Rabitə Nazirliyinin aparat rəhbərinin maddələri açıqlandı - Vəkilindən açıqlama

İşdən çıxarılaraq həbs edilən Azərbaycanın ən varlı adamlarından biri kimi tanınan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparat rəhbəri Vidadi Zeynalovun hansı maddələrlə ittiham olunduğu bəlli olub.
 
Bu barədə Zeynalovun vəkili Adəm Məmmədov "Qafqazinfo"ya açıqlamasında məlumat verib. Vəkil bildirib ki, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Vidadi Zeynalovla görüşüb. Vidadi Zeynalov Cinayət Məcəlləsinin 179.3.2 (Mənimsəmə və ya israf etmə; külli miqdarda törədildikdə;) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub. A.Məmmədov deyib ki, cinayət işi Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən araşdırılır: "Buna görə də Vidadi Zeynalovun adının MTN-lə bağlı proseslərdə hallanması düzgün deyil. Vidadi Zeynalovla görüşümüzdə o dedi ki, ömründə bir dəfə də olsun Eldar Mahmudovun üzünü görməyib. Dedi məni MTN-lə bağlayan yeganə amil qardaşımın o nazirlikdə idarə rəisi işləməsidir. Qardaşım da son proseslər zamanı artıq vəzifəsindən çıxarılıb. Vidadi Zeynalovun səhhəti yaxşıdır, saxlanma şəraitindən şikayəti yoxdur".
 
Qeyd edək ki, Səbail Rayon Məhkəməsinin qərarı ilə V. Zeynalov barəsində 3 ay müddətinə həbs - qəti imkan tədbiri seçilib.

Google+ WhatsApp ok.ru