaxtında qaytarmır. Bu halda vəsaitlərin dövriyyəsində problemlər yaranmağa başlayır. Yəni bank əmanət yerləşdirən müştəri qarşısında öz öhdəliklərini tam yerinə yetirir (əmanətlərə görə faizləri vaxtlı-vaxtında ödəyir və müqavilə müddəti başa çatanda müştərinin əmanətini tam həcmdə ona qaytarır) lakin bankdan kredit almış müştəri bunu etmir və ya tam şəkildə etmir. Bankdan kredit götürmüş və onu vaxtında qaytara bilməyən müştərilərin sayı artdıqda isə bankın vəziyyəti bütövlükdə çətinləşir. Bir sözlə problemli kreditlərin artması sonda bankın likvidliyinin pozulmasına səbəb olur”.
 
Ekspert həmçinin hazırda banklarda gecikmiş kreditlərin həcminin getdikcə artmasının səbəbinə də aydınlıq gətirib. F.Yusifov qeyd edib ki,  bunun bir əsas səbəbi manatın son devalvasiyasından sonra valyuta ilə verilmiş kreditlərlə bağlı yaranmış vəziyyətdir: “Xarici valyutada verilmiş kreditlər üzrə yaranmış məzənnə fərqi bu gün onların ödənişi sahəsində ciddi problemlər yaradıb. Problemin həlli istiqamətində zəruri addımlar atılmadığı tədqirdə qaytarılmayan kreditlərin həcmi arta bilər ki, bu da bankların likvidliyinə ciddi təhlükə yarada bilər. Bu səbəbdən hökumət, Mərkəzi Bank və müvəkkil banklar birlikdə bu problemin həlli yollarını axtarıb tapmalıdırlar. Biz mətbuat səhifələrində bu məsələ ilə bağlı bir neçə dəfə təkliflər irəli sürmüşük. Fikrimcə, bu yükü Mərkəzi Bank öz üzərinə götürməlidir”.

Google+ WhatsApp ok.ru