Qurani-Kərimdə məsəllər -3

Qurani-Kərimdə məsəllər -3

Məsəlin növləri

Öncəki yazını BURADAN oxuya bilərsiz!

Qurani-Kərimdə çəkilən məsəllər tamamilə ibrət xarakterlidir və düşüncələrin oyanmasına xidmət edir. Nümunə olaraq, bir ayədə belə buyurulur:

لَوْ أَنْزَلْنَا هَذَا الْقُرْآنَ عَلَى جَبَلٍ لَرَأَیتَهُ خَاشِعًا مُتَصَدِّعًا مِنْ خَشْیةِ اللَّهِ وَتِلْكَ الْأَمْثَالُ نَضْرِبُهَا لِلنَّاسِ لَعَلَّهُمْ یتَفَكَّرُونَ

“Əgər Biz bu Quranı bir dağa nazil etsəydik, mütləq onun Allah qorxusundan kiçildiyini və parçalandığını görərdin! Bu məsəlləri insanlar üçün çəkirik ki, bəlkə düşünələr.” (“Həşr”/21.)

Diqqət yetirməliyik ki, “məsəl”in iki mənası var:

1. Müəyyən bir münasibətdə deyilib, tədricən, cəmiyyətin mədəni irsinə daxil olaraq, nəsildən-nəslə ötürülən hikmətli söz;

2. “Təşbeh”, “metafora”, “kinayə” və “məcaz”.

Onun birinci mənası mövzumuzdan kənardır. Demək, Qurani-Kərimin məsəlləri, əksərən, ikinci qismə daxildir və “təşbeh”i bildirir və bunu da üç qismə bölmək olar ki, Qurani-Kərimidə çəkilən misallar bu qismlərdən ikisinə aiddir:

1. Təmsil:

“Təmsil” heyvanların, quşların, bitkilərin və hətta daş-kəsəklərin dilincə deyilən hekayə və dastanları təşkil edir. “Kəlilə və dimnə” əsəri bunun bariz nümunəsidir. Məşhur şair Əttar Nişapuri də “Məntiqut-teyr” adlı əsərində bu üslubdan istifadə etmişdir. Bəzi nadanlar Qurani-Kərimin dastanlarını, xüsusən, həzrət Adəmin (ə) əhvalatını, Şeytanın onu aldatmasını, Habillə Qabilin sərgüzəştini, habelə qarışqanın həzrət Süleymanla (ə) danışığını “təmsil” kimi qələmə vermək istəmişlər. Halbuki bu təsəvvür Qurani-Kərimin buyruqları ilə əsla uzlaşmır və onun dastan və əhvalatları təmsil deyil, bir sıra qeybi həqiqətlərə əsaslanır. Məsələn:

لَقَدْ كَانَ فِی قَصَصِهِمْ عِبْرَةٌ لِأُولِی الْأَلْبَابِ مَا كَانَ حَدِیثًا یفْتَرَى وَلَكِنْ تَصْدِیقَ الَّذِی بَینَ یدَیهِ وَتَفْصِیلَ كُلِّ شَیءٍ وَهُدًى وَرَحْمَةً لِقَوْمٍ یؤْمِنُونَ

“Onların əhvalatlarında ağıl sahibləri üçün, sözsüz ki, ibrət vardır. (Bu Quran) uydurma bir söz deyildir. Ancaq özündən əvvəlkilərin (ilahi kitabların) təsdiqi, hər bir şeyin müfəssəl izahıdır. O, iman gətirən tayfa üçün hidayət və mərhəmətdir!” (“Yusif”/111.)

2. Sərgüzəşt:

Burada gələcək nəsillərin ibrət alması məqsədilə bəyan olunan keçmiş qövm və xalqların sərgüzəştləri nəzərdə tutulur. Qurani-Kərimin sərgüzəşt və hekayələri tamamilə bu növə aiddir. Məsələn:

ضَرَبَ اللَّهُ مَثَلًا لِلَّذِینَ كَفَرُوا امْرَأَتَ نُوحٍ وَامْرَأَتَ لُوطٍ كَانَتَا تَحْتَ عَبْدَینِ مِنْ عِبَادِنَا صَالِحَینِ فَخَانَتَاهُمَا فَلَمْ یغْنِیا عَنْهُمَا مِنَ اللَّهِ شَیئًا وَقِیلَ ادْخُلَا النَّارَ مَعَ الدَّاخِلِینَ

“Allah kafir olanlara Nuhun və Lutun zövcəsini məsəl çəkdi. Onlar Bizim bəndələrimizdən olan əməlisaleh iki bəndənin (kəbini) altında idilər. (Bu qadınlar) öz ərlərinə xəyanət etdilər və onların (ərləri peyğəmbər olsalar da) o iki qadının heç birinə Allah qarşısında bəraət qazandırmadı və (ölüm anında) onlara deyildi: “Bərzəxin oduna daxil olun! (Qiyamət günü) onlara deyiləcəkdir: “Daxil olanlarla birgə siz də (əbədi) oda girin!” (“Təhrim”/10.)

3. Təsviri məsəl:

“Təsviri məsəl”də hər hansı xarici əşya və s. digərinə təşbeh edilir. Məsələn:

إنَّمَا مَثَلُ الْحَیاةِ الدُّنْیا كَمَاءٍ أَنْزَلْنَاهُ مِنَ السَّمَاءِ فَاخْتَلَطَ بِهِ نَبَاتُ الْأَرْضِ مِمَّا یأْكُلُ النَّاسُ وَالْأَنْعَامُ حَتَّى إِذَا أَخَذَتِ الْأَرْضُ زُخْرُفَهَا وَازَّینَتْ وَظَنَّ أَهْلُهَا أَنَّهُمْ قَادِرُونَ عَلَیهَا أَتَاهَا أَمْرُنَا لَیلًا أَوْ نَهَارًا فَجَعَلْنَاهَا حَصِیدًا كَأَنْ لَمْ تَغْنَ بِالْأَمْسِ كَذَلِكَ نُفَصِّلُ الْآیاتِ لِقَوْمٍ یتَفَكَّرُونَ

“Həqiqətən, dünya həyatı göydən endirdiyimiz suya bənzəyər ki, onunla yer üzündə insanların və dördayaqlıların yeyəcəyi bitkilər yetişib bir-birinə qatışar. Nəhayət, yer üzü bəzənib-düzəndiyi və sakinləri də (onun məhsulunu, meyvəsini) yığmağa qadir olduqlarını zənn etdikləri vaxt gecə, yaxud gündüz əmrimiz (bəlamız) gələr və Biz onu dünən üzərində bol məhsul olmamış kimi, biçilmiş bir hala gətirərik. Biz ayələrimizi düşünən ümmət üçün bu sayaq izah edirik!” (“Yunis”/24.)

Bir sözlə, Qurani-Kərimin məsəlləri ya təsviri, ya da sərgüzəştdən ibarətdir və onda əsla “təmsil” yoxdur. (“Qurani-Kərimdə ibrətamiz məsəllər”, Ayətullah Cəfər Sübhani.)

Tərcümə etdi: Rza Şükürlü (Maide.az)

Ardı var...

 

Google+ WhatsApp ok.ru