Səfərbərlik xidmətinin məmuru rüşvətə görə tutuldu

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Füzuli rayon şöbəsində əməliyyat keçirilib. Əməliyyat zamanı daha bir vəzifəli şəxs korrupsiya faktına görə tutulub.
 
Əməliyyatı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları keçiriblər. Əməliyyat zamanı şöbənin rəis müavini Yasər İbrahimov saxlanılıb. 
 
Hazırda əməliyyat tədbirləri davam etdirilir. Prokurorluq hadisə ilə bağlı ətraflı məlumat yayacağını açıqlayıb. 
 
Məlumat üçün qeyd edək ki, son dəfə Bakıda daha bir məmur rüşvət üstündə tutulub. Bu hadisə noyabr ayında baş verib. Baş Prokurorluqdan Maide.az-a verilən məlumata görə, Tibbi Sosial Ekspert Komissiyasının vəzifəli şəxsinin qanunsuz əməlləri ifşa edilib. 
 
Bakı şəhər sakini, II qrup əlilin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 5 saylı Tibbi Sosial Ekspert Komissiyasının (TSEK) sədrinin qanunsuz əməlləri barədə şikayəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
 
Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində 2015-ci ilin iyun ayından 5 saylı TSEK-in sədri vəzifəsində işləyən Fəsad Mustafayev əlillik dərəcələrinin, müddəti və səbəbinin, şəxsin həyat fəaliyyətinin məhdudlaşması dərəcəsindən asılı olaraq I, II və III qrup əlilliyin təyin olunmasına və sair səlahiyyətlərə malik vəzifəli şəxs olmaqla xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar görmə qabiliyyətini itirmiş II qrup əlil olan Bakı şəhər sakininin əlillik dərəcəsinin təsdiq edilməsi üçün təkrar müayinənin və əlillik dərəcəsi üzrə təyinatın aparılmasına görə 2015-ci ilin noyabr ayında 1500 manat istəyib. Razılaşdırılmış 1200 manat pulu otağında alarkən cinayət başında yaxalanıb.
 
Fakta görə Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.

Google+ WhatsApp ok.ru