Qatilin atası zərərçəkmişə 100 min manat qanpulu təklif etdi

Ötən ilin sentyabrın 5-də keçmiş qaynı Ürfan Rzayev tərəfindən qətlə yetirilən karate üzrə qara kəmər ustası Kamal Rüstəmovun atası Əli Rüstəmov istintaqın gedişindən növbəti dəfə Moderator.az vasitəsilə baş prokuror Zakir Qaralova şikayət edib:
 
“Hörmətli baş prokuror!
 
Məhkəmə zamanı verdiyim vəsatət üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsi işi yenidən təkrar istintaqa göndərəndə elə zənn edirdim ki, nəhayət, ədalət yerini tapacaq. Çünki Ədliyyə Naziriliynin Ekspertiza Mərkəzi Göygöldəki qondarma ekspertiza rəyinin saxta olduğunu üzə çıxarandan və qətlin törədildiyi yerdə iki nəfərdən savayı başqa qan nümunələrinin də olmasını təsdiq edən rəyi bəlli olandan sonra məhkəmənin işi yenidən istintaqa qaytarmaqdan başqa yolu qalmadı.
Yəni Göygöldəki məhkəmə tibbi ekspertizasının verdiyi saxta rəydə cinayət işinin düzgün aparıldğı iddia olunsa da qatilin verdiyi izahatla tibbi ekspertizanın verdiyi rəy üst – üstə düşmədiyindən cinayət işi təkrarən Göygöl Rayon Prokurorluğuna göndərildi. Guya istintaq bu dəfə işi obyektiv araşdıracaq, hadisə zamanı oğlumun baş və kürək nahiyyəsinə xüsusi ağır alətlə endirilən zərbələrin və xəsarətlərin kim tərəfindən törədilməsi üzə çıxarılacaq, cinayətin digər iştirakçıları da ifşa olunacaqdı.
 
Mən cinayət işinin yenidən Göygöl rayon prokurorluğuna qaytarılmasına nə qədər etiraz etsəm də buna əhəmiyyət verilmədi. Baxmayaraq ki, ibtidai istintaqda və sonradan Göygöl rayon prokurorluğunun hər vəchlə qatilə himayədarlıq etməsinin, qatilin iş adamı və imkanlı şəxs olan atası Tapdıq Rzayevə xüsusi hüsn – rəğbət bəsləməsinin şahidi olmuşdum və prokurorluğun qatil atasından külli miqdarda rüşvət aldığıyla bağlı əlimdə etiraflar, əsaslar var idi. Təsəvvür edin ki, pulla oğlumun qanının batırılmasının mümkün olacağına zərrə qədər də şübhə etməyən Tapdıq Rzayevin gözünü pul elə örtmüşdü ki, hətta mənə də şikayətimdən imtina etməyimin əvəzində 100 min manat qanpulu təklif etmişdi.
 
Mən dəfələrlə Rövşən Əmrahovdan baş prokurora şikayət etmişəm və oğlumun qətlə yetirilməsiylə bağlı cinayət işinin Göygöldən alınaraq Baş Prokurorluqda istintaq edilməsini xahiş etmişəm. Amma qaldırdığım vəsatətlər və etdiyim müraciətlər nəticəsiz qalıb. Onlardan yuxarı instansiyalara şikayət etdiyimə görə Göygöl rayon prokurorluğu məni dinləməkdən, şikayətlərimi araşdarmaqdan, qaldırdığım vəsatələri yoxlamaqdan imtina edir və az qala elə mənim özümü qatil gözündə görür.
 
Məni narahat edən bir məqam da bu ayın 4 – də Siz – baş prokuror Zakir Qaralov Qəbələdə vətəndaşların qəbulunu keçirərkən israrlı cəhdlərimizə baxmayarq prokurorluq işçiləri bizim baş prokurorun qəbuluna yazılmağımıza şərait yaratmamaları və hər vəchlə bizim Zakir müəllimlə görüşümüzün əngəllənməyə çalışılmasıdır.
 
Mən özüm Baş Prokurorluqda oldum və bölgə prokuroru Elvin Mirzəyevin qəbulunda olarkən dinlənilmək əvəzinə təhqir olundurm. Ona görə də mən Zakir Qaralova səslənirəm ki, ilk dəfə Tərtər rayonunda vətəndaşların qəbulunu həyata keçirərkən qəbulunuzda oldum və mənə bu cinayət işini şəxsi nəzarətinizə götürdüyünüzü söz vermişdiniz. Siz məni əmin etmişdiniz ki, bu işə tamamilə obyektiv baxılacağına tapşırıq vermisiniz və cinayətin digər iştirakçılarının da məsuliyyətə cəlb edilməsini təmin edəcəksiniz. Ancaq görünən odur ki, şəxsi nəzarətinizdə belə olan cinayət işlərində prokurorluq orqanları öz bildiyini edir. Göygöl rayon prokurorluğunun mənim oğlumun qətlə yetirilməsiylə bağlı davranışları belə bir bədbin qənaətə gəlməyə tam əsas verir.
 
Hörmətli Zakir müəllim, sinəsinə övlad dağı çəkilmiş bir ata kimi Sizdən xahiş edirəm ki, məni qəbul edəsiniz və Göygöl rayon prokurorluğunda üzləşdiyim davranışlar və istintaqın tutduğu qərəzli mövqe barədə fikirlərimi dinləyəsiniz.”

Google+ WhatsApp ok.ru