Saxta diplomlara görə məsuliyyəti kim daşıyır?

Müzəffər Baxışov: `Bu kimi məsələlər cinayət məsuliyyətinə səbəb olan əməllərdir`

Səhiyyə Nazirliyi sənədlərin araşdırılması zamanı bir sıra saxtakarlıq faktlarını aşkara çıxarıb. Nazirliyin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 2015-ci ildə sənədlərin araşdırılması prosesi zamanı 118 saxta diplom aşkar edilib.
 
Aşkarlanan diplomların əksəriyyətinin isə orta təhsilə aid olduğu bildirilib. Məlumatda deyilirÿki, ümumilikdə araşdırma nəticəsində, 118 saxta diplom aşkar olunaraq toplanmış materiallara hüquqi qiymət verilməsi üçün Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Idarəsinə göndərilib: “Bu istiqamətdə həmin qurumla müvafiq tədbirlər davam etdirilir”.
 
Məlumata görə, 2011-ci ildən başlayan tibb işçilərin sertifikasiyası ilə əlaqədar Səhiyyə Nazirliyi tərəfindən tibb peşəli şəxslərin sənədləri yoxlanaraq bir sıra saxta və ya hüquqi əsası olmayan təhsil müəssisələri tərəfindən verilmiş diplomlar aşkar olunub: “Səhiyyə Nazirliyinə daxil olan müraciətlərin baxılması zamanı sənədlərin yoxlanması üçün aidiyyəti olan tibb müəssisələrinə sorğu göndərilir. Sorğuların cavabı sənədin əsassız olduğunu təsdiqləyirsə, faktla bağlı bütün sənədlər Hüquq və Daxili Nəzarət şöbəsinə və oradanÿAzərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Idarəsinə göndərilir.
 
Bugünə qədər ölkənin təhsil sahəsində saxta diplomlarla bağlı məlumatlar verilərək bu sahədə qanun pozuntularının olduğu üzə çıxarılmışdı. Xatırlatsaq ki, səhiyyə sahəsi daha həssas və cəmiyyətin birbaşa sağlamlığıyla məşğul olan sahədir, bu zaman saxta diplomlu kadrların nə dərəcədə məsuliyyət daşıdığı bəlli olar.
 
Görəsən, belə faktlara görə məsuliyyəti kim daşıyır?! Saxta diplomu verən qurum, onu alan, yoxsa işəgötürən belə bir məsuliyyətin daşıyıcısıdır?
 
Hüquqşünas Müzəffər Baxışov "Azadlıq"a deyib ki, səhiyyə sahəsində müəyyən qisim istisna olmaqla, tibbi heyətin işləməsi üçün xüsusi bilik və savad tələb edilir. Onların həmin sahədə işləməsi üçün mütləq ali təhsil diplomunun vacib olduğunu diqqətə çatdıran Müzəffər bəy, əks təqdirdə, saxta diplomlara görə qanunvericilikdə məsuliyyət nəzərdə tutulduğunu söyləyir: “Cinayət Məcəlləsinin 320.1-ci maddəsinə görə hüquq verən, vəzifədən azad edən, vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədilə saxtalaşdıran və ya qanunsuz hazırlayan, sənədi satan və s. məsələlər cinayət məsuliyyətinə səbəb olan əməllərdir. Həmin maddəyə görə müvafiq cərimə, iki ilədək müddətdə islah işləri və ya iki ilədək müddətdə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Həmin maddədə göstərilən bilə-bilə saxta sənəddən istifadə etmək isə 200 manatdan 500 manatadək cərimə və ya 240 saatdan 300 saatadək ictimai işlər, bir ilədək islah işləri və ya eyni müddətə azadlıqdan məhrumetməylə cəzalandırılır. Belə çıxır ki, səhiyyə işçiləri həqiqətən bu sahədə işləmək üçün təhsilə malik olmalı və təhsili bitirmək barədə sənəd təqdim etməlidir. Lakin məlumatdan belə çıxır ki, saxta sənədlərdən istifadə etməklə bu şəxslər Cinayət Məcəlləsinin müvafiq maddəsinə görə cinayət əməli törədiblər. Qanuna görə də onların cinayət məsuliyyətinə cəlb edilməsi təmin edilməlidir və hüquq-mühafizə orqanlarına məlumat verilməlidir”.

Google+ WhatsApp ok.ru