Qanun işə ədalətsiz baxan hakimlərlə bağlı nə deyir?

Müzəffər Baxışov: `Təəssüf ki, ölkədə məhkəmə hakimiyyəti iflic vəziyyətindədir`

Paytaxtın Yeni Günəşli qəsəbəsinin sakini B.E. qızına qarşı təcavüzlə əlaqədar Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesin gedişindən narazıdır. O, hesab edir ki, məhkəmə istintaqı birtərəfli aparılır, təqsirləndirilən şəxsə qarşı yumşaq, ona və qızına isə sərt rəftar nümayiş etdirilir.
 
Zərərçəkmiş tərəfin sözlərinə görə, prosesin bu cür qərəzli aparılması ilə əlaqədar dəfələrlə məhkəmə tərkibinə etiraz veriblər, amma təmin olunmayıb. Bu məqsədlə məhkəmənin sədrinə, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədova yazdığı şikayətlər də nəticəsiz qalıb.
 
Üstəlik, məhkəmə prosesinə sədrlik edən hakim Eynulla Vəliyevin zərərçəkmişə belə bir məktub göndərib:
 
“Bakı Ağır Cinayətlər Məhkəməsinin sədrinin qəbulundan daxil olan şikayət məktubunuz və ərizəniz tam araşdırılıb. Şikayətinizdə göstərdiklərinizin hamısı cəfəngiyyat və şər-böhtan xarakteri daşıyır. Iş materiallarından görünür ki,  siz hələ ibtidai istintaq dövründə də işi aparan müstəntiqlərə, şahidlərə və ekspertlərə müxtəlif təsir və təzyiqlər göstərib, böhtan xarakterli ərizələrinizlə ibtidai istintaqın gedişinə mane olmusunuz. Bu gün isə məhkəmə iclasları zamanı ifadə verən şahidlərə, ekspertlərə təzyiqlər etməyiniz, onları təhqir etməyiniz, həmçinin hakimləri hədələməyiniz bunun bariz nümunəsidir. Ərizənizdə qeyd etdiyiniz ekspertizanın ölkə xaricində keçirilməsinə isə məhkəmənin 20 noyabr 2015-ci il tarixli ”əlavə təkrar komisyon məhkəmə-tibb ekspertizası” keçirilməsinə dair qərarında qiymət verilib. Bildirirəm ki, cinayət işi üzrə yuxarıda qeyd olunan ekspertizanın keçirilməsi barədə qərar qəbul olunmuş və məhkəmə iclası qeyri-müəyyən vaxta qədər təxirə salınıb. Bir daha sizi intizama dəvət edib şər və böhtan xarakterli ərizə və məktublar yazmaqla işin gedişatına mane olmamağa dəvət edirəm. Eyni zamanda, qadın və ana olmağınıza hörmətlə yanaşmağınız məsləhət görülür. Bu iş üzrə sədrlik edən və digər hakimlərin heç bir marağı yoxdur və ola da bilməz”.
 
Maraqlıdır, qanunvericilik vətəndaşın işinə baxan hakimdən narazılığı ilə bağlı nə deyir?
 
“Hüquqi Dövlət” Araşdırmalar Fondunun rəhbəri Müzəffər Baxışov "Azadlıq"a deyib ki, hakimin vətəndaşın işinə baxmaqda hansısa qərəzi varsa və qarşı tərəf bu barədə kifayət qədər sübuta malikdirsə, hakimə etiraz edə bilər. Cinayət Prosessual Məcəllənin 109.1.8-ci maddəsinə görə, hakimin işə qərəzli münasibətinə əsaslı şübhələr varsa, bununla bağlı məhkəmə hakimə etiraz edə bilər: “Vətəndaş işə baxan üç hakimin hamısına etiraz edirsə, bu yazılı etiraza məhkəmənin sədri baxır. Etiraza yetərincə əsaslar varsa, hakimlər işə baxmaqdan kənarlaşdırıla bilər: ”Amma təəssüf ki, ölkədə məhkəmə sistemi başqa strukturda qurulub. Ali Məhkəmənin sədri məhkəmə hakimiyyətini öz vəzifəsinə qurban verirsə,  birinci instansiya məhkəməsinin hakimlərindən nə gözləmək olar?! Qanunsuz sifarişlər olan yerdə hansı məsuliyyətdən danışmaq olar?! Məhkəmə sistemində ciddi islahatlar keçirilməli və məhkəmələrin müstəqilliyi təmin olunmalıdır. Hakimlər müstəqil şəkildə, tam araşdırma aparandan sonra müvafiq qərarlar qəbul etməlidilər. Əfsus ki, ölkədə əks proseslər gedir və məhkəmə hakimiyyəti iflic vəziyyətindədir”.

Google+ WhatsApp ok.ru