Sabah İntiqam Əliyevin kassasiya şikayətinə baxılacaq

Sabah Ali Məhkəmədə Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyevin kassasiya şikayətinə baxılacaq.
 
Bu barədə məlumatı yanvarın 25-də vəkil Fariz Namazlı verib.
 
Vəkilin sözlərinə görə, məhkəməyə hakim Gülzar Rzayeva sədirlik edəcək. Məhkəmə prosesinə İntiqam Əliyev qatılacaq.
 
İntiqam Əliyev 2014-cü il avqustun 8-də həbs olunub. O, Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2-ci (qanunsuz sahibkarlıq) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddələri ilə ittiham olunur. 2015-ci il aprelin 22-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əliyev 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
 
Bakı Apellyasiya Məhkəməsi 2015-ci il iyulun 21-də Əliyevin Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən şikayətini təmin etməyib.
 
Xatırladaq ki, İntiqam Əliyevin ilkin həbsindən 2015-ci ildə Avropa İnsan Haqları Məhkəməsinə şikayət edilib.
 
Şikayətdə həbs zamanı Avropa İnsan Hüquqları Konvensiyanın 3-cü maddəsinin (işgəncələrin qadağan olunması) və 5-ci maddəsinin (azadlıq və toxunulmazlıq hüququ) pozulduğu bildirilir. Bu şikayət üzrə kommunikasiya artıq başa çatıb.
 
“Amnesty International” təşkilatı İntiqam Əliyevi vicdan məhbusu elan edib. 

Google+ WhatsApp ok.ru