Səhiyyəmiz xroniki xəstəliyə tutulub

Məhəmməd Talıblı: “Hansı səhiyyə xərclərində daha çox korrupsiya varsa, həmin layihələr həyata keçirilir”

Prezident İlham Əliyevin 2007-ci ildən başlayaraq Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı sərəncamları olub. Sərəncamlar Tibbi Yardım Xidmətinin maddi-texniki bazasının gücləndirilməsi, yeni müasir tibbi avadanlıq kompleksləri ilə təchiz olunmuş təcili tibbi yardım avtomobilləri, etibarlı rabitə-dispetçer sistemi, dərman vasitələri ilə təmin edilməsinin həyata keçirilməsi məqsədi daşıyırdı. Bu sərəncamdan sonra Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinə 2007-ci ildə 12 milyon, 2008-ci ildə 6 milyon, 2009-cu ildə 3 milyon, 2010-cu ildə 7 milyon manat vəsait ayrılıb. Həmin vəsait hesabına 2007-ci ildə Almaniyadan 150  "Mercedes" markalı təcili tibbi yardım avtomobili, 2008-ci ildə 65 ədəd "Mercedes" markalı təcili tibbi yardım maşını, 2009-cu ildə 45 "ambulans" alınaraq təcili tibbi yardım xidmətlərinə paylanıb. 
 
Nazirlər Kabinetinin 2007-ci il qərarı ilə Bakı şəhərində əhaliyə təcili və təxirəsalınmaz tibbi yardım üzrə xidmətin keyfiyyətinin yaxşılaşdırılması, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının xüsusiləşdirilmiş nəqliyyat xidmətinin çevikliyinin artırılması büdcə vəsaiti hesabına həyata keçirilib. Yeni, müasir tibbi avadanlıq kompleksləri ilə təchiz olunmuş təcili tibbi yardım avtomobillərinin səmərəli istismarının təmin edilməsi haqqında qərar qəbul edilib. Qərara əsasən, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının avtobazası dövlət büdcəsinin mərkəzləşmiş xərclərinin "Səhiyyə" bölməsində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi üçün nəzərdə tutulmuş xərclər hesabına maliyyələşdirilir. Səhiyyə Nazirliyinin rəsmi saytına əsasən, respublikada səhiyyəyə ayrılan büdcə vəsaiti 2003-cü illə müqayisədə 11 dəfə artıb. 2014-cü il üçün isə 725 milyon vəsait nəzərdə tutulub. Bu 2013-cü illə müqayisədə 8%-dən çox artım deməkdir. 
 
"Səhiyyəyə ayrılan vəsaitlər bu gün səhiyyə ehtiyaclarını ödəmək iqtidarında deyil"
 
İqtisadçı ekspert Azər Mehtiyevin "Bizim Yol"a açıqlamasına görə, təcili tibbi yardım üçün texniki dəstəyin olması maddi baza olduğu halda mümkündür. Bir neçə il əvvəl dövlət başçısının bu sahədə fərmanları olub: "Bu fərmanlardan biri təcili tibbi yardım xidmətlərinin yaxşılaşdırılması, maddi texniki bazasının gücləndirilməsi ilə bağlı olub. Bu sahə üçün xeyli miqdarda vəsait ayrılmışdı. Xüsusi texnikanın alınması nəzərdə tutulmuşdu və Bakıya da gətirilmişdi. Təcili tibbi yardım daim maddi vəsaitin ayrılmasını və həmin maşınların nəzarətdə saxlanılmasını tələb edən bir sahədir. Hazırda bu maşınların saxlanılması və alınması üçün nə qədər vəsaitin ayrılması ilə bağlı bir araşdırmam yoxdur".
 
Ekspertin fikrincə, müvafiq qurumların bu sahədə araşdırmaları olmalıdır. Onlar əsaslandırılmış şəkildə Səhiyyə Nazirliyinə, Maliyyə Nazirliyinə müraciət etməlidirlər: "Təcili tibbi yardım xidmətinin zəruri keyfiyyətdə saxlanılması üçün nə qədər maliyyə vəsaitinə ehtiyac olduğu qurumlara bildirilməlidir. Bayaq qeyd etdiyim sərəncamlar da təcili tibbi yardımın maddi texniki bazasının yaxşılaşdırılması ilə yanaşı, həkimlərin maaşının artırılması istiqamətində idi. Lakin səhiyyəyə ayrılan vəsaitlər bu gün bu ehtiyacları ödəmək iqtidarında deyil. Bu sahəyə əlavə vəsaitin ayrılmasına və sistemə nəzarətin gücləndirilməsinə ehtiyac var".
 
"İlkin səhiyyə xidmətlərinin maliyyələşməsi ilə bağlı ciddi problemler var"
 
İqtisadçı ekspert Məhəmməd Talıblı da deyir ki, ilkin səhiyyə xidməti ilə bağlı xərclər çoxdur. Bunlar mütləq yerinə yetirilməlidir: "Ancaq bizim səhiyyə xərclərimizdə elə maddələr var ki, 10-cu dərəcəli olduğu halda 1-ci dərəcəli məsələ kimi qeyd olunub. Belə olan halda da daha çox xərclər həmin istiqamətə yönəldilir. Bu ondan xəbər verir ki, səhiyyə xərclərində ehtiyacların düzgün sıralanmasında problem var. Eyni zamanda hansı səhiyyə xərclərində daha çox korrupsiya varsa, həmin layihələr həyata keçirilir və maliyyələşdirilir. Hansı ki, orada ciddi kənara çıxmalar mümkün deyil, həmin səhiyyə xərci 10-cu olaraq qeyd olunur. Halbuki, ilkin səhiyyə xərcləri çox zəruridir".
 
Məhəmməd Talıblı da belə vəziyyətlə bir neçə dəfə rastlaşıb. Ekspert özünün yaşadığı Binəqədi rayonunda da bu kimi halların tez-tez olduğunu deyir. Onun sözlərinə görə, konkret olaraq Binəqədi rayonunda 4 çağırış ambulansı var: "Söhbət Biləcəridən başlayaraq,  Novxanıya qədər böyük bir ərazidən gedir. Belə vəziyyət yarandıqda ambulanslar həm tıxaca düşür, həm də hər hansı iki ciddi çağırış üst-üstə düşür. Artıq bu, xroniki hal alıb. Azərbaycanda səhiyyə xərcləri ildən-ilə artır. Təbii ki, səhiyyə xərclərinin payı büdcə xərclərində bir o qədər də yüksək deyil. Ölkəmizdə Səhiyyəyə ayrılan xərclər ölkənin ümumi daxili xərclərinin 1-1.2 faizini təşkil edir. Beynəlxalq təcrübəyə istinad etsək, səhiyyə xərcləri ümumi daxili məhsulun 3 və 3.2 faizi həcmindədirsə, qənaətbəxş hesab olunmur. Bu baxımdan Azərbaycanda səhiyyə xərcləri bu səviyyəyə çatmasa da, hər halda ilbəil artır. Bu artımların fonunda da səhiyyə xidmətlərinin həyata keçirilməsi, xüsusi ilə də ilkin səhiyyə xidmətlərinin maliyyələşməsi ilə bağlı ciddi problemler var".

Google+ WhatsApp ok.ru