QURANİ-KƏRİMDƏ MƏSƏLLƏR-2

QURANİ-KƏRİMDƏ MƏSƏLLƏR-2

MƏSƏLLƏRDƏN İSTİFADƏNİN ƏHƏMİYYƏTİ

Öncəki yazını BURADAN oxuya bilərsiz!

Danışıq və yazıda məsəldən istifadənin bir sıra məziyyətləri vardır ki, burada onlara qısa izah veririk:

1. Cəmiyyətdə qısa bir ifadənin uzun müddət işlənməsi fikir bitkinliyini aşılayan “məsəl” adını daşıyır. Fikirlər daim təcrübə və zamanın süzgəcindən keçir, xamlar gözdən düşür və yaddaşlardan silinir.

2. “Məsəl”lər qısa olub dərin məna daşıyır və bəzən, bir kitab qədər məlumatı əhatə edir. Odur ki, çoxları məsəl əzbərləməyə xüsusi rəğbət göstərirlər.

3. “Məsəl”in hüdudları çox genişdir və xalqların yaddaşından silinməyən həmişəyaşar obrazdır. Məsəl, sanki mahiyyətcə zaman və məkan sərhədlərini aşan riyazi-həndəsi düsturları xatırlayır. Bu xüsusiyyətinə görə, bəzən, məsəllər dünyəvi xarakter daşıyır. Məsələn, Azərbaycan dilindəki “Özgəsinə quyu qazan özü düşər” məsəli fars və ərəb dillərində də işlənir. Fars dilində belə deyilir:

چاه مکن که خود در آن افتی

“Çah məkən ke xod dər an ofti.”

Ərəb dilində isə belə deyilir:

مَنْ حَفَرَ بِئراً وَقَعَ فيه

“Mən həfərə bi`rən, vəqəə fihi.”

Qurani-Kərimdə bu məsəlin məzmununu əks edən bir ayə var:

...وَلَا یحِیقُ الْمَكْرُ السَّیئُ إِلَّا بِأَهْلِهِ...

“...Pis əməl yalnız sahibini haqlayar...” (“Fatir” surəsi, ayə 43.)

4. “Məsəl” məzmun və fikirlərin xarici reallıqların vasitəsilə zehinlərə ötürməsinə şərait yaradır.

5. “Məsəl” məna dinamikliyinə görə insanı düşünməyə vadar edir.

6. “Məsəl”də nəsihət və məzəmmət janrı xüsusi əhəmiyyət kəsb edir.

7. Xalqlarla bağlı məsəllər onların mədəniyyət və təfəkkür tərzini aşılayır.

8. Məsəllər ümumi xarakterliyinə görə şeir və ədəbiyyatdan öndədir. Adətən, ədəbi əsərlərin müəllifini fərdlər təşkil etdiyi halda, məsəllər isə ümumi təfəkkür və mədəniyyətdən qaynaqlanır, hamı tərəfindən rahat düşünülür. Qurani-Kərimdə “məsəllər”in bu sayaq təsirləri nəzərə alınaraq belə buyurulur:

...وَتِلْكَ الْأَمْثَالُ نَضْرِبُهَا لِلنَّاسِ لَعَلَّهُمْ یتَفَكَّرُونَ

“...Biz bu misalları insanlar üçün çəkirik ki, bəlkə düşünələr.” (“Həşr” surəsi, ayə 21.)

Şübhəsiz, məsəlin digər xüsusiyyətləri də var ki, qeyd etdiklərimizlə kifayətlənir və bəzi alimlərin uyğun mövzu ilə bağlı qeydlərinə yer veririk:

İbrahim Nizam (vəfatı 231) yazır: “Məsəldə dörd məziyyət olmalıdır: 1. qısa; 2. dərin məna; 3. bədiilik; 4. bənzətmədə dəqiqlik. (“Məcməül-əmsal”, 1-ci cild, səh.6.)

Zəməxşəri “məsəl”in faydaları ilə bağlı yazır: “Ərəblərin arasında zərbi məsəlin xüsusi yeri var. Zərbi məsəl gizli mənaları üzə çıxarır, qaranlıq mətləbləri aydınlaşdırır, xəyaldakıları nəzərlər üçün gerçəkləşdirir, gümanla yəqinin yerini dəyişə bilir, gizlini aşkar edir. Elə buna görə də, Qurani-Kərim və digər səmavi kitablar misallara xüsusi yer vermiş, peyğəmbərlər və hikmət sahibləri kəlamlarında onlardan istifadə etmişlər.” (“Əl-kəşşaf”, 1-ci cild, səh.72; “Qurani-Kərimdə ibrətamiz məsəllər”, Ayətullah Cəfər Sübhani, səh.4-6.)

Tərcümə etdi: Rza Şükürlü (Maide.az)

Ardı var...

 

Google+ WhatsApp ok.ru