Rüfət Səfərov: “Ölüm aclığına başlayıb-başlamayacağım barədə qərar verəcəm”

Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri Eldar Sabiroğlu və onun oğlu, Zərdab Rayon Prokurorluğunun müstəntiqi vəzifəsindən istefa vermis Rüfət Səfərov “Amerikanın səsi”nə müsahibə veriblər. Müsahibələrdə son zamanlar onlara qarşı haqsızlıqların olduğunu qeyd edirlər.
 
Bununla yanaşı Baş Prokurorluğun mətbuat xidməti Rüfət Səfərovun qanunveriçiliyin tələblərini  kobud surətdə pozaraq prokurorluq orqanlarında prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə prokurorluq orqanlarından xaric edildiyini bildirir.
 
“Oğlumun iş otağında və evində axtarış aparılmasına çox təəssüf və təəccüb edirəm. Oğlumla sanki bir cinayətkar şəxs kimi rəftar edirlər”- Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri, hakim Yeni Azərbaycan Partiyasının üzvü Eldar Sabiroğlu “Amerikanın səsi”nə müsahibəsində oğlu, Zərdab Rayon Prokurorluğunda müstəntiq vəzifəsindən istefa vermis Rüfət Səfərovla bağlı aparılan yoxlamaya münasibət bildirərkən deyib. 
 
E.Sabiroğlu oğlu Rüfətin iş otağından şəxsi komputerini və mobil telefonlarını götürdüklərini və sonra evində axtarış apardıqlarını deyib.
 
“Bu, necə ola bilər? O, hansı cinayəti törədib, hansı silahlı üsyanın başında durub, dövlətə qarşı hansı təxribatı aparıb? Söz deyib, onun sözü ilə mən razılaşmasam da öz sözünü deyib. Axı sözə görə, bu cür təqib, bu cür münasibət olmamalı idi”, - o qeyd edib.
 
E.Sabiroğlu sual edib ki, “kim zəmanət verə bilər ki, oğlumun götürdükləri komputerə nə isə daxil edib sonra onu ittiham etməsinlər?” 
 
O, oğlunun aclıq elan etdiyini bildirib. “Çox səhv edib. Xahiş edirik aclığı dayandırmır. O, özünə qarşı münasibətə etiraz edir”, -E.Sabiroğlu vurğulayıb.
 
E.Sabiroğlu dekabrın 21-də özünə və oğluna qarşı münasibətlə bağlı ölkə prezidentinə müraciət edib. “Hələ heç bir reaksiya yoxdur. Mən yenə ümidimi üzmürəm. Hesab edirəm ki, cənab prezidentin xəbəri olsa bu işlərdən, qeyri-qanuni işlərin qarşısını alar və müvafiq orqanlara öz tapşırığını verər”, - o ümiddə bildirib.
 
O, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə qarşı mübarizə apardığını xatırladıb.
 
“Oğlum Rüfət də onun əlinə böyük şans verdi. O da bundan istifadə edir”.
 
E.Sabiroğlu Ramiz Mehdiyevin haqqında yazdığı siyasi hekayətin ikinci hissəsini də dərc etdirəcəyini bildirib: “Bu hekayətdə insanları Ramiz Mehdiyev haqqında başqa bilgilərlə məlumatlandıracam”.
 
Rüfət Səfərov isə  “Amerikanın səsi”nə müsahibəsində dünəndən  aclığa başladığını bildirib.
 
“İnid özümü çox pis hiss edirəm. Hərarətim və təzyiqim yüksəkdir”, - o qeyd edib.
 
O bildirib ki, baş prokurora istefa ərizəsi ilə müraciət edib: “Ərizəmdə iki başlıca amilə üstünlük verdim. Birinci, ümumi şəkildə fikrimi izah etdim ki, ölkədə tüğyan edən kütləvi  hüquqsuzluq. Bu, mənim üçün qərar verməkdə başlıca rol oynadı. İkinci, köməkçi və hərəkətverici qüvvə isə son zamanlar atama qarşı edilən haqsız hücumlar, təhqirlər, alçaldıcı müdaxilələr, çox pis söyüşlərlə alçaldılması və başqa hərəkətlər məni  belə qərara gəlməyə məcbur etdi”.
 
O, hazırda Zərdabda olduğunu deyib: “Baxmayaraq ki, fiziki durumum yerində deyil, amma Həsən bəy Zərdabinin vətənində mənəvi cəhətdən özümü çox xoşbəxt hiss edirəm”.
 
R.Səfərov dünən saat 23:00-dan aclığa başladığını bildirib: “Dünən Baş Prokurorluğun ayrı-ayrı idarələrinin 3 əməkdaşı xidməti kabinetimə daxil oldu. Mənə cənab baş prokurorun əmrini elan etdilər. Əmrdə təxminən belə yazılmışdı ki, mənim tərzim prokurorluq orqanlarında fəaliyyət göstərən müstəntiq və prokuror hərəkətləri ilə üst-üstə düşmür. Müəyyən mənada belə desək, mən prokurorluğa ləkəyəm”.
 
R.Səfərovun sözlərinə görə, şəxsi komputerini götürüblər, mobil telefonundakı zənglər və SMS-lərə baxış keçiriblər. “Mən axtarış üçün rəsmi sənəd, məhkəmə qərarı tələb etdim. Hər hansı sənəd təqdim edilmədi. Əksinə dedilər ki, rəhbərlik belə göstəriş verib”, - o bildirib.
 
Onun sözlərinə görə, kirayədə yaşadığı mənzildə axtarış aparıblar. “Otaqlara baxdılar. Hətta yataq otağımda axtarış apardılar, döşəkləri qaldırdılar. Heç nə tapılmadı, getdilər”, - o qeyd edib.  
 
R.Səfərov bu hadisələrdən sonra sakit formada, aclıq etməklə etirazını bildirir: “Cənab baş prokurora 3-4 sualdan ibarət müraciət yazacam. O sualal cavabdan asılı olaraq ölüm aclığına başlayıb-başlamayacağım barədə qərara verəcəm”.
 
Keçmiş müstəntiq barəsində cinayət işinin başlayıb-başlanmayacağını bilmir: “Buna hazıram. Nə başlayacaqlar mənim üçün maraqlı deyil”. 
 
O, ölkə prezidentinin onun müraciətinə reaksiya verəcəyinə inanır. “Cəmiyyətə isə təşəkkür edirəm. Heç inana bilməzdim ki, bu səviyyədə mənə dəstək versinlər, vallah”, - R.Səfərov qeyd edib.
 
Öz növbəsində Baş Prokurorluğun mətbuat xidməti  bildirib ki, Zərdab Rayon Prokurorluğunun müstəntiqi Rüfət Səfərov “Prokurorluq haqqında” qanunun 34-cü və “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi”nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq  prokurorluq orqanlarında prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə prokurorluq orqanlarından xaric edilib.
 
“İcra və əmək intizamının, eləcə də prokurorluq əməkdaşlarına qarşı tələbkarlığın vəziyyətinin aşağı səviyyədə olması ilə əlaqədar hazırda Baş Prokurorluğun müvafiq komissiyası tərəfindən Zərdab Rayon Prokurorluğunun fəaliyyəti kompleks şəklində yoxlanılır”, - mətbuat xidməti qeyd edib.

Google+ WhatsApp ok.ru