`Qarabağ` - `Seltik` matçına bilet satışı bərpa olunub

Futbol üzrə Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"ın Şotlandiya "Seltik"i ilə keçirəcəyi cavab görüşünə bilet satışı bərpa olunub. Ağdam klubunun rəhbərliyi tərəfindən hüquq-mühafizə orqanlarına müraciət edildikdən sonra Tofiq Bəhramov adına Respublika stadionunun kassaları ətrafına polis briqadaları yerləşdirilib. 
Eyni zamanda, klub işçiləri və könüllülərdən ibarət gənclər satışa nəzarət edir, azarkeşlərin sıra ilə bilet almalarını təmin edir.
"Qarabağ" rəhbərliyi vətəndaşlardan xahiş edir ki, qanunsuz bilet alverinin qarşısının alınması üçün mütləq kassalardan bilet alsınlar. Biletlərin qiymətləri nömrəli sektorlar üzrə 1 - 10 manat arasında dəyişir. Biletlər 13 - 16, 29 və 38-ci sektorlara 10 manata, 12 və 17-ci sektorlara 8 manata, 11 və 18-ci sektorlara 6 manata, 10 və 19-cu sektorlara 5 manata, 8-9 və 20-21-ci sektorlara 3 manata, 5 - 7 və 22 - 24-cü sektorlara 2 manata, 1 - 4 və 25 - 27-ci sektorlara 1 manata satılır. VİP bilet isə 50 manatadır. 
Qeyd edək ki, avqustun 5-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Seltik" matçı saat 21:30-da başlanacaq. İlk görüş Şotlandiya komandasının qələbəsi ilə yekunlaşıb - 1:0. 

Google+ WhatsApp ok.ru