Qiyas İbrahimin işi məhkəməyə göndərilib

Qiyas İbrahimin işi məhkəməyə göndərilib

Narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Nida Vətəndaş Hərakatının üzvü Qiyas İbrahimin cinayət işi icraata verilib. Bu barədə "Turan"-a vəkil Elçin Sadıqov məlumat verib.
 
Onun sözlərinə görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ənvər Seyidovun icraatına verilib. "Amma hələ hazırlıq iclasının vaxtı təyin edilməyib", deyə vəkil bildirib.
 
Bayram Məmmədovun məsələsinə gəlincə, E.Sadıqov deyib: "Bayram Məmmədovla bağlı bir istintaq hərəkəti belə aparılmayıb. Odur ki, onun məhkəmə önünə nə vaxt çıxarılacağı məlum deyil".
 
Qiyas İbrahim və Bayram Məmmədov bu il mayın 10-da - naməlum şəxslərin Heydər Əliyevin heykəlini yazdıqdan sonra saxlanılıblar. Mayın 12-nə kimi gənclərin harada saxlanıldığı məlum olmayıb. Mayın 12-də hər iki gənc Xətai rayon Məhkəməsinə çıxarılıb. Daxili İşlər Nazirliyi gənclərin yaşadıqları evlərin hər birindən 1 kq heroin aşkar etdiyi barədə məlumat yayıb. Gənclər Cinayət Məcəlləsinin 234.4.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunub. Xətai Rayon Məhkəməsində onlar barəsində dörd ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Gənclər ittihamları rədd edirlər.
 
Məhkəmə prosesində hər iki gənc saxlanıldıqları zaman işgəncələrə məruz qaldıqlarını deyiblər, hakim bu faktın araşdırılması haqda qərar qəbul edib, amma bu məsələ araşdırılmamış qalır.
 

Google+ WhatsApp ok.ru